Cəmiyyət

Müstəntiqin vəzifəsini qurban verdiyi qadın: Bakının əfsanəvi dəb ikonasının faciəli sonu - VİDEO

24 Jun 2026, 01:12 2 baxış
Müstəntiqin vəzifəsini qurban verdiyi qadın: Bakının əfsanəvi dəb ikonasının faciəli sonu - VİDEO
Baku TV-nin "Aydın tarix" verilişinin yeni buraxılışı XX əsr Bakısının ən çox danışılan simalarından biri olan Nərgiz Xəlilovanın həyat hekayəsinə həsr olunub. 1950-60-cı illərin Bakısında gözəlliyi və fərqli geyim tərzi ilə əfsanəyə çevrilən Nərgiz Xəlilova şəhərin ilk dəb ikonası idi. Kübar ailədən gələn və konservatoriyada oxuyan bu gənc qadının heyranedici gözəlliyi bir çoxlarının gözünü qamaşdırsa da, taleyi böyük faciələrlə dolu oldu.

O dövrdə Bakının mərkəzində açılan modern və populyar "Nərgiz" kafesinin adı şəhərin meri Əliş Ləmbəranski tərəfindən məhz onun şərəfinə qoyulmuşdu. Söz-söhbətlərə rəğmən, onların arasında eşq macərası olmamışdı; mer, sadəcə, bu intellektual və zövqlü qadının gözəlliyinin pərəstişkarı idi. Xarici malların qadağan olduğu sovet rejimində fransız ətirlərinə və dəbə olan ehtirası Nərgiz xanımı valyuta alverçiləri ilə bağlayır. Nəticədə o, həbs olunur. Maraqlıdır ki, onun işini aparan müstəntiqlər belə ona vurulmuşdu. Onlardan biri - yüksəkrütbəli DTK müstəntiqi İsaak Gerşveld Nərgiz xanıma görə ailəsini dağıdır, vəzifəsindən qovulmağı gözə alaraq onunla evlənir və 16 il birlikdə yaşayırlar. Həbsxana həyatının yaratdığı stres, övladsızlıq nisgili və çərçivələrə sığmayan azad ruhu onun səhhətini vaxtından əvvəl zəiflədir. Səhv diaqnoz və müalicələrdən sonra, 1998-ci ildə Moskvada ona leykoz diaqnozu qoyulur və Bakının unudulmaz gözəli elə həmin il dünyasını dəyişir.
Mənbə oxu.az

Oxşar Xəbərlər