Cəmiyyət

108 yaşlı Azərbaycan Ordusunun qurucuları - VİDEO

26 Jun 2026, 17:44 1 baxış
108 yaşlı Azərbaycan Ordusunun qurucuları - VİDEO
26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Bu əlamətdar tarixin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-ci il iyunun 26-da qoyulub. Nazirlər Şurasının qərarı ilə ilk milli hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu təsdiq edilib. Bu qərar Şərq dünyasında ilk demokratik respublika olan Azərbaycanın öz nizami ordusunu qurması istiqamətində atılan ilk addım idi.

108 yaşlı ordumuzun formalaşmasında böyük əməyi olan generallarımızdan biri də Əliağa Şıxlinskidir. Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alışanovanın sözlərinə görə, Əliağa Şıxlınski rus artilleriyasının "allahı" hesab olunurdu. O, hərb elminə verdiyi töhfələrlə tarixdə xüsusi yer tutub. Onun hazırladığı "Şıxlinski üçbucağı" və Şıxlinski formulu zabitlərin yetişdirilməsində mühüm rol oynayıb. O bildirib ki, Ə.Şıxlinski yalnız hərbi nəzəriyyəçi deyil, həm də böyük ordu qurucusu olub. General ilk dəfə rus-türk dilində hərbi lüğət hazırlayıb və bu, sonradan müxtəlif dillərdə nəşr edilib. Gülnaz Alışanova qeyd edib ki, 1918-ci ildə Azərbaycanın müstəqilliyini eşidən Əliağa Şıxlinski Rusiyadan Vətənə qayıdaraq ordu quruculuğunda fəal iştirak edib və Səməd bəy Mehmandarovun müavini kimi çalışıb. Onun sözlərinə görə, Şıxlinskinin hərbə olan sevgisi və bu sahəyə marağı onun ailəsində də davam edib. Belə ki, qardaşı oğlanları Cavad bəy Şıxlinski general-mayor, Rüstəm bəy Şıxlinski isə polkovnik rütbəsinə qədər yüksələrək ordu quruculuğunda böyük xidmətlər göstəriblər. Gülnaz Alışanova vurğulayıb ki, ulu babalarımızdan miras qalan hərbi istedad və vətənpərvərlik ruhu bu gün də Azərbaycan gənclərində yaşayır.
Mənbə oxu.az

Oxşar Xəbərlər