Almaniyada rekord istilər qeydə alındı
Almaniyada müşahidə olunan ekstremal istilər fonunda ölkədə ən yüksək hava temperaturu qeydə alınıb.
Axar.az xəbər verir ki, ölkənin Meteorologiya Xidmətinin (DWD) məlumatına əsasən, Saarbrüken-Burbax meteoroloji stansiyasında havanın temperaturu 41,3 dərəcəyədək yüksəlib. Bu, ölkə üzrə indiyədək ölçülmüş ən yüksək göstəricidir. Bununla da 2019-cu il iyulun 25-də Şimali Reyn-Vestfaliya əyalətində qeydə alınmış 41,2 dərəcəlik əvvəlki rekord yenilənib.
Raynland-Pfalts əyalətinin Bad Kroyznax və Bavariyanın Kitsinqen şəhərlərində temperatur 40,7 dərəcəyə çatıb. Bu göstərici Bavariya üçün də yeni rekord hesab olunur.
Ölkədə bir neçə gündür davam edən isti hava dalğası ilə əlaqədar demək olar ki, bütün ərazilər üzrə ekstremal istilik xəbərdarlığı qüvvədədir. Havanın gecə saatlarında da əhəmiyyətli dərəcədə soyumaması istilik yükünü daha da artırır.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer də əhaliyə müraciət edərək, isti havanın uşaqlara, xəstələrə və yaşlılara mənfi təsir göstərdiyini nəzərə alaraq onlara xüsusi qayğı göstərməyə çağırıb.
Sinoptiklər isti hava şəraitinin həftəsonu da davam edəcəyini bildirirlər. Şənbə günü temperaturun 36-41, bəzi bölgələrdə isə 42 dərəcəyədək yüksələcəyi gözlənilir.