Maraqlı
Kosmosun sərhədində yaranan gümüşü buludların sirri açıldı
Parlayan solğun-mavi zolaqlar şəklində qeyri-adi görünüşü ilə diqqət çəkən gümüşü buludlar atmosferin təxminən 80 kilometr hündürlüyündə - Yerin atmosferi ilə kosmosun sərhədində əmələ gəlir. Oxu.Az xəbər verir ki, bu barədə Rg.ru nəşri məlumat dərc edib. Məlumata görə, bu buludlar meteor tozunun ən xırda hissəciklərinə yapışan mikroskopik buz kristallarından ibarətdir. Gümüşü buludlar atmosferin yuxarı qatlarında, temperaturun bəzən -120°C-yədək düşdüyü ərazilərdə yaranır. Bu hadisə yay aylarında, yer səthindən isti havanın güclü axınlarla yuxarı qatlara çatması zamanı baş verir; qışda isə belə şərait yaranmır. Gümüşü buludların əsasını təşkil edən mikroskopik nəm hissəcikləri metandan əmələ gəlir. Bataqlıqlar, çəltik sahələri və zibil poliqonları tərəfindən ayrılan bu qaz atmosferin yuxarı qatlarına - on kilometrlərlə yüksəkliyə qalxır. Atmosferin seyrək və soyuq qatlarında Günəşin ultrabənövşəyi şüalarının təsiri ilə parçalanan metan su buxarını yaradır. Perm Politexnik Universitetinin astronomiya üzrə eksperti Yevgeni Burmistrov qeyd edir: "Gümüşü buludlar atmosferdəki metan səviyyəsinin göstəricisi hesab olunur". Qeyd edək ki, son 150 il ərzində atmosferdə metanın miqdarı artıb, buna görə də gümüşü buludlar daha tez-tez müşahidə olunur və daha parlaq işıq saçır. Maraqlıdır ki, metan Yer səthində istiliyi saxladığı üçün "istixana qazı" hesab olunsa da, yuxarı atmosferdə əks-təsir göstərir. O, istilik radiasiyasının kosmosa sürətlə çıxmasını asanlaşdıraraq havanı soyudur. Beləliklə, metan həm nəm və buz kristallarını təmin edir, həm də onların əmələ gəlməsi üçün zəruri olan soyuqluğu yaradır. Gümüşü buludlardakı buz kristalları insan saçından təxminən min dəfə nazik olduğu üçün günəş şüaları düşəndə "Reley" səpilməsi baş verir. Yəni mikrokristallar mavi və göy şüaları digərlərinə nisbətən daha çox sındırır və nəticədə buludlar xarakterik mavi-gümüşü çalar alır.
Mənbə
oxu.az