Cəmiyyət

DİM sədri: "Testlərin təxminən yarısı koqnitiv bacarıqları ölçən tapşırıqlardan ibarətdir" - VİDEO

23 Jun 2026, 22:48 1 baxış
DİM sədri: "Testlərin təxminən yarısı koqnitiv bacarıqları ölçən tapşırıqlardan ibarətdir" - VİDEO
"Biz daha çox analitik bacarıqları ölçürük. Burada əsasən müəyyən situasiyada qərarvermə və nəticə çıxarma bacarığı yoxlanılır. Ümumiyyətlə, testlərin təxminən yarısı koqnitiv bacarıqları ölçən tapşırıqlardan ibarətdir. Mən əvvəl də qeyd etdim ki, bəzi şagirdlər mətni oxumadan, yalnız vizual olaraq "harada hansı sözü yerləşdirmək lazımdır" yanaşması ilə işləməyə öyrəşiblər". Oxu.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Trend" Beynəlxalq İnformasiya Agentliyi və Baku TV kanalına birgə müsahibəsində bildirib.

DİM sədri qeyd edib ki, belə yanaşma ilə nəticə əldə etmək mümkün olmur: "Hazırda ən vacib məsələ "öyrənməyi öyrətmək" bacarığının formalaşdırılmasıdır. Bu bacarıq şagirdlərdə, tələbələrdə və ümumilikdə təhsil sistemində inkişaf etdirilməlidir ki, onlar gələcəkdə müstəqil şəkildə öyrənə və özlərini inkişaf etdirə bilsinlər. Müasir dövrdə texnoloji və sosial dəyişikliklər çox sürətlə baş verir. Əvvəllər insan bir peşəni öyrənib uzun illər həmin sahədə işləyə bilirdisə, indi bu yanaşma dəyişib. Artıq insan ömürboyu öyrənməyə və özünü yeniləməyə məcburdur. Məhz buna görə də bizim istifadə etdiyimiz qiymətləndirmə materialları da bu bacarıqları ölçmək üçün hazırlanır və şagirdlərin təkcə yaddaşını deyil, həm də düşünmə və tətbiqetmə qabiliyyətini yoxlamağa yönəlib. Biz də məhz bu səbəbdən müxtəlif qiymətləndirmə modellərinə keçirik ki, insanlarda bu bacarıqları ölçə bilək. Müasir dövrdə texnoloji dəyişikliklər, süni intellekt və sürətli yenilənən mühit insanın gələcək dəyişikliklərə uyğunlaşma bacarığını daha da vacib edir. Ona görə də təhsil sistemi elə qurulmalıdır ki, insanlar təkcə bilik deyil, həm də uyğunlaşma və öyrənmə bacarıqları qazansınlar və uğurlu həyat qura bilsinlər" , - deyə o vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər