İqtisadiyyat
Aİ-dən Ermənistana dəstək: Təşəbbüsün Azərbaycan və Türkiyə ilə əlaqəsi nədir?
Avropa İttifaqı (Aİ) regional nəqliyyat əlaqələrini inkişaf etdirmək və Ermənistanın etibarlı nəqliyyat-logistika qovşağı kimi rolunu möhkəmləndirmək məqsədilə İrəvana Azərbaycanla sərhəddən Türkiyə ilə sərhədə qədər strateji yol marşrutlarının hazırlanmasında kömək edəcək. Oxu.Az xəbər verir ki, bu məlumatı "İnterfaks" Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin açıqlamasına əsasən yayıb. Müvafiq anlaşma memorandumu "Qarşılıqlı əlaqə gündəliyi Platforması"nın yüksəksəviyyəli tədbirində Brüsseldə Avropa Komissiyası, Avropa İnvestisiya Bankı (AİB) və Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi tərəfindən imzalanıb. Memorandum EPIC (Eastern Partnership Investment in Connectivity) təşəbbüsü çərçivəsində məsləhət dəstəyinə rəsmi start verir. Qeyd olunur ki, təşəbbüs Axurik-Kayan (Azərbaycanla sərhəddən Türkiyə ilə sərhədə 212 km) və Marqara-Kayan (Azərbaycanla sərhəddən Türkiyə ilə sərhədə 258 km) strateji yol marşrutlarının hazırlanmasına dəstəyi nəzərdə tutur. Bu marşrutlar sərhəd keçid məntəqələrini Ermənistan Respublikasının yol şəbəkəsi ilə birləşdirəcək. "İlkin mərhələdə Avropa İnvestisiya Bankı müvafiq araşdırmaların miqyasını təyin etmək və qeyd edilən yol infrastrukturunun icrası üçün real həll yollarının tapılmasında məsləhətlər verəcək. Bu təşəbbüslər Ermənistan hökumətinin "Sülh kəsişməsi" konsepsiyasına uyğun olaraq reallaşdırılır. Əsas məqsəd regional logistikanı inkişaf etdirmək, ölkənin nəqliyyat mərkəzi kimi əhəmiyyətini artırmaq və Avropa İttifaqının infrastruktur layihələrini dəstəkləməkdir", - deyə Ermənistanın Ərazi İdarəetmə Nazirliyindən bildiriblər. Sənəd Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanın Brüsselə səfəri çərçivəsində imzalanıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər