Cəmiyyət

Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı

24 Jun 2026, 19:54 2 baxış
Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı
Müasir dövrdə uğurun vacib şərtlərindən biri də effektiv ünsiyyət və özünü düzgün təqdimetmə bacarığıdır. Auditoriya qarşısında inamla çıxış etmək, fikirlərini aydın ifadə etmək və şəxsi brendi formalaşdırmaq həm peşəkar, həm də şəxsi inkişaf baxımından böyük əhəmiyyət daşıyır. Bu mövzuda Oxu.Az "StageLab" Natiqlik Bacarıqları Təliminin təsisçisi və təlimçisi Səyavuş Hüseynli ilə həmsöhbət olub. O, natiqlik sənətinin incəlikləri, şəxsi brendin formalaşdırılması, auditoriya ilə ünsiyyət və təlim proqramının digər kurslardan fərqləri barədə danışıb.
- "StageLab" natiqlik bacarığı təlimi nədir, məqsədi nələrdən ibarətdir? - Bu, bir inkişaf platformasıdır. Mənim televiziya və səhnə təcrübəmə əsaslanaraq yaratdığım bir təlim laboratoriyasıdır. Natiqlik və ya kommunikasiya bacarıqları üzrə bir təlim laboratoriyası. Uzun illər televiziya sahəsində çalışdığım üçün bu günə qədər 200-dən çox gənc ifaçı ilə işləmişəm. 20-dən çox televiziyada tanıdığınız çox məşhur aparıcılarla işləmişəm. İşlədikcə müəyyən bir təcrübə toplanıb. O təcrübə mənə imkan verir ki, tək televiziya və ya media sahəsində deyil, ümumiyyətlə, müxtəlif peşələrdə çalışan insanların "yeni natiq" versiyasını üzə çıxardım. Yəni əgər mən dünən gənc bir aparıcıya və ya gənc bir müxbirə özünü təqdim etməyi, formalaşmağı məhz bu sahə üzrə kömək edib yardım edə bilirəmsə, niyə də bunu başqa bir peşə sahibi üçün etməyim? Müəllimlər içərisində də var ki, natiqlik bacarığına sahib olaraq öz sahəsində seçilmək istəyir. Bir mühəndis öz layihəsini təqdim etmək istəyir, amma danışa bilmir. Çox vaxt elan edirəm ki, bu təlim adi bir dərs və ya bir kurs deyil. Nəyə görə? Bir çox bu növ kurslar daha çox insanın yaxşı danışmasına - yəni səlis nitqə köklənirlər. Bu çox gözəldir və çox lazımlıdır. Amma Dədə Qorqudun bir sözü var, deyir: "Əkib-becərmirsənsə, torpağı qorumağa dəyməz, qorumursansa, əkib-becərməyə dəyməz". Əgər sən ruh halını normal hala gətirə bilməyəcəksənsə, yəni qorxularına, həyəcanına sahib dura bilməyəcəksənsə, sənin səlis nitqə sahib olmağının heç bir effekti olmayacaq. Natiqlik üç şeyin üzərində qurulub: ruh halı, fiziki göstəricilər - buna daha çox texniki göstəricilər deyirlər, yəni parazit səslər, parazit sözlər, ondan sonra bədən dili və sair. Bütün bunlar hamısı ayrıca bir hissədir, bir bacarıqdır. Üçüncü hissə isə çatdırılmadır. Yəni istənilən mövzunu hekayələşdirib çatdırmaq, strukturlu ötürmək daha ifadəli, maraqlı və yaddaqalan alınır; nəinki haradan gəldi danışmaq. Istər ikinci hissə (yəni texniki hissə), istər üçüncü hissə (yəni çatdırılma) - bunlar hamısı ruh halına bağlıdır. Adam var deyir ki, çıxıb səhnəyə, sözü yadından çıxıb, danışa bilmir. Adam var deyir ki, yad baxışlar onu çox narahat edir. Həyəcan basır və nə deyəcəyini unudur, əli əsir, ürəyi həddən artıq sürətlə döyünür və yaxud da təngnəfəs olur. Bütün bunlar hamısı bu ruh halının, yəni psixoloji halın düzgün vəziyyətə gəlib, düzgün dalğaya qoşulmasına qədərdir. Yəni əgər aparıcının səhnədə əhvalı pisdirsə, ya mən onu acılamışamsa, və yaxud da evdə kimsə ona acılayıbsa, yaxud da gələn qonaq onun xətrinə dəyən bir şey deyəcəksə, o çıxıb səhnədə ulduz kimi parlamayacaq. Siz onun işığını söndürəcəksiniz. Amma şəxs üçün onun ruh halı qəşəng olmalıdır, əhvalı qəşəng olmalıdır. Siz baxın, daha çox aparıcılar özlərini necə şən, şux çatdırmağa çalışır. Mən deyim ki, hər gün onların əhvalı yaxşıdır? Yox. Amma müəyyən peşə vərdişləri var ki, sən sanki ora girdin, obrazın dəyişir. Sən səhnədə əgər təlimçisənsə, təlimçi obrazında olmalısan; aparıcısansa, aparıcı obrazında olmalısan. Bu obraz sənə imkan verməlidir ki, sən qorxularına və həyəcanına qarşı münasibətini dəyişəsən. Əslində, qorxu nə vaxt yaranır? O vaxt ki, yad adam və mərkəz. Bax bu iki məsələ - yad adamın baxışı və mərkəzdə olmaq, hansı ki, ibtidai insanlardan bu günə qədər bizə gəlib çıxıb, koddur da. O bizdə müdafiə enerjisi yaradır. Qorxuruq. Amma əslində, biz o enerjini idarə edə bilsək, orada qorxulu bir şey yoxdur. Biz onu yox edə bilmərik, bu mümkün deyil; onun üçün gərək insan ölsün, başqa variantı yoxdur. Amma biz onu idarə edə bilərik, biz onun bizə olan təsirini azalda bilərik - əgər ruh halımızı düzgün kodlaşdırsaq. "StageLab" məhz buradan başlayır. Fərqi də kurslardan və ya təlimlərdən budur. Məqsədimiz orada sırf səlis nitq sahibini yetişdirmək deyil. Natiqlik bacarığı ümumiyyətlə özündə bir çox şeyləri ehtiva edir. Misal üçün, ilhamlandırma - təlimçi ilhamlandırmalıdır, əyləndirməlidir, məlumatlandırmalıdır, fayda verməlidir. Siseronun - bizim eramızdan əvvəl yaşamış romalı bir natiqin dediyi qəşəng bir söz var. Deyir ki: "Yaxşı natiq səhnədə filosof kimi düşünməli, şair kimi ifadəli olmalı, aktyor kimi təqdim etməli". Bax, "StageLab" bu üç hissənin əsasında qurulub. Natiqlik və kommunikasiyaya qarşı münasibət bunun əsasında qurulub.
- Bəs ümumiyyətlə, natiqlik özü niyə vacibdir bizim üçün? - İnsan özünü ifadə etmək istəyir axı. Biz istəyirik ki, məclisdə danışanda kimsə bizi eşitsin. Biz istəyirik ki, hansısa bir təqdimat vaxtı "bunu mən hazırlamışamsa, mən də təqdim edim" deyək. Bizim "StageLab" layihəsinə, təlimlərə qoşulanların çoxu bilirsiniz nə deyir? Deyirlər ki, misal üçün, cavan oğlandır, hansısa bir İT sahəsində bir ideyası var, və yaxud da hansısa sahədə mühəndisdir, onun da bir ideyası var. Təqdim etmək istəyir, danışa bilmir. Çıxmalıdır auditoriya qabağına - üç nəfərin, beş nəfərin, on nəfərin, fərqi yoxdur, hətta bir nəfərin belə qabağına çıxıb onu təqdim edəndə. Əgər sən qorxularına, həyəcanına hakim deyilsənsə, sən bunu edə bilməyəcəksən. Sən yaxşı deyə biləcəyin hər şeyi unudacaqsan və nəticədə elə təqdim edəcəksən ki, o uğur qazanmaya bilər. Siz çox yaxşı aşpaz ola bilərsiniz, amma siz süfrəyə onu necə verməyi bilmirsinizsə, uğurlu ola bilməyəcəksiniz. Bundan başqa, düzdür, bu komanda işidir - ofisiantı var, idarə edəni var. Amma bütün hallarda aşpaz deyir ki, düyü ilə qaranı bir yerdə verin, və yaxud da düyünü verin, sonra qaranı verin. Yaxud da ki, salatı verin, düyü ilə salatı verməyin. Belə bir şey olsa, siz deyəcəksiniz ki, plov gəlib, plovun düyüsü gəlib, amma qarası yoxdur. Bu, düzgün təqdimat deyil. Hər adamın içində bir versiyası var ki, onu göstərmək istəyir. Çünki evdə adam fikirləşir axı: "Mən belə danışardım, mən bunu belə göstərərdim". Amma biz onu çox vaxt gizlədirik. Ramiz Rövşənin sözü var e, deyir: "Bağlandım qapı kimi". Böyüdükcə biz o qapıları bağlayırıq. Nə qədər ki uşağıq, bu şeylərə çox açığıq. Çox rahat danışırıq, özümüzü ifadə edirik. Amma böyüdükcə "o mənə belə baxır, bu mənə belə deyər" deyə düşünürük. Komplekslər qapı kimi başlayır bizi bağlamağa və nəticədə altdan yatan o uşağı itiririk. Onun güvənini itiririk, onun dünyaya, insanlara açıq olduğunu itiririk. Bax çalışırıq ki, bunu tapaq. Freyd deyir ki, insan uşaqlığının travmalarının nəticəsidir. Sual verirlər ki, insanı dəyişmək olar? Deyir: "Yox". O uşaqlıqda nə travma alıbsa, bu onun nəticəsidir. Sonra onunla 14 il işləyən şagirdi olub - Adler. 14 ildən sonra o deyir ki, mən sizdən razı deyiləm. Onun da bir sözü var, deyir ki: "Bəli, insan keçmişini dəyişə bilməz. Amma insan gələcəyi dəyişə bilər - o halda ki, qabağına məqsəd qoyasan". Əgər insan qabağına məqsəd qoyursa ki, mən bunu təqdim etməliyəm və bunun "niyə"sini tapırsa, ondan sonra hər şeyə nail ola bilər, rahat şəkildə. - Bayaq qeyd etdiniz ki, təlimlərinizdə müəllimlər də iştirak edirlər. Belə başa düşdüm ki, təlimlərin aspektləri genişdir, hər sahəni əhatə edir. - Bəli, kouç da, psixoloq da, mühəndis də, müəllim də, gənc memar da gəlir. Bunların hamısının işi təqdimatdır, yəni bunların "niyə"si təqdimatdır. Təqdimatın yolu natiqlik bacarıqlarından keçir. Əgər sən hansısa bir şeyi təqdim etmək istəyirsənsə, sən insanlara müraciət etməyi, təsir etməyi, ünsiyyət qurmağı, onların diqqətini cəlb etməyin yolunu öyrənməlisən. Bu halda sən istədiyini uğurlu şəkildə təqdim edə bilərsən. Ən azından dostların arasında yaxşı söz deyəcəksən.
- Təlimlər nəticəsində bu dediyimiz qorxuları aradan qaldırmaq mümkün olurmu? Qorxuları aradan qaldırmaq üçün hansı yollardan istifadə edirsiniz? - İyunun 22-si bizim birinci təlimimiz oldu. Mən dedim ki, həyəcan və yaxud da qorxu o qədər vacib şeydir ki biz ona bir yox, bir neçə dərs sərf edəcəyik. Digər dərslərdə də yavaş-yavaş ona qayıdacağıq. Qorxuların aradan götürülməsinin ən vacib nöqtəsi: baxın, kitab oxumaqla qorxunu aradan götürə bilməyəcəksiniz. Videolara baxmaqla qorxunu aradan götürə bilməyəcəksiniz. Motivasiya yolları da sizin qorxunuzu aradan götürməyəcək: "Sən güclüsən, sən möhkəm ol, səndə alınacaq". Bunlar hamısı boş-boş şeylərdir. Bunun yeganə bir yolu var - təcrübə. Sən çıxmalısan səhnəyə, o beş-on nəfərin qabağında danışmalısan. Özünü təqdim etməlisən. Hansısa bir əşyanı götürün, bunun hekayəsini qurun. Öz həyatınızla bu əşyanı bağlayın, gəlin indi danışın. Siz səhnəyə çıxıb danışmalısınız. Siz o yad baxışları, mərkəz nöqtədə dayanmağı hiss etməlisiniz. Deyirəm, istəyirsiniz insanların baxışları sizi qorxutmasın? Götürün telefonu, çıxın şəhərə - adamların çox olan yerinə. Özüm də göstərmişəm. Hər hansı bir mövzunu götürün. Misal üçün, "Bu gün hava əladır", və yaxud "Bu gün hava küləklidir, küləyi heç sevmirəm, saçım qalxır, nifrət edirəm küləyə. Hətta bir dəfə aldığım maaş var idi, belə sevinə-sevinə gəlirdim ki, ay camaat, mən maaş almışam, külək vurdu, əlimdən apardı. Həmin günü o qədər ağlamışam ki... Gəldim evə, evdə mənə dedilər ki, narahat olma, al bu pulu, elə bil ki, bu gün almısan". Görürsünüz, mən yerindəcə belə bir hekayə qurdum. Çıxın beləcə telefonla danışın. Mən əvvəl-əvvəl danışıram, baxıram görürəm adamlar keçir, mənə baxırlar. Bunlar başlayır mənə təsir etməyə. Bir dəfə, iki dəfə, üç dəfə... Dördüncü dəfə mən baxdım ki, yarım saatdır telefonla danışıram və yanımdan o qədər adamlar keçib ki, hətta məni keçib kameraya da boylanıb əl edənlər olub, mən onu görməmişəm. Niyə? Çünki artıq mövzuya fokuslandım, kameraya fokuslandım. Kameranı məni dinləyən insan kimi qəbul etdim. Onun xofunu yox etdim. Bax, biz səhərdən sizlə söhbət edirik də, danışırıq. İçəri girəndə, başlıqda necə idi? Siz fikir versəniz, mənim səsimin tonunda bir az titrəyiş var idi, bir az həyəcan var idi. Mən sizi tanımıram axı. Bilmirəm siz mənə nə sual verəcəksiniz, mən nədən danışacağam. Amma yavaş-yavaş danışdıqca, sizlə göz kontaktı qurduqca, sizin üzünüzün ifadəsini gördükcə, mənimlə razılaşdığınızı hiss etdikcə ürəyim yavaş-yavaş sakitləşməyə başlayır. Ürəyim rahat döyünür, nəfəsimi rahat alıram. Mən sizin yanınızda artıq rahatam. Özüm Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Bizim bütün günümüz məşq və müşahidə ilə keçirdi. Hər gün "çıx çöldə gördüyünü gəl səhnədə göstər" deyirdilər. İki itin bir-birinə hürməsi, iki pişiyin bir-birini cırmaqlaması, iki sərxoşun bir butulka üstündə qırğın etməsi, və yaxud da ki bir oğlanla qızın mübahisəsi, yaxud bir ananın övladına olan şirin, isti münasibəti... Nəyi gördünüz, gəlin göstərin. Gördüm - göstərdim. Evdə olanda televizora baxırdım, nə görürdümsə, hamı evdən gedəndən sonra (mən dərsdən tez gəlirdim, evdəkilər işdə-dərsdə olurdular) dururdum güzgünün qabağında, dünən nə görmüşəmsə, hamısını oynayırdım. Bu, sənə təcrübə yığır. Sən özün özünlə başlayırsan yoldaşlaşmağa. Üstəgəl, özün özünü sevməyə başlayırsan. Bu, ulduzluğa aparıb çıxartmasın; bəzən aşırı dərəcədə aparıcılar özlərini sevəndə, onda biz deyirik ki, "ulduzluğu tutub". Özünü sevmək, özünə dəyər vermək, qiymətləndirmək çox gözəldir. Biz söhbət edəndə qorxular həm də haradan gəlir? Baxın, mən səhərdən danışıram, fikrim sizdədir. Fikrimi sizə çatdıra bilirəmmi? Amma mənim səhərdən fikrim olsaydı ki: "Mən necə görünürəm? Yoldaş məni qıraqdan çəkir, görəsən necə düşürəm? Bu tərəfdən yaxşı düşürəm, o tərəfdən yaxşı düşürəm? Görəsən yaxşı danışıram? Görəsən mənə necə baxırlar?"... Özüm haqqında ancaq belə eqoist kimi düşünəndə, onda fikrimi ifadə edə bilməyəcəyəm.
- Çətinlik yaranacaq... - Bəli. Nəticədə nə mən sizə fikrimi ifadə edə biləcəyəm, nə siz məni özünü ifadə edən bir şəxs kimi qəbul edəcəksiniz. Ona görə də mənim fikrim daha çox qarşıdakında olmalıdır. Bütün bunları öyrətməkdən ötrü təlimdə bir dərs bəs etmir, beş dərs bəs etmir. Ona görə on dərslik bir yola başlayırıq. Hər təlim bir mövzunu əhatə etsə də, eyni zamanda onun müəyyən bir hissəsi bundan qabaqkı mövzunun təkrarıdır. Sən daim səhnədə olmalısan. Sən daim şeir deməlisən, hekayə deməlisən, rol oynamalısan, hansısa mətni dörd-beş emosiya ilə çatdırmalısan. Bəzən mətn yazmışam, mətndə deyilir ki: "Əzizim, nə yaxşı bu günləri tez gəldin". Deyirəm, indi bunu qəzəbli de. Deyir: "Necə deyim?". Deyirəm, uşaq olub evdə qışqırmısan? Qardaşın olub, qışqır da! Adam var ki, belə pıçıltı ilə danışır, səsini eşitmirik; deyirəm, bir az möhkəmdən danış. Amma evdə olanda qışqırır: "Aytən! Bura gəl!". Deyirəm, hanı o səs? Ver o səsi mənə. Səs nə qədər rəngarəngdirsə (demirəm indi səhnədə belə qışqırmaq lazımdır), amma səs tonu, melodiyası bir o qədər insanın qulağına yatımlıdır, nəinki monotonluq. Pıçıltı da bir şey deyil, möhkəmdən danışa-danışa da adamın beynini aparır. Ortanı tutmaq lazımdır.
- Səs tonu ilə bədən dili bir-birini tamamlamalıdır? - Mütləq aktyorun oynadığı obrazın bədən dili ilə onun obrazının düşüncələri üst-üstə düşməlidir. Aktyor sənətində belə bir şey var da - Stanislavski məktəbi. Hansı ki, aktyor sənətinin əsasları haqqında kitab yazıb. Onun dediklərində də budur: sən obrazın daxili dünyasını tapırsan, sonra xarici dünyası haqqında düşünə bilərsən. Sən onun düşüncələrini; həyata, qadına, çiçəyə, itə, təbiətə, yeməyə olan münasibətlərini tapa bilməsən, sən onun nə geyindiyini, saçını nə cür düzəltdiyini, qaşını-gözünü necə etdiyini tapa bilməyəcəksən. Bir də var ikinci məktəb, hansı ki, mən Pantomima Teatrında uzun müddət işləmişəm və oranın ilk aktyorlarından biriyəm. Bəxtiyar Xanizadənin rəhbərlik etdiyi teatrda isə bir az fərqli yanaşmadır. Orada sən əvvəl xarici əlaməti tapırsan, sonra daxilini tapırsan. Yəni mən saçımı qəribə bir formada düzəldirəm, gətirirəm salıram bura, yaxamı açıram, buraları cırıq-cırıq edirəm. İndi deyirəm: "Tap, belə adam necə danışar? Belə adam necə gülər? Belə adam necə ağlayar, nəyə kədərlənər? Bunun davranışı necə olar?". Bu, iki məktəbdir: daxildən xaricə və xaricdən daxilə. Ona görə, öyrəndiyim iş təcrübəsi, təhsil təcrübəsi mənə imkan verir ki, belə bir platformanı yaradım, insanlara kömək edim, özlərini ifadə edə bilsinlər. Çünki keçdiyim məktəb - istər xaricdən daxilə, istər daxildən xaricə (Stanislavski məktəbi) - hər ikisini vaxtında keçmişəm və orada bir incə nüans var. Mən hər iki məktəbi keçdiyim üçün hər şeyin təbii və səmimi olmasına xüsusi önəm verirəm. Bəzən olur ki, xaricdən daxilə keçəndə sən "artistlik" edəsən, yəni yalançı artistizm yaransın, bu isə səndə təbii olmaya bilər. Görünüşün maraqlı ola bilər, amma davranışın, baxışların onu verməz. Ona görə də bizim bəxtimiz gətirdi ki, həm sənət müəllimim Nəsir Sadıqzadə, həm də Bəxtiyar Xanizadə hər ikisi ayrı-ayrı məktəbin nümayəndələri idilər. Amma hər ikisinin təhsilini sintez edəndə - bunu sonralar başa düşdüm, əvvəllər başa düşmürdüm - həyat və təcrübəm artdıqca anladım ki, bu ikisini sintez edəndə onda "StageLab" yaranır. Onda belə bir platforma yaranır ki, sən insanlara özlərini ifadə etmək üçün daxili güc və inam tapmağa imkan verirsən.
- Yəqin ki, siz də müşahidə etmisiniz. Son zamanlar valideynlərin çoxu övladlarını loqoped yanına aparırlar. Nitqdə problemlər var. Bunun yaranma səbəb nədir? - Son zamanlar, fikir vermisinizsə, şəbəkələşmə yayılıb. İnsanlar daha çox istəyirlər ki, bir yerdə söhbət etsinlər, səhər süfrəsinə getsinlər. Ola bilər ki, orada nəsə böyük bir şey öyrənməyəcəklər, amma insanların ünsiyyətə ehtiyacı var. Uşaq vaxtı qonum-qonşunu tanıyırdın, qonşunun uşağını, məktəbi və sair. İndi özünə qapanmaq, telefona qapanmaq sizi danışıq vərdişlərindən uzaqlaşdırır. Sizi kommunikasiya vərdişlərindən uzaqlaşdırır. Nəticədə, ona görə bu gün natiqlik və ünsiyyət bacarıqları təlimlərinin sayı göbələk kimi artır. Siz bir dənə natiqlik təlimi, kursu axtarsanız, görün nə qədər variantlar çıxacaq. 15-20 il bundan qabaq bu belə deyildi, indi daha çoxdur. Nəyə görə? İnsanlar o dərəcədə özünə qapanır ki, danışmırlar. Bir dənə bir şey deyim sizə: beyin düşünür, beyin əkir, ağız dünyaya gətirir. Sözlər uşaqlardır. Əgər biz düşüncəmizi sözə çevirə bilmiriksə, yəni səsləndirə bilmiriksə, düşüncə ilə ağız arasındakı körpü qırılır. Siz 100 dənə şey düşünə bilərsiniz, amma onu ifadə edə bilməyəcəksiniz, əgər əvvəllər danışmayıbsınızsa, fikirlərinizi ifadə etməyibsinizsə. Sözünüzü dostunuza, yoldaşınıza, qardaşınıza deməyibsinizsə, yaxud ən azından mənim kimi güzgünün qabağında dayanıb saatlarla danışmayıbsınızsa, o, düşüncə olaraq qalır. Və nəticədə balaca bir çətin situasiya olan kimi siz düşüncələrinizi sözə çevirə bilmirsiniz, donursunuz. O gün bir tapşırıq vermişəm, deyirəm ki, bir mövzu götür, 60 saniyə düşün. Düşündün, anladın? İndi mövzunu yoldaşına danış. Yoldaşına da deyirəm ki, o sənə danışdıqca sənin 5 dəfə "Yenidən başla!" demək hüququn var. Məsələn, mən danışıram ki: "Bu gün hava küləkli idi, mən məvacib almışdım...", sən mənə deyirsən: "Yenidən başla!". Mən məcburam: "Bu gün hava küləkli idi, mən məvacib almışdım...", yenə deyirsən: "Yenidən başla!". Təkrar-təkrar siz məni məcbur edirsiniz ki, əvvələ qayıdım. Həmin anda ya mən donuram (o qədər təcrübəm yoxdur), və yaxud da ki fikirlərim çaşır, yaxud da üçüncü-dördüncü dəfədə mən daha yaxşı başlamağa məcbur oluram. Bu tapşırıq bizə imkan verir ki, səhnədə, çıxış zamanı o qəfil donma halı yarananda beynimiz stimullaşsın. Beyni məcbur edirik ki, düşünsün və yenidən başlamanın qorxulu bir şey, bir faciə olmadığını qəbul etsin. Misal üçün, biz danışırıq, söhbət edirik. İndi buradan qəfil bir vaza düşdü, sındı. Mənim fikrim dağıla bilər, "Mən nədən danışırdım? Nəyi deyəcəkdim?" deyə unuda bilərəm. Amma beyni stimullaşdırdıqca, mən situasiyanı çox rahat idarə edirəm: vaza düşdü, faktı qəbul etdim. Siz də bildiniz, mən də bildim, indi isə davam edirəm. Bu səviyyəyə gəlməkdən ötrü bu cür çalışmaları keçmək lazımdır. İnsanlarda "unutqanlıq" çox olur - söhbət əsnasında diqqət kənara dağılan kimi fikrini unudur, yaddan çıxarır. Amma sən 5 dəfə mənə "yenidən başla", "təzədən başla" deyirsən, mən yenə də davam edə bilirəm. "Yenidən başla" demək, həm də sizin çıxışınızı sanki redaktə edir; hər dəfə yeni nəsə tapırsan, beyin yeni nəsə fikirləşir. Beyin möcüzədir, həqiqətən möcüzədir. Hətta çıxırsan səhnəyə, beyin sənə deyir ki (o dediyim ibtidai kod məsələsi): "Mərkəzdir, durma, qaç! Yoxsa səni ovlayacaqlar". Amma sən sanki beyinə deyirsən ki: "Mən qaçmayacağam, mən burada duracağam, mən buradan heç hara getməyəcəyəm". Yaxşı, onda beyin sənə deyir: "Nə etmək istəyirsən?". Sən deyirsən: "Bir şey fikirləş, bir şey fikirləş". Beyin sənə vəziyyətdən çıxmaq üçün əla yollar tapır, təki sonunda beyin rahatlıq tapsın, yəni komfort zonasına düşsün. Çünki beynimizin ön hissəsi komfortu sevir, deyir ki, "Mənə dəymə, qoy elə uzanım, oturum, canım çıxmasın". Amma arxa yarımkürələr - bunlar yaradıcı hissələrdir. Onlar nəyisə düşünür, ötürür qabağa, ön hissə isə onu həyata keçirməlidir. Amma ön hissə komfort zonasını korlamaq istəmir, arxaya deyir ki: "Gözlə, gözlə...". Bir ingilis dilini öyrənmək məni komfort zonamdan çıxarır. Buna görə də, hər dəfə sabah öyrənərəm deyirəm. Beləcə mən bunu etmirəm. Ona görə də özümüzü komfort zonasından çıxarmalıyıq.
- Sizin bu təlimlər insanların özünün şəxsi brendinin formalaşmasına necə təsir edir? - Mən bu platformaya başlayanda, təbii ki, mən də şəxsi brendimi ələkdən keçirməli idim. Vikipediyada mənim haqqımda məlumat var. Yazsanız, Səyavuş Hüseynli, Vikipediyada çıxacaq. Bu yaxınlarda gənc tələbələrimdən biri - özü İT sahəsində çalışır - mənə dedi ki: "Bəs, müəllim, istəmirsiniz Vikipediyanızı yeniləyək?". Mənim son illərdə iki dənə böyük layihəm olub. Biri Azərbaycan Televiziyasında (AzTV) "Düşən pullar" adlı layihədir. Çox böyük layihədir, beynəlxalq layihədir, lisenziyalı intellektual yarışmadır. Hətta o layihəyə görə biz - layihə rəhbərliyi: Emin Hüseynov, quruluşçu rejissor, mən baş prodüser kimi və baş operator - təlim keçmək Polşaya getdik. Çünki biz bu, dünyanın bir neçə ölkəsində yayımlanır. Axtarırdıq ki, bu dünyanın hansı ölkəsində istehsaldadır, istehsal prosesini çəkək. Bu layihə Azərbaycanda ən böyük dekora sahib bir layihədir. Yəni, olimpiadaları və stadionları istisna etsək, Azərbaycanda bundan böyük dekorasiyalı layihə olmur. Biz studiya formatında ən böyük pavilyonu axtarıb tapdıq. Bu, telekanalların öz daxilindəki pavilyonlardan deyildi; kənarda, Bakı kəndlərinin birində yerləşirdi. Təsəvvür edin, miqyas nə boyda idi: 300-dən çox işıq, 13 kamera, 150-dən çox tamaşaçı və 80 nəfərdən çox yaradıcı heyət. İştirakçılar isə Azərbaycanın ən tanınmış, müxtəlif peşə sahibləri idi - yazıçısı, rəssamı, rejissoru, aparıcısı və s. Mən belə bir nəhəng layihədə baş prodüser kimi çalışırdım. İşimin öhdəliyi layihənin qurulmasında "A"-dan "Z"yə qədər iştirak etmək, ona öz töhfəmi vermək idi. Üstəlik, gələn qonaqların çoxu məni tanıyırdı. Uzun müddət əyləncə və şou-biznes sektorunda fəaliyyət göstərdiyim üçün kamera arxasında olsam da, məni çox yaxşı tanıyırlar. Bütün bu əməyin nəticəsində birinci mövsümdə baş prodüser kimi uğurlu bir iş ortaya qoyduq. İndi mən Vikipediyada "Düşən Pullar" layihəsində baş prodüser olduğumu yazmaq istəyirəm, amma sistem məndən istinad üçün link, bir məqalə tələb edir. İndi düşünürəm: mən axı vaxtında bunu niyə sənədləşdirməmişəm? İkinci layihəm isə "Real Vətən"dir. Yaxşı ki, bu layihə "Real TV"nin və Dövlət Turizm Agentliyinin birgə layihəsi olaraq "YouTube"a yerləşdirilib və bir neçə dəfə orada müsahibələrim olub. Bu veriliş Azərbaycan bölgələrinin turizm imkanlarını işıqlandırır. Yaxşı ki, bu materiallar var və mən Vikipediyaya mənbə kimi təqdim edə bilirəm ki, bəli, mən bu layihənin aparıcısı, rejissoru, rəhbəri və baş prodüseri olmuşam. Çünki Vikipediya üçün əsas və mənbə lazımdır. Mən məhz onda başa düşdüm: biz şəxsi brendimizi formalaşdırarkən "onsuz da hamı bilir də mən bu işi görürəm" deyib keçməməliyik. Vaxtilə bizə deyirdilər ki, "Sən işini yaxşı gör, onsuz da görəcəklər". Xeyr, elə deyil! Özünü təqdim etməsən, göstərməsən, olmur. Bu gün siz "StageLab" haqqında, "Düşən Pullar" haqqında bir kəlmə belə yazmasanız, bu, tarixə düşməyəcək. Amma yazılsa, tarixə düşəcək, o tarixdən Vikipediya formalaşacaq, o Vikipediya isə mənim brendimi quracaq. Mən mediada "StageLab" adlı platforma yaratdığımı, nitq və kommunikasiya bacarıqları üzrə sertifikatlı təlimçi olduğumu bildirməliyəm. Mediada 25 illik fəaliyyətim olanda, kimsə soruşanda deyə bilməliyəm ki: "Aç Vikipediyaya bax, peşəmlə bağlı səhifəmə bax". İnsanlar baxıb görəndə ki, sən burada varsan, səndən müsahibə alıblar, səni çəkiblər - bütün bunlar onlarda sənin öz sahənin eksperti olmağın barədə rəy formalaşdırır. Şəxsi brendini quran insanların düşünməli olduğu ilk məsələ budur. Mən özüm də hazırda bunu yaşayıram. Yaxşı ki, heç olmasa arabir bir müsahibə, bir süjet olur. Yaxud da şahidlər var ki, bu adamın bu işi gördüyünü təsdiqləyə bilərlər. Bu yaxınlarda Pantomima Teatrı ilə bağlı gənc bir rejissorun sənədli filmi çıxdı, hazırda "YouTube"da var. Orada teatrın əsasını qoyan insanlar danışır və mən də oradayam. Sabah mən bu işi gördüyümü deyəndə və məndən sübut istəyəndə, o materialı açacaqlar. Altda adım yazılıb, çıxışım gedir. Şəxsi brendinq təkcə qəşəng makiyaj, gözəl geyim, stil və tərz demək deyil. Bunun arxasında çox böyük bir iş dayanır. Özünü həm mediada, həm auditoriya qarşısında bir ekspert kimi düzgün təqdim etməlisən. Amma bunu bəzi həkimlər kimi etmək olmaz. Bu yaxınlarda bir həkimlə tanış olmuşam, özünü tanıtmaq, danışmaq istəyir. Ona dedim: "Təsəvvür edin ki, mən xəstəyəm, məsələn, xolesterin problemim var. Mənə izah edin ki, bunun simptomları nədir və mən bu vəziyyətdən necə çıxa bilərəm?" Başladı tibbi terminlərlə uzun-uzun danışmağa. Axırda dedim: "Çox sağ olun. İndi isə mənə 6 il tibb universiteti oxumamış, bu sahədə heç bir anlayışı olmayan, hətta reseptləri belə oxuya bilməyən bir müştəri kimi izah edin. Nənəyə, 5 yaşlı uşağa izah edirmiş kimi danışın". Başladı yenidən danışmağa. Dedim: "Bax, bunu niyə əvvəldən belə danışmırdınız? İndi başa düşdüm ki, mənim dərdim nədir, bu xəstəlik haradan yaranıb və mən bunu necə müalicə edə bilərəm". Soruşdum ki, bəs niyə belə danışmırsınız? Deyir ki: "Həmkarım baxar, mənə irad tutar". Yaxşı, sən bu çıxışı sənə heç bir qazanc gətirməyəcək həmkarların üçün edirsən, yoxsa sənə pul qazandıracaq auditoriyan üçün? Hansı sənə lazımdır? Biz şəxsi brendimizi quranda mütləq auditoriyamızı, yəni publikamızı dəqiq müəyyən etməliyik. Əks halda hərəkət istiqamətimizi bilməyəcəyik. Mən təlimlərə başlayanda həmişə birinci soruşuram: "Məqsədinizi tapmısınız? Mən niyə natiq olmaq istəyirəm? Niyə buradayam?" Fərqi yoxdur, mənə görə yox, Siyavuşa, Məhəmmədə və ya Əliyə görə - bu adamların yanına niyə gəlmisiniz? Məqsədi tapandan sonra, o qara buludlar çəkilir, hər şey aydınlaşır. Məqsəd və məram aydın olandan sonra insan hər şeyə hazır olur - çətinliyə də, komfort zonasından çıxmağa da, yaxşı dostlar tapmağa da. Dünən təlimdən çıxanda gördüm ki, iştirakçılar bir-biri ilə necə gözəl ünsiyyət qururlar, nömrə mübadiləsi edirlər, bir-birləri üçün maraqlı həmsöhbətə çevrilirlər. Bu ünsiyyət həm də sabah onlara səhnənin mərkəzində dayanıb rahat danışmağa kömək edəcək.
- "StageLab"ı digər təlimlərdən fərqləndirən cəhət nədir? - Biz yalnız səlis nitqə və ya bədən dilinə fokuslanmırıq. Bizdə hər şey kompleks şəkildədir. Biz ilk növbədə insanın daxili ruh halını qaydasına salırıq, səlis nitq bacarıqları və bunu çatdırmaq bacarığı isə ondan sonra gəlir. İnsanın bunu necə ifadə etməsi, necə hekayələşdirməsi önəmlidir. Bir çox kurslar bunu yalnız bir istiqamətdə edir: "Sən yaxşı danışmalısan, bunu səhv tələffüz etdin, bunu ifadəli demədin" və s. Bunun üzərində fokuslanırlar. Mənə isə sizin enerjiniz, emosiyanız lazımdır. Görürsünüz, enerji daxildən gələn bir şeydir. Ruhsuz, emosiyasız insan boz rəngdə görünür, yaxud da heç görünmür. Təsəvvür edin, hamının ağ-qara geyindiyi bir şəkildə bir nəfər narıncı köynəkli oğlan. İlk kimi görəcəksiniz? Əlbəttə, o narıncı köynəkli oğlanı. Ona görə də biz insanın əvvəlcə daxili halını düzəldir, sonra ona rəng qatır, daha sonra isə digər texniki məsələlərə keçirik. Mən İncəsənət Universitetinin səhnə danışığı müəllimlərini də bura dəvət edirəm. Çünki elə texniki məsələlər var ki, onlara müasir yanaşma lazımdır; ola bilsin mənim yanaşmam bir az köhnəlib. Bizdə olan imkanlar heç kimdə yoxdur. Məsələn, kamera ilə bağlı dərsimiz podkast formatında olur: iki kamera, masa, iki mikrofon, işıqlar qurulur; biriniz qonaq olursunuz, biriniz aparıcı. Buyurun, 5 dəqiqəlik çəkiliş edin. Mən onları o atmosferə salıram, o həyəcanı yaşayırlar, sonra isə lent yazısına birlikdə baxıb analiz edirik. Bu, tamamilə praktikadır. İndi bəzi kurslar yazır: "20% nəzəriyyə, 80% praktika". Nədir onların praktikası? Kağızı götürüb üç dənə sözü ard-arda deyib düzəltmək? Bu, səhnə qorxusunu həll etmək demək deyil. Biz isə birbaşa buna fokuslanırıq. Söz xatirinə demirəm, mən sizin daxilinizdəki o yeni, natiq versiyanı üzə çıxarmaq istəyirəm. Amma bu işdə siz də mənə kömək etməli, buna imkan verməlisiniz. İbn Sinanın çox gözəl bir sözü var: "Əgər yumurta daxildən sınarsa, həyat başlayır; xaricdən sınarsa, həyat bitir." Əgər həyata başlamaq, daxilinizdəki yeni versiyanı tapmaq istəyirsinizsə, içdən sınmağa - yəni daxilən buna hazır olmağa borclusunuz. Yaxud Adlerin dediyi kimi: "Keçmişi dəyişmək olmaz, gələcəyi isə dəyişmək olar". Amma mütləq bir məqsədiniz olmalıdır.
- Təlimi bitirən iştirakçılarda hansı dəyişiklik müşahidə olunur? - Bizdə hər dörd dərsdən bir imtahan olur. O imtahanlarda iştirakçıları müşahidə göstəririk, müzakirə edirik: nə yaxşı idi, nə səhv idi. İkinci mərhələdə artıq daha yaxşı versiyanı əldə edirik. Təbii ki, onların dəyişməsi onlardan çox mənim üçün maraqlıdır: bu insan necə dəyişdi, mən onun ürəyinə, hisslərinə necə yol tapa bildim? Texniki tərəf onsuz da dəyişəcək. İstənilən natiqlik və ya kommunikasiya kursu sizə texniki olaraq öyrədəcək sözü düzgün necə tələffüz etmək lazımdır. Amma sabah siz səhnəyə çıxanda həyəcandan o biliklərin hamısını unudacaqsınız. Niyə? Çünki daxili ruh halınız, enerjiniz, emosiyanız yerində olmayacaq. Mənim istədiyim isə bu təməli, fundamenti qurmaqdır. İnsanın psixoloji olaraq hazır olması ən gözəl təməldir. Bu təməl olandan sonra sizi heç nə yıxa, heç kimin baxışı və ya sözü sizi sındıra bilməz. Peşəkar insanlar həm yaxşı, həm də pis rəyləri oxuyur və üzərindən keçirlər. Qeyri-peşəkarlar, yəni buna öyrəşməyən insanlar isə 50 dənə yaxşı rəyin içində gedib 2 dənə pis rəyi tapır və bütün günlərini o mənfi rəylə zəhər edirlər. Amma psixoloji olaraq bu işə hazır olsanız, o qərəzli rəyləri görməyəcəksiniz. Oxuyacaqsınız, əgər haqlı tənqiddirsə, nəticə çıxaracaqsınız; yox, əgər sadəcə qərəzdirsə və ya adam boşluqdan ağzına gələni yazıbsa, keçib gedəcəksiniz. Onu özünüzə yük edib çiyinlərinizdə daşımayacaqsınız.
{{gallery}}
Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı Auditoriya qarşısında qorxuya son: Natiqlik üzrə ekspert sirləri açıqladı
Mənbə oxu.az

Oxşar Xəbərlər