700 bal toplayan abituriyent: Həm telefonum olub, həm də...
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.
Burlaxatun Bəhruz qızı Məcidli hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticəni - 700 balı əldə edən abituriyentdir. O, imtahanın birinci mərhələsində 300 bal toplayıb.
Axar.az Azedu.az-a istinadən məlumatına görə, Burlaxatun bildirib ki, 700 bal həm əziyyətinin bəhrəsi, həm də bir qədər şansın nəticəsidir.
"700 bal toplamaq məni çox şərəfli hiss etdirir, çox sevincliyəm.
Açığı, imtahandan əvvəl həmişə düşünürdüm ki, 700 bal yığmaq bir az şansdır. Çünki açıq suallar həmişə şübhəli olur. Amma indi bu reallaşdı. Qapalı suallarımın hamısının düz olduğunu bilirdim, amma açıqların da tam düz olması, onlardan tam bal yığmaq… Yəni adamı həqiqətən təəccübləndirir.
Bu müjdəli xəbəri ilk olaraq anamla, atamla bölüşdüm. Əvvəlcə inanmırdım, sonra özüm yenidən baxdım. Kodu yazıb nəticəyə baxandan sonra inandım".
Burlaxatun bildirib ki, ADA universitetində memarlıq ixtisasına hazırlaşıb:
"Hazırlıq dövründə bütün fənlərdən repetitor yanında hazırlaşmışam. Amma cəmiyyətdəki o fikir ki, yüksək bal toplayan şagirdlərin telefonu belə olmur - bu, məncə, düzgün deyil. Çünki mənim həm sosial həyatım olub, həm də telefondan həmişə istifadə etmişəm.
700 bal toplamış bir abituriyent kimi digər yoldaşlarıma tövsiyəm odur ki, ancaq bala fokuslanmasınlar. Həm təhsillərinə üstünlük verməlidirlər, həm də öz sosial həyatlarını yaşamalıdırlar.
"Mən dərs oxuyum, ancaq dərs oxuyum" deyib hazırlaşmaq, məncə, düzgün deyil”.
Uğurumun sirrinə gəlincə… İnanırsınız, bilmirəm (gülür). Məncə, çox çalışmaq və özünə inanmaq vacibdir. Bu 700 bal həm əziyyətimin bəhrəsidir, həm də şansdır".