Cəmiyyət

Ya Zelenski şanssızdır, ya da Ukrayna xalqı - FOTO

28 Jun 2026, 05:00 1 baxış
Ya Zelenski şanssızdır, ya da Ukrayna xalqı - FOTO
- Çox inadcıl risk etdiniz. Bilmirəm. Dəyərdimi buna?.. Heç olmasa çəkdiyiniz kadrlar buna dəyər yəqin... Ən azı yaddaşa köçürdüynüz kadrlar Ukrayna üçün gələcək arxivdir... Çünki buraya nəinki ukraynalı jurnalistlər, heç əksər xarici jurnalistlər də gəlmir - deyə öndə, sürücünün yanında əyləşən ukraynalı zabit avtomobilin sürətlə Baxmutu tərk etməsinə baxmayaraq deyinməyindən qalmırdı... - Əgər Ukraynada qalıb işləyirəmsə, Baxmut kimi yerlərə gəlməsəm, yarımçıq olar. Bu, mənim işimdir - deyə onu susdurmağa çalışdım. Çünki səhər tezdən Baxmuta girənə qədər və ondan sonra ancaq deyinirdi. Məndən çox özündən qorxurdu, çünki ən yaxşı halda mənə bir şey olsa, o özü sağ qalsa, məsuliyyət onun üzərində idi. Axı müşayiət edən hərbçi kimi məsuliyyət daşıyırdı.
2023-cü ilin həmin günü - fevralın 3-də Donetsk vilayətində Baxmut şəhərinin demək olar ki, yarısını tutan Rusiya ordusu sürətlə irəliləyirdi. Şəhər alt-üst olmuşdu. Küçələrdə meyitlər düzülürdü. Bilmək olmurdu hərbçidir, yoxsa mülki şəxs... Kramatorska çatıb həmyerlilərimə məxsus kafedə elə bu ukraynalı hərbçilərlə əyləşdik. Daha doğrusu mən dəvət etdim. Həm sürücünü, həm də onu... Adı Yuri idi. Səhər tezdən saat 3-ə qədər Baxmutda həm şaxta, həm də stres altında olmağımıza rəğmən dəhşət ac idik. Azərbaycan mətbəxindən yaxşıca yeyib, üstündən məxməri çay içdik. Özünə gələndən sonra Yuri özlərinə məxsus tərzdə üzünü mənə tutub davam etdi: - Sənin əziyyətin üçün deyirəm mən... Bu qədər riskə gedirsən, Ukraynada olanları Baxmuta qədər çəkirsən... İstəyərəm ki, əziyyətin bizim ölkədə dəyərli olsun. Mən düşünürəm ki, sizin yerlərdə, ümumiyyətlə keçmiş sovet ölkələrində bizimlə bağlı indi baş verənlərdən daha çox məlumatlı olsunlar. Bunu keçmiş tarix müəllimi kimi deyirəm, Mübariz.. - Yuri, narahat olma. Mənim işimin dəyəri tamaşaçılarımdır. Dediyinizi heç fikirləşmirəm də... - deyə ona elə öz tərzində cavab verdim.
Səhəri gün Kiyevə çatdım. Ənənəvi olaraq cəbhə bölgəsinə belə məzuniyyətlərin ardınca iki gün yatıb dincəlirdim. Ən azı dərin stresdən rahatlanmaq üçün.. Amma ertəsi gün Ukrayna Prezident Ofisindən İrina məni mətbuat konfransına dəvət etdi. İrina burada mətbuat idarəsinin rəisidir. Bu ofisdə yeganə insandır ki, bəlkə də Şərq və ya Qərb fərqi qoymadan bütün ölkələrin auditoriyaları ilə işləməkdə maraqlıdır. Ən azı bunu sonralar anladım... Lakin ondan başqa Volodimir Zelenskinin şəxsi mətbuat katibi, Sergey Nikiforov da var ki, prezidentilə daha çox o ünsiyyətdə olur. Çoxdandır Volodimir Zelenskiyə müsahibə üçün müraciət etmişdik. Bu dəfə də fürsətdən istifadə edib Nikiforova yaxınlaşıb daha çox xahiş etməyə başladım. Reaksiyası çox gözlənilməz oldu: - Bağışlayın, amma bizim nəinki Azərbaycana, sizin bölgəyə belə müsahibə üçün vaxtımız yoxdur - deyə sanki nöqtə qoyurmuş kimi sözünü bitirdi. - Anlamadım... - Anlamayacaq nə var ki?! Hazırda Ukraynanın prioriteti sizin ölkələr deyil - deyib uzaqlaşmaq istəyəndə yüngülcə qoluna toxunub saxladım: - Ukrayna xalqı adından çox əminliklə danışırsınız, ümid edirəm axıra qədər cavabdeh olarsınız - deyib uzaqlaşdım. Ərazidən addımlayıb çıxarkən, incik və bir az də əsəbi halda beynimdə iki gün əvvəl Baxmutdan çıxarkən Yurinin dedikləri canlandı...
Ondan sonra Sergeylə heç nə danışmadım... Həm də irəliləyən zamanlarda bir neçə xarici və yerli həmkarlardan Kiyevdə onunla bağlı yaxşı sözlər eşitməməyim də buna səbəb oldu. Ümumiyyətlə Zelenskinin nəinkli informasiya sahəsində, bir çox sahələrdə kadr siyasəti jurnalistlər tərəfindən çox ciddi qınaqla qarşılanırdı. Baxmayaraq ki, Zelenski, məsələn Sergeyə, çox etibar edir. 2025-ci ilin əvvəlində Zelenskinin Dmitri Litvin adlı yeni müşavir götürdüyünü və onun mətbuat sahəsinə nəzarət eməsi ilə bağlı xəbərlər yayıldı. Az sonra Litvin özünü jurnalistlərə də təqdim etdi. Dərhal girib internetdə onunla bağlı axtarış etdim. Xeyli qalmaqallı mövzular çıxdı. Əsəsən də onun 6-7 il əvvəl "Ukraynaya ordu lazım deyil" kimi açıqlamaları və yerli ictimaiyyətlə mübahisələri önə çıxır... Buna baxmayaraq ümid edirdim ki, Litvin informasiya sahəsində yeni kadrdırsa, deməli əvvəlkindən fərqlənər. Əks halda Zelenski nəyi dəyişir ki? Amma bir müddət sonra bir sıra müsəlman ölkələrində jurnalistlərin onunla mübahisəsi, ardınca Ukraynanı tərk etmə xəbərlərini eşitdim. O, heç mənə də ürəkaçan reaksiya vermədi. Baxmayaraq ki, Azərbaycanın enerjidən tutmuş humanitar sahələrə qədər Ukraynaya yardımlarını davam etdirir. Hansı ki, Sergeyin prirotet elan etdiyi Qərb ölkələrinin tam əksəriyyətin Ukraynadan əlini çəkib... Zelenskinin komandasında Ukrayna xalqına qarşı xəyanətkarlar üzə çıxır... Bunları düşünərək evə gəlirdim. 2026-cı ilin sərt qışı, yenə Ukraynanın işıqsız vaxtlarıdır. Yenicə xəbər yayılıb ki, Azərbaycan enerji avadanlıqlarından ibarət növbəti yük karvanını Ukraynaya göndərib. Evə çatanda sosial şəbəkədə Zelenskinin Azərbaycana təşəkkür bəyanatını gördüm. Acı bir gülümsəmək tutdu: - Ya bu şanssızdır, ya da Ukrayna xalqı şanssızdır - deyə köksümü ötürdüm ancaq... Mübariz Aslanov
Ya Zelenski şanssızdır, ya da Ukrayna xalqı - FOTO Ya Zelenski şanssızdır, ya da Ukrayna xalqı - FOTO Ya Zelenski şanssızdır, ya da Ukrayna xalqı - FOTO Ya Zelenski şanssızdır, ya da Ukrayna xalqı - FOTO Ya Zelenski şanssızdır, ya da Ukrayna xalqı - FOTO Ya Zelenski şanssızdır, ya da Ukrayna xalqı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər