Cəmiyyət

Məleykə Abbaszadə Baku TV-yə müsahibə verib - CANLI

23 Jun 2026, 20:45 1 baxış
Məleykə Abbaszadə Baku TV-yə müsahibə verib - CANLI
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Trend" Beynəlxalq İnformasiya Agentliyi və Baku TV kanalına birgə müsahibə verib. Oxu.Az müsahibəni təqdim edir:

Buraxılış imtahanının nəticələri ötən ilin nəticələri ilə təxminən eyni səviyyədədir "Siz bilirsiniz ki, imtahan nəticələri ilə bağlı real fikir formalaşdırmaq üçün müəyyən təhlillər aparmaq lazımdır. İlk növbədə onu qeyd etmək istərdim ki, demək olar, hər imtahandan sonra emosional reaksiyalar olur və "imtahan çətin idi" fikirləri səsləndirilir. Elə təsəvvür yaranır ki, imtahanın sualları və proqramı ictimaiyyətə yalnız imtahan günü təqdim olunur. Halbuki reallıq belə deyil. Biz imtahan proqramlarını (buraxılış və qəbul), imtahanda nəzərdə tutulan dəyişiklikləri, həmçinin məzmun və formatla bağlı yenilikləri ən azı bir-iki il əvvəl ictimaiyyətə açıqlayırıq. Hər il oktyabr-noyabr aylarında isə model testləri dərc edirik. Həm proqramı, həm də model testlərini ictimaiyyətə təqdim edir və onların müzakirə olunmasını gözləyirik. Belə müzakirələr qurumumuzda keçirilir, ekspertlər iştirak edir, fikirlərini bildirirlər və biz də məsələlərə aydınlıq gətiririk. Ümumiyyətlə, model testləri dərc olunmazdan əvvəl əvvəlki imtahanların nəticələri təhlil olunur, ekspertlərə və Elm və Təhsil Nazirliyinə təqdim edilir. Sözün düzü, bu il yeni bir addım da atmışdıq. Hər ay açıq qapı günü elan edirdik. Model testləri çap olunduqdan sonra ekspertlərlə görüş də təşkil etmişdik. Valideynlər və abituriyentlər də həmin görüşdə iştirak edə bilərdilər. Açığı, düşünürdük ki, görüşə çox sayda insan gələcək. Çünki zalın tutumu məhduddur. Amma zal tam dolmamışdı. Əslində burada mübahisəli bir məqam yoxdur. Çünki biz çalışırıq ki, ictimaiyyət bu məlumatları əvvəlcədən əldə etsin. Təəssüf ki, bu, artıq rutin hal alıb və keçən il də eyni vəziyyət yaşanmışdı. Siz Azərbaycan dili fənnini xüsusi qeyd etdiniz. Burada əsas məsələ hansısa dəyişiklik deyil. Biz bunu dəfələrlə demişik, lakin problem lazımi şəkildə müzakirə olunmayıb. Siz bilirsiniz ki, uşaqlarda və yeniyetmələrdə oxuyub-anlama bacarığı çox zaman istənilən səviyyədə formalaşmır. Halbuki bu, çox vacib bir bacarıqdır və məktəbdə təhsil aldıqları 10-11 il ərzində şagirdlərdə formalaşdırılmalıdır. İndiki nəsil daha çox məlumatı sadəcə oxumağa öyrəşib. Ancaq mətni anlayaraq oxumaq tamam fərqli bacarıqdır. Biz ilk dəfə mətnlərlə işləməyə başlayanda da müəyyən suallar yaranmışdı. Yadınızdadırsa, 2019-cu ildə yeni tip tapşırıqlardan, yəni təlim nəticələrini və müxtəlif bacarıqları ölçən alətlərdən istifadə etməyə, mətn əsaslı tapşırıqları tətbiq etməyə başlayanda da eyni problemlər ortaya çıxmışdı. Məsələn, ilkin mərhələdə şagirdlərə mətn və suallar təqdim olunurdu. Tapşırıq mətni oxuyaraq ona uyğun bir cümlə əlavə etmək, yaxud mətnin adını müəyyənləşdirməkdən ibarət idi. Burada bir çox müəllimlər və ola bilsin ki, şagirdlərin özləri də mətni oxumazdan əvvəl əvvəlcə suallara baxırdılar. Sonra gözləyirdilər ki, mətndə hansısa sözü harada əlavə etməli və ya mexaniki şəkildə suala necə cavab verməlidirlər. Bəli, bunlar daha asan tapşırıqlardır və belə suallar 2019-cu ildən etibarən imtahanlarda yer alırdı. Amma artıq neçə illərdir ki, mətnlə işləmə bacarıqlarını ölçən tapşırıqlarda əsas məqsəd mətni oxuyub-anlamaq və öz fikrini ifadə etməkdir. Məhz bu mərhələdə gənclər çətinlik çəkirlər. Onlar gözləyirlər ki, mətndə hansı sözü necə dəyişəcəklər və suala necə cavab verəcəklər. Mətni oxumurlar. Sonra sualı görəndə anlayırlar ki, burada mətni oxuyub başa düşmək lazımdır. Hər bir insanın özünəməxsus oxu sürəti var və bu bacarıq birinci sinifdən formalaşır. Sual yaranır: on bir il məktəbdə oxuyan bir şagird dərsliklərdən başqa neçə kitab oxuyub? Onun oxuma və oxuyub-anlama sürəti hansı səviyyədədir? Əvvəllər kitab oxumaq bizim üçün həm də bir əyləncə idi, bundan zövq alırdıq. Amma indi əyləncə vasitələri xeyli dəyişib və müxtəlifləşib. Mətn oxumaq, kitab oxumaq, oxuduğunu anlamaq və oxu sürəti bizim qiymətləndirmələrdə mühüm yer tutur. Müəyyən standartlar var. Məsələn, birinci sinif şagirdinin mətni neçə dəqiqəyə oxuyub anlamalı olduğu ilə bağlı konkret göstəricilər mövcuddur. İmtahanda təqdim olunan mətn təxminən 280 sözdən ibarətdir. Şagird mətni bir dəfə oxuyub anlamalı və suallara cavab verməyi bacarmalıdır. İkinci məsələ isə ondan ibarətdir ki, qrammatikaya aid suallarda şagirdlərin elə vərdişləri olmalıdır ki, onlar həmin suallara avtomatik şəkildə cavab verə bilsinlər. Bu isə biliklərin dərinliyi ilə bağlıdır. Yəni məsələ ondadır ki, şagird həmin materialı həqiqətən bilirmi, yoxsa nəyisə xatırlamağa məcbur qalır. Azərbaycan dili fənni üzrə buraxılış imtahanlarının nəticələri ildən-ilə artım göstərdi. Biz də oxuyub-anlama, öz fikrini ifadə etmə və müxtəlif fikirlərə tənqidi yanaşma bacarıqlarını daha da aktuallaşdırmışıq. Bunlar həm sənədlərimizdə, həm də kurikulumun tələblərində əks olunub. Biz bunu oktyabr və noyabr aylarında təqdim edəndə nə müəllimlər, nə də ictimaiyyət tərəfindən "bu çətindir, uşaqlar şoka düşəcək" kimi hər hansı fikir səsləndirilmədi. Halbuki həmin suallar noyabr ayında şagirdlərə təqdim edilə və onların bu istiqamətdə hazırlıq səviyyəsi yoxlanıla bilərdi. Bu proses baş tutmadı və bu, artıq bizdən asılı məsələ deyil. Təbii ki, hər imtahandan sonra müxtəlif çıxışlar olur. Təəssüf ki, onların böyük hissəsi emosional xarakter daşıyır. Bir məsələni də nəzərə almaq lazımdır ki, imtahanın çətinliyi bir nəfərin, yüz nəfərin və ya iki min nəfərin fikri ilə müəyyənləşmir. Bunun üçün konkret ölçmə alətləri mövcuddur. Bunlar statistik təhlil alətləridir. Həmin alətlər əsasında deyə bilərik ki, builki Azərbaycan dili üzrə buraxılış imtahanının nəticələri ilə ötən ilin nəticələri təxminən eyni səviyyədədir. Hər il statistik xəta çərçivəsində müəyyən dəyişikliklər olur - nəticələr bir qədər artır və ya azalır. Amma ciddi bir sıçrayış müşahidə etmirik. Bu il də vəziyyət eynidir. İkinci imtahanın nəticələri də bunu göstərdi. Ümumiyyətlə, digər nəticələrin təhlili də təxminən eyni mənzərəni ortaya qoyur. Məsələn, ikinci və üçüncü ixtisas qrupları üzrə nəticələr də təxminən eyni səviyyədədir. Buna görə də hesab edirəm ki, səslənən fikirlərin bir qismi daha çox emosional xarakter daşıyır. Valideynlərdə belə bir gözlənti yaranır ki, əgər uşaq keçən ilin suallarına asanlıqla cavab verirdisə, bu il də mütləq yüksək nəticə göstərməlidir. Lakin bu gözləntilər hər zaman özünü doğrultmur. Məhz buna görə də emosional fikirlər səslənir və bizə iradlar bildirilir. Plan yerlərinin sayı ötən illə müqayisədə təxminən eyni olacaq Məleykə Abbaszadə plan yerləri ilə bağlı suala da aydınlıq gətirib. Onun sözlərinə görə, vəziyyət təxminən ötənilki səviyyədədir: "Müxtəlif qruplar üzrə ilkin nəticələrə baxmışam. İkinci və üçüncü ixtisas qruplarının nəticələri də artıq elan olunub. Bu il ikinci qrupda abituriyentlərin sayı ötən illə müqayisədə daha çoxdur. Lakin burada müxtəlif istiqamətlərdən axın müşahidə olunur. Məsələn, üçüncü qrupda aşağı nəticə göstərən bəzi abituriyentlər ərizələrini ikinci qrupa veriblər. Ümumilikdə, üçüncü qrupda vəziyyət təxminən keçənilki səviyyədədir. İkinci qrup barədə də eyni fikri söyləmək olar. Mən deyə bilmərəm ki, burada çox böyük sıçrayış var. Nəticələr ötən illə müqayisədə cəmi bir-iki bal fərqlənir. Hazırda əlimizdə bu il üçün plan yerlərinin sayı yoxdur. Buna görə də müsabiqə vəziyyətinin necə olacağını dəqiq demək mümkün deyil. Bildiyiniz kimi, plan yerlərinin sayı azalanda müsabiqə vəziyyəti daha da gərginləşir. Ancaq mövcud ilkin məlumata görə, plan yerlərinin sayı ötən illə müqayisədə təxminən eyni səviyyədə olacaq. Bunlar hələlik ilkin araşdırmalardır və mən ortalama göstəricilərdən danışıram. Daha dərin təhlillər aparıldıqdan sonra müəyyən edəcəyik ki, hansı tapşırıqlar daha yaxşı işlənib, hansı istiqamətlər üzrə həqiqətən problemlər mövcuddur. Bildiyiniz kimi, bu təhlillər hər il 12 nömrəli "Abituriyent" jurnalında dərc olunur. Artıq 2025-ci il üzrə 12 nömrəli jurnal nəşr edilib. İnşallah, 2026-cı ilin nəticələri üzrə daha dəqiq və elmi əsaslara söykənən araşdırmalar gələn il ictimaiyyətə təqdim olunacaq". İmtahan bitən kimi "ictimai ekspertiza başlayır" Apellyasiya müraciətləri barədə danışan DİM sədri qeyd edib ki, sualların proqramdan kənar olması ilə bağlı hər hansı apellyasiya müraciəti qeydə alınmayıb. Onun sözlərinə görə, DİM-in təşkil etdiyi imtahan modeli tamamilə açıq modeldir: "Suallar kitabça şəklində şagirdlərə paylanılır. İmtahan bitən kimi həmin gün "ictimai ekspertiza" başlayır. Bu prosesdə ən adi vətəndaşdan tutmuş elmi dərəcəsi olan akademiklərə qədər hər kəs sualları yoxlaya bilər. Hətta bu gün süni intellekt alətləri, o cümlədən ChatGPT vasitəsilə də sualların təhlili mümkündür. Biz həmin gün bütün sualların izahını təqdim edirik, eyni zamanda hər sualın proqramın hansı mövzusuna, hansı sinif səviyyəsinə aid olduğunu da göstəririk. İctimaiyyət də bunu çox yaxşı bilir. İndiyə qədər bir dəfə də olsun belə bir iddia irəli sürülməyib ki, "bu sual dərslikdə yoxdur". "Proqramdan kənardır" yox, "məktəbdə keçməmişik", "proqramda var, amma keçməmişik" kimi fikirlər səsləndirilir. Bu isə artıq başqa məsələdir. Proqram var, dərslik var və biz bunları mütəmadi olaraq dərc edirik. Əgər doğrudan da proqramdan kənar sual olsaydı, bu, ciddi bir məsələ kimi dərhal gündəmə gələrdi və araşdırılardı. Keçən il tarix fənni üzrə bir sualla bağlı belə bir hal olmuşdu. Orada sualın mahiyyəti bir dövlət xadiminin fəaliyyəti ilə bağlı idi: o tarixçi idi, yoxsa şair - sualın əsas məğzi bu idi. Həmin şəxs həm də salnamə yazan bir tarixçi kimi tanınırdı. Lakin iki fərqli dərslikdə onun vəzifəsi fərqli şəkildə qeyd olunmuşdu: birində "baş vəzir", digərində isə "vəzir" kimi göstərilirdi. Halbuki tarixi mənbələrdə onun bir şahın yanında baş vəzir, digərinin yanında isə vəzir olduğu qeyd olunur. Sualın mahiyyəti isə bu vəzifə fərqi deyildi. Biz sualı bu məzmunda hazırlamışdıq və ona görə də bütün cavablar eyni meyarla qiymətləndirildi. Həmin ölçmə materialında qüsur yox idi. Sualın mahiyyəti isə fərqli idi. Amma belə hallarda dərsliklər məsələsi də gündəmə gəlir. Məsələn, altıncı və yeddinci sinif dərslikləri arasında fərqlər olur. Mən konkret olaraq xatırlamıram ki, hansı dərsliklərdə hansı uyğunsuzluq var idi, amma ümumilikdə dərsliklər zamanla dəyişir. Biz buna çox ciddi yanaşırıq və hər il hansı dərsliklərə istinad olunduğunu dəqiq şəkildə müəyyən edirik. Həmin ilin məzunlarının oxuduğu dərsliklər əsas götürülür. Məsələn, bu il 11-ci sinfi bitirən şagirdlər altıncı sinifdə oxuyarkən istifadə etdikləri dərsliklər fərqli ola bilər. 2019-cu ildə oxuyan bir şagirdin dərslikləri ilə indi oxuyanların dərslikləri arasında dəyişikliklər mövcuddur. İmtahanlar hazırlanarkən biz məhz həmin dövrün proqram və dərsliklərinə istinad edirik. Eyni zamanda abituriyentlər müxtəlif illərdə məktəbi bitirirlər. Ona görə də biz dəqiq şəkildə göstəririk ki, hansı dərsliklər və proqramlar əsas götürülür, hansı əlavə materiallardan istifadə olunmalıdır ki, şagirdlər proqramı tam mənimsəyə bilsinlər. Məsələn, 2020-ci ildə tarix fənninə bəzi əlavələr edilmişdi və Vətən müharibəsi ilə bağlı mövzular artıq imtahan məzmununa daxil olunmuşdu. Bu, real hadisələr olduğu üçün həmin ilin məzunlarının biliklərinə aid idi. Belə hallarda bəzi mövzular dərslikdə əvvəlki illərdə olmaya bilər, amma proqram və əlavələr vasitəsilə nəzərə alınır. Xüsusilə tarix və coğrafiya kimi fənlərdə dünyada və ölkədə baş verən dəyişikliklər mütləq nəzərə alınmalıdır. Nəticə etibarilə, dərslikdən kənar və ya proqramdan kənar sualın olması ilə bağlı bizdə hər hansı hal qeydə alınmayıb və ümid edirik ki, gələcəkdə də olmayacaq". Boş qoyduğu sual üçün apellyasiya müraciəti edənlər var Məleykə Abbaszadə bildirib ki, hər bir imtahandan sonra 10 faiz çərçivəsində apellyasiya müraciətləri olur və bu, normal hal hesab edilir. "Apellyasiya müraciətlərinin faizi heç vaxt bu həddən yüksək olmayıb. Təəssüf ki, apellyasiya prosesi kifayət qədər mürəkkəbdir. Çünki hər bir iş ayrıca götürülür, yenidən yoxlanılır və bu yoxlama anonim şəkildə aparılır. Üç ekspert cəlb olunur və bunun üçün kifayət qədər resurs sərf edilir. Əsasən müraciətlər yazı işləri və yer dəyişmə halları ilə bağlı olur. Test sualları üzrə apellyasiya demək olar ki, olmur. Çünki hər bir abituriyentə onun işinin qrafik təsviri təqdim edilir. Şagird özü görür ki, nə yazıb, necə yoxlanılıb və necə qiymətləndirilib. Biz qiymətləndirmə meyarlarını da ictimaiyyətə təqdim edirik, ona görə də şagird həm özü, həm də müəllimi tərəfindən işini yoxlaya bilir. Yazı işlərində isə bəzən texniki problemlər yaranır. Məsələn, əl yazısının oxunmaması səbəbindən sözlərin düzgün anlaşılmaması halları olur. Belə hallarda şagird öz arqumenti ilə bunu sübut edə bilər. Bu, qiymətləndirmə səhvi deyil, daha çox texniki xarakterli məsələdir. Yer dəyişmə ilə bağlı müraciətlər də olur. Məsələn, şagird bir suala cavab yazmalı olduğu halda həmin cavabı başqa sual üçün ayrılmış yerə yazır, yəni sualların cavablarını yer dəyişərək qeyd edir. Bu halda birinci suala cavab vermədiyi üçün sıfır bal alır, ikinci sual da eyni səbəbdən sıfır qiymətləndirilir. Belə hallar əsasən mexaniki səhvlərdən qaynaqlanır. Bəzi müraciətlər isə ümumiyyətlə əsassız olur. Məsələn, şagird bir sualdan maksimum bal almasına baxmayaraq, yenidən həmin sualın qiymətləndirilməsini xahiş edir. Belə halların sayı keçən illə müqayisədə bir qədər azalıb, amma yenə də mövcuddur. Təxminən 300-dən çox belə müraciət qeydə alınır. Ümumilikdə apellyasiya nəticəsində ballarda dəyişiklik faizi çox aşağıdır. Təxminən 0,06-0,08 faiz civarındadır. Bu da onu göstərir ki, milyonlarla yoxlama işi nəzərə alındıqda qiymətləndirmə kifayət qədər dəqiq aparılır. Qaydalarımıza əsasən yer dəyişmə ilə bağlı səhvlərə artıq baxılmaması nəzərdə tutulsa da, yenə də bəzi hallarda şagirdlərin yaxşı nəticələri olduğu halda mexaniki səhvlərə görə müraciətlərə baxılır və araşdırma aparılır. Mən hesab edirəm ki, rəqəmsal imtahanlara keçəndən sonra belə hallar daha da azalacaq", - deyə o qeyd edib. Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür DİM sədri məktəbdaxili qiymətləndirmə məsələsinə də toxunub və bildirib ki, bu məsələdə bir qədər problemlər ola bilir: "Azərbaycanda 2010-cu ildən başlayaraq bir çox beynəlxalq fənn olimpiadaların qalibləri imtahansız olaraq istədikləri fakültələrə qəbul oluna bilirlər. Bu, təhsil qanunvericiliyimizdə də nəzərdə tutulub. 2019-cu ildən etibarən ölkə fənn olimpiadalarının qalibləri də həmin fənn üzrə istədikləri ixtisasa imtahansız qəbul olunurlar. Eyni zamanda müxtəlif beynəlxalq müsabiqələrin qalibləri də öz sahələrinə uyğun ixtisaslara qəbul zamanı bu imtiyazdan yararlana bilirlər. Məsələn, musiqi sahəsində qalib olmuş bir şəxs həmin istiqamət üzrə qəbul oluna bilər, lakin tibb universitetinə imtahansız qəbul nəzərdə tutulmur. Yəni bu imtiyaz yalnız uyğun sahələrə aiddir və qaydalarda açıq şəkildə göstərilib. Digər bir məsələ isə məktəbdaxili qiymətləndirmə ilə bağlıdır. Şagirdlərin illik qiymətləri və fənlər üzrə məktəb qiymətləndirmələri mövcuddur. Lakin ali məktəblərə qəbul zamanı əsas götürülən göstərici buraxılış imtahanlarının nəticələridir. Siz bilirsiniz ki, buraxılış imtahanlarının nəticələri qəbul imtahanlarının nəticələri ilə birlikdə müsabiqədə əsas meyar kimi nəzərə alınır. Ölkə üzrə aparılan mərkəzləşdirilmiş qiymətləndirmə eyni standartlara əsaslanır və bütün şagirdlər eyni şəraitdə eyni suallara cavab verirlər. Məktəbdaxili qiymətləndirmə isə daha çox müqayisəli xarakter daşıyır. Məsələn, müəllim sinif daxilində ən yaxşı nəticə göstərən şagirdə yüksək qiymət verə bilər və bu, normal bir yanaşmadır. Lakin məktəb qiymətləri ilə imtahan nəticələri arasında çox zaman tam uyğunluq olmur. Buna baxmayaraq, biz hər il bu müqayisəli cədvəlləri dərc edirik. Məsələn, məktəbdə "5" alan şagirdlərin buraxılış və qəbul imtahanlarında hansı nəticələr göstərdiyi təhlil olunur. Bu təhlillər göstərir ki, məktəblərdə qiymətləndirmə sistemi müəyyən fənlərdən get-gedə düzgün aparılır". Həmin şəxslər "qara siyahıya salınır" Məleykə Abbaszadə imtahandan xaric olunma halları ilə bağlı suala da aydınlıq gətirib. Onun sözlərinə görə, imtahan zamanı kənar müdaxilə və ya qayda pozuntusu aşkar olunarsa, konkret hallar üzrə həmin şəxsin nəticələri ləğv edilir və o, həmin il keçirilən müsabiqələrdə iştirak etmir. "Yəni istər buraxılış, istərsə də qəbul imtahanı olsun, qayda pozuntusu təsdiqlənərsə, nəticə eyni olur - həmin şagird ali məktəbə və ya orta ixtisas təhsili müəssisələrinə qəbul prosesindən kənarda qalır. Eyni zamanda biz imtahan prosesində iştirak edən bütün personalı ilboyu nəzarətdə saxlayırıq və qiymətləndiririk. Nəzarətçinin işi imtahan rəhbəri tərəfindən, imtahan rəhbərinin işi isə ümumi rəhbərlik tərəfindən qiymətləndirilir. Bizə daxil olan bütün müraciətlər araşdırılır və nəticəyə uyğun olaraq zəruri qərarlar verilir. Bu hallarda həmin şəxslər imtahan prosesinin idarə olunmasından uzaqlaşdırılır və "qara siyahı"ya daxil edilirlər. Bundan əlavə, araşdırmalar yalnız şikayətlər əsasında aparılmır. İmtahan nəticələri emal olunduqdan sonra da statistik təhlillər aparılır. Biz nəticələrin riyazi və statistik qanunauyğunluqlara uyğun olub-olmadığını yoxlayırıq. Bu təhlillər sayəsində köçürmə və digər qayda pozuntularının olub-olmadığı müəyyən edilir. Bəzən elə hallar olur ki, nəticə artıq elan edildikdən sonra belə, aparılan araşdırmalar əsasında həmin şəxsin müsabiqədən kənarlaşdırılması qərarı verilir. Çünki sonradan məlum olur ki, qayda pozuntusu və ya qeyri-qanuni müdaxilə baş verib. Həmin uşaqlar ali məktəbə qəbul olunmamaqla cəzalandırılır. Nəzarətçilər isə ümumiyyətlə işdən uzaqlaşdırılır, həmin işə görə əməkhaqqı almır və dediyim kimi, "qara siyahıya" salınır. Ümumilikdə bu mexanizm imtahanların təhlükəsizliyini təmin edir və nəticələrin obyektivliyini qorumağa xidmət edir. Həm şagirdlərin nəticələri qorunur, həm də imtahan prosesinə müdaxilə edən şəxslər müəyyən edilərək lazımi qaydada cəzalandırılır". Stresi imtahan yox, cəmiyyət, ailə yaradır Məleykə Abbaszadə vurğulayıb ki, DİM imtahan stresini aradan qaldırmaq üçün hər il sınaq imtahanları təşkil etsə də, sınaqlarda iştirak faizi aşağı olur. O həmçinin vurğulayıb ki, ailə, cəmiyyət uşaqların üzərində stress yaradır. "Biz bu il də sınaq imtahanı təşkil etmişdik. Burada cəmi təxminən 5 min nəfər iştirak edib. Halbuki ümumilikdə 100 minə yaxın abituriyent var. Əsas məsələ ondadır ki, imtahanla bağlı yaranan stressi biz yaratmırıq və imtahan özü də təkbaşına bu stresi formalaşdırmır. Daha çox valideynlərin, ailənin, cəmiyyətin və müəllimlərin gözləntiləri şagirdlərə təsir göstərir. Apardığımız anonim sorğunun nəticələrinə görə, iştirakçıların 60 faizindən çoxu bildirir ki, onlarda stressin yaranmasına əsas səbəb valideynlərin gözləntiləridir. Valideynlər çox zaman övladlarından real imkanlarından daha yüksək nəticələr gözləyirlər və bu da əlavə təzyiq yaradır. Ümumilikdə isə hər bir imtahan müəyyən qədər streslidir. Hər yeni situasiya insanda təbii olaraq gərginlik yarada bilər. Biz isə bu stresin səviyyəsini ölçmürük, bizim məqsədimiz hər kəs üçün eyni və ədalətli şərait yaratmaqdır. İmtahan zamanı şagirdə tapşırıq kitabçası verildikdə o artıq tamamilə müstəqil olur və heç kimdən asılı olmadan yalnız öz biliklərinə əsaslanaraq cavab verir. Şagird özünü idarə etməyi bacarmalıdır, öz vaxtını düzgün bölməyi bacarmalıdır və ona heç kim nəzarət edərək təzyiq göstərə bilməz. Bu, daha stressiz bir mühit yaradır, nəinki kiminsə qarşısında oturub onun suallarına cavab vermək. Müəyyən stress var, bu da təbiidir. Ümumilikdə, hər hansı fəaliyyətin qiymətləndirilməsi, yaxud insanın biliklərinin yoxlanılması özü də stres yaradır. Amma bu stresi idarə etmək insanın vacib bacarıqlarından biridir və bunu yalnız mərkəzləşdirilmiş imtahan sistemi formalaşdıra bilməz. Bu bacarıq məktəbdə, ailədə və valideynlərin düzgün yanaşması ilə formalaşır. Çünki uşaq dünyaya gələndə onun mütləq ali məktəbə qəbul olunması kimi bir məcburiyyət yoxdur. Əgər qəbul olunmursa, bu, onun dəyərinin azalması demək deyil. Təəssüf ki, bəzən valideynlərdə bu cür yanaşma müşahidə olunur və bu da uşaqlarda əlavə təzyiq yaradır. Biz bunu müşahidə edirik və buna görə də valideynlərə daim müraciət edirik. Açıq qapı günlərini də məhz bu məqsədlə təşkil edirik ki, valideynlər gəlib sistemi görsünlər, suallarını versinlər və narahatlıqlarını bölüşsünlər. Lakin gözlədiyimiz qədər iştirak olmur. 150 nəfərlik zalın dolduğunu heç görməmişəm. Çoz az adam gəlir", - deyə o qeyd edib. Bu il də riyaziyyat, fizika və coğrafiya nəticələri aşağıdır DİM sədri ilkin imtahan nəticələri əsasında abituriyentlərin bilik səviyyəsi barədə fikirlərini də bölüşüb. O qeyd edib ki, bu il Azərbaycan dili fənni üzrə nəticələr daha yüksəkdir: "Bizi daha çox narahat edən isə riyaziyyat üzrə nəticələrdir. Hər il aparılan təhlillər də bunu göstərir. Xarici dillər üzrə nəticələrdə isə ildən-ilə yaxşılaşma tendensiyası müşahidə olunur. Digər fənlərdə də müəyyən dinamika var. Məsələn, Azərbaycan dili üzrə nəticələrin son illərdə yaxşılaşdığını görürük. Lakin bəzi fənlərdə, xüsusilə fizika və coğrafiyada aşağı nəticələr qeydə alınır və bu, bizi təbii olaraq narahat edir. Bu məsələləri ekspertlərlə birlikdə araşdırırıq ki, səbəblər müəyyən edilsin: bu, dərsin keyfiyyəti ilə bağlıdırmı, proqramın çətinliyi iləmi əlaqəlidir, yoxsa həmin fənlərə tədris prosesində kifayət qədər diqqət yetirilmir? Ümumilikdə bu, çox mürəkkəb bir prosesdir. Əgər proqramda və ya kurikulumda hər hansı dəyişiklik aparılırsa, bu, imtahan prosesində də nəzərə alınmalıdır. Bəzən bu dəyişikliklər keçid dövründə nəticələrdə müəyyən enmələrə səbəb ola bilər. Hər bir halda, belə dəyişikliklərin və nəticə fərqlərinin konkret səbəbləri mövcuddur və bunlar ayrı-ayrılıqda təhlil edilir. Biz bu məsələləri elmi-metodik seminarlarda sahə üzrə ekspertlərlə daim müzakirə edirik və bu mövzu hər zaman diqqət mərkəzində saxlanılır. Biz Təhsil İnstitutu və Elm və Təhsil Nazirliyi ilə birbaşa və davamlı dialoqdayıq. Hər ilin nəticələri bu istiqamətdə geniş müzakirələrə səbəb olur. Bu müzakirələr həm elmi-pedaqoji ictimaiyyətdə, həm də ayrı-ayrı məktəblərdə və ali təhsil müəssisələrində aparılır. Biz bu məsələləri hər zaman diqqət mərkəzində saxlayırıq". Özünə "gün ağlaya bilmək" üçün bu bacarıqlar olmalıdır Məleykə Abbaszadənin sözlərinə görə, DİM-in qiymətləndirmə materialları şagirdlərin analitik, koqnitiv bacarıqlarının ölçülməsinə yönəlib: "Biz daha çox analitik bacarıqları ölçürük. Burada əsasən müəyyən situasiyada qərarvermə və nəticə çıxarma bacarığı yoxlanılır. Ümumiyyətlə, testlərin təxminən yarısı koqnitiv bacarıqları ölçən tapşırıqlardan ibarətdir. Mən əvvəl də qeyd etdim ki, bəzi şagirdlər mətni oxumadan, yalnız vizual olaraq "harada hansı sözü yerləşdirmək lazımdır" yanaşması ilə işləməyə öyrəşiblər. Amma belə yanaşma ilə nəticə əldə etmək mümkün olmur. Hazırda ən vacib məsələ "öyrənməyi öyrətmək" bacarığının formalaşdırılmasıdır. Bu bacarıq şagirdlərdə, tələbələrdə və ümumilikdə təhsil sistemində inkişaf etdirilməlidir ki, onlar gələcəkdə müstəqil şəkildə öyrənə və özlərini inkişaf etdirə bilsinlər. Müasir dövrdə texnoloji və sosial dəyişikliklər çox sürətlə baş verir. Əvvəllər insan bir peşəni öyrənib uzun illər həmin sahədə işləyə bilirdisə, indi bu yanaşma dəyişib. Artıq insan ömür boyu öyrənməyə və özünü yeniləməyə məcburdur. Məhz buna görə də bizim istifadə etdiyimiz qiymətləndirmə materialları da bu bacarıqları ölçmək üçün hazırlanır və şagirdlərin təkcə yaddaşını deyil, həm də düşünmə və tətbiqetmə qabiliyyətini yoxlamağa yönəlib. Biz də məhz bu səbəbdən müxtəlif qiymətləndirmə modellərinə keçirik ki, insanlarda bu bacarıqları ölçə bilək. Müasir dövrdə texnoloji dəyişikliklər, süni intellekt və sürətli yenilənən mühit insanın gələcək dəyişikliklərə uyğunlaşma bacarığını daha da vacib edir. Ona görə də təhsil sistemi elə qurulmalıdır ki, insanlar təkcə bilik deyil, həm də uyğunlaşma və öyrənmə bacarıqları qazansınlar ki, uğurlu həyat qura bilsinlər. Apellyasiya müraciətlərinin ödənişli olmasını istərdik Məleykə Abbaszadə apellyasiya müraciətlərinin ödənişli olmasına da münasibət bildirib. O qeyd edib ki, əsassız apellyasiya müraciətləri kifayət qədər böyük resurslara başa gəlir. "Biz çox istərdik ki, apellyasiya prosesi ödənişli olsun. Hələ ki, qaydalar buna imkan vermir. Qeyd etmişdim ki, bu proses bizdə kifayət qədər resurs aparır. Heç olmasa əsassız apellyasiya hallarının ödənişli olmasını istərdik. İnsanlar başa düşməlidir ki, yüz minlərlə iş yoxlanılır. Bunların hamısına sistemdə baxılır. Ona görə də, apellyasiya prosesinin ödənişli olmasını istərdik", - deyə o qeyd edib. Valideyn uşağa "kukla" kimi yanaşmamalıdır DİM sədri bildirib ki, valideyn öz məsuliyyətini tək müəllimin öhdəsinə buraxmamalıdır. O vurğulayıb ki, valideyn uşağın maraq və bacarıqlarının formalaşmasında bilavasitə iştirak etməlidir: "Hər kəs valideyndir, amma valideyn olmaq təkcə bu statusla bitmir. Real valideyn olmaq üçün həyata ciddi yanaşmaq, müəyyən dəyərlərə sahib olmaq və övladına hansı şəxsiyyəti formalaşdırmaq istədiyini aydın bilmək lazımdır. Bu, çox ağır bir məsuliyyətdir. Hər kəsin öz işi var, amma valideyn olmaq da bir işdir. Bu işi başqasına həvalə edib "müəllim cavabdehdir" düşüncəsi ilə yanaşmaq təəssüf ki, bəzi hallarda rast gəlinir. Halbuki valideyn öz övladını hamıdan yaxşı tanıyır və onun nəyə qadir olduğunu ən düzgün şəkildə qiymətləndirə bilər. Əlbəttə, bu, yalnız özünü də düzgün qiymətləndirməyi bacaran valideynlərə aiddir. Hazırda müəllimə müraciət təkcə ali məktəbə qəbul üçün deyil, hətta birinci sinfə hazırlıq üçün də edilir. Halbuki birinci sinfə hazırlıq üçün uşaqla vaxt keçirmək, ona kitablar oxumaq, nağıllar danışmaq və beş yaşına qədər onunla maraqlanmaq lazımdır. Bu isə zaman, səbir və diqqət tələb edir. Əgər valideyn həqiqətən övladını sevirsə, onu sadəcə bir əyləncə və ya "gözəl geyindirilmiş kukla" kimi görməməlidir. Çünki uşaq bir şəxsiyyətdir və onu formalaşdırmaq üçün valideynin özü də aktiv şəkildə çalışmalıdır ki, uşaq da sənə əsaslanıb, sənin verdiyin dəyərlərə əsaslanıb bir şəxsiyyət kimi formalaşsın. Bax, bu çox çətin bir işdir. İndi uşaqlarda məsuliyyət hissi, öz vaxtını düzgün istifadə etmək kimi bacarıqları formalaşdırmaq indiki zamanda daha çətindir. Çünki yenə də təkrar edirəm, əylənmək üçün kifayət qədər imkanlar çoxalıb. Mən heç kimi qınamıram, başa düşürəm ki, hər ailənin vəziyyəti fərqlidir. Amma valideyn əgər uşağını sevirsə, o, özü də uşaqla məşğul olmalı, onu dinləməli, onun maraq və bacarıqlarının formalaşmasında bilavasitə iştirak etməlidir. Mən müşahidə edirəm ki, bəzi gənc ailələr bu məsələyə daha məsuliyyətli yanaşırlar. Uşaqlarla daha çox vaxt keçirir, onlarla aktiv şəkildə məşğul olurlar. Ataların da prosesdən kənarda qalmaması çox müsbət haldır. Bu, əvvəlki dövrlərlə müqayisədə yaxşı bir dəyişiklikdir. Valideynlik müasir dövrdə çox ağır, amma eyni zamanda ən vacib işdir. Hətta karyeradan da önəmlidir, çünki sənin böyütdüyün insan sənin gələcəkdə ən yaxın dayağın olur. Əslində uşaqların taleyi bizim əlimizdədir. Amma eyni zamanda da bizim taleyimiz gənclərin əlindədir. Biz onları necə tərbiyə eləyəcəyiksə, gələcəkdə bizim taleyimiz də onların əlində olacaq. Ona görə də öz vaxtını, sevgisini valideyn uşaqdan əsirgəmirsə, o uşaq xoşbəxt insan kimi böyüyəcək. Və fərqi yoxdur, o, bir il gec ali məktəbə qəbul olundu, yoxsa həmin il. Əsas odur ki, o xoşbəxt bir insan olacaq. Müvafiq kitablar, materiallar, model testlərlə təmin olunan uşaqlar qəbul imtahanlarını rahatlıqla verə bilərlər. Biz kifayət qədər metodiki material buraxırıq və onlarla məşğul olan uşaqlar özləri qəbul olunur. Hər il yüzlərlə belə qəbul olunan uşaqlar var. Amma təəssüflər olsun, o uşaqlar böyük şəhərlərdə yox, bizim müxtəlif qəsəbələrdən olur". Həmin şəxslər qanun çərçivəsində cəzalandırılacaq Məleykə Abbaszadə təhsil ictimaiyyətinin diqqət mərkəzində olan məlum məhkəmə prosesi ilə bağlı da fikirlərini bölüşüb. O xüsusi vurğulayıb ki, imtahan nəticələrini dəyişməyə, sistemi hansısa yolla sındırmağa, qeyri-qanuni vasitələrlə nəyəsə nail olmağa cəhd edənlər yanılır. "Məhkəməyə davam edir və mənim bu işlə bağlı hər hansı məlumat verməyim hüquqi baxımdan düzgün olmazdı. Qeyd etmək istərdim ki, bu proses DİM-lə hansısa təhsil eksperti arasında baş verən bir proses deyil və belə təqdim olunması da düzgün deyil. İmtahan nəticələrini araşdırarkən biz elmi-statistik təhlillər apardıq, müəyyən uyğunsuzluqları aşkar etdik və araşdırmalar müəyyən mərhələyə çatdıqdan sonra elmi tədqiqatı başa vurub real araşdırmanın aparılması üçün müvafiq hüquq-mühafizə orqanlarına müraciət etdik, rəsmi ərizə təqdim etdik. Biz bu iş üzrə zərərçəkmiş hüquqi şəxs kimi tanınmışıq. Bu prosesdə kimlərin iştirak etdiyini isə yalnız məhkəmə başlamazdan əvvəl bizə təqdim edilən ittiham aktını oxuduqdan sonra öyrəndik. Həmin vaxta qədər bu prosesdə kimlərin iştirak etməsi barədə ümumiyyətlə məlumatımız yox idi. Mənəvi baxımdan yalnız onu deyə bilərəm ki, biz özümüz də çox təəccübləndik. Xüsusilə mənəviyyatdan danışan bəzi insanların belə bir prosesdə adlarının hallanması təəssüf doğurur. Təəssüf ki, riyakarlıq bəzi insanların təbiətinin ayrılmaz hissəsinə çevrilib. Bu hal yalnız təəssüf hissi yarada bilər. Təbii ki, həmin şəxslər qanun çərçivəsində öz cəzalarını alacaqlar. Bu işdə zərərçəkmiş tərəf kimi bizi təmsil edən hüquqşünas var, hakim var və qərarı məhkəmə verəcək. Amma onu da demək istəyirəm ki, kimsə öz imkanlarının və ya intellektinin ona bu sistemi hansısa yolla sındırmağa, qeyri-qanuni vasitələrlə nəyəsə nail olmağa imkan verəcəyini düşünürsə, səhv edir", - o qeyd edib. Keçid ballarının yüksəlməsi gözlənilmir DİM sədri keçid balları ilə bağlı suala da aydınlıq gətirib. O qeyd edib ki, bu il nəticələr təxminən ötənilki nəticələrlə eynidir: "Bizim qiymətləndirmə prosedurlarımız ən sadə prosedurlardandır. Çünki müxtəlif qiymətləndirmə prosedurları və müasir qiymətləndirmə şkalaları mövcuddur. Hətta elə təşkilati modellər var ki, biz onları tətbiq edirik. Məsələn, "Yüksəliş" müsabiqəsində bu proqramlardan istifadə edirik və bunu həyata keçirmək imkanlarımız var. Sadəcə, onların izahı daha mürəkkəbdir. Keçid ballarının necə formalaşdığını biz artıq 30 ildir izah edirik. Birincisi, müsabiqəyə buraxılma şərti var. Yəni siz müəyyən bir bal toplamalısınız ki, müsabiqəyə buraxılasınız. Müxtəlif istiqamətlər üzrə bu hədd fərqlidir: 200 bal, 150 bal, bəzi qabiliyyət tələb edən ixtisaslarda isə 60 bal ola bilər. İlk olaraq, siz müsabiqəyə buraxılırsınız. Həmin istiqamət üzrə neçə nəfərin bu balı topladığı hər il fərqli ola bilər. İkincisi, həmin istiqamət üzrə neçə plan yeri ayrıldığı da ildən-ilə dəyişir. Üçüncüsü, sizin seçmək istədiyiniz ixtisasa neçə nəfərin ərizə verməsi də hər il fərqli olur. Təsəvvür edin ki, imtahanda 100 min nəfər iştirak edir və onlardan, məsələn, 60 min nəfər müsabiqəyə buraxılır. Bu qədər iştirakçının hansı ixtisası seçəcəyini, kimlərin hansı istiqamətə üstünlük verəcəyini əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Amma son 30 ildə, xüsusilə də son 10 ildə müəyyən tendensiyaları müşahidə edirik. Nəhayət, elə bir vəziyyət yarandı ki, hüquq fakültəsinin keçid balı ilə riyaziyyat müəllimliyi ixtisasının keçid balı eyni oldu. Bir vaxtlar bu səviyyədə olan uşaqlar hüquqa gedirdilərsə, indi isə riyaziyyat müəllimliyini də seçirlər. Bu, cəmiyyətimiz üçün çox yaxşı bir dəyişiklikdir. Kim hansı ixtisası seçəcək? Əlbəttə, ənənəvi seçimlər var. Amma bu ənənəvi seçimlər zamanla dəyişir. Son on ildə İT texnologiyalarına marağın necə artdığına diqqət edin. Bundan sonra da dəyişikliklər olacaq. Bu proses tədricən gedir. Biz bir il əvvəlcədən deyə bilmərik ki, hansısa ixtisas üzrə keçid balları aşağı düşəcək, yoxsa artacaq. Təbii ki, ola bilər ki, hansısa ixtisas bağlansın və ya plan yerləri azalsın. Bu halda keçid balları arta bilər. Hazırda gözləntimiz odur ki, plan yerləri təxminən keçən ilin səviyyəsində olacaq. Amma hələ bununla bağlı yekun məlumat yoxdur. Ona görə də qəti fikir söyləmək düzgün olmaz. Keçid ballarını formalaşdıran əsas amillərdən biri də abituriyentlərin bilik səviyyəsidir. Bu il nəticələr təxminən keçən ilin səviyyəsindədir. Ona görə də hansısa kəskin sıçrayışın və ya ciddi enişin olacağını əvvəlcədən söyləmək düzgün deyil. Biz ümumilikdə keçən ilki səviyyəni gözləyirik. Bununla belə, müəyyən dəyişikliklər ola bilər. Bu prosesin ən sadə tərəfi də budur ki, əvvəlcədən dəqiq müəyyən etmək mümkün deyil ki, məsələn, 536 balla qəbul olacaqsınız, amma 534 balla olmayacaqsınız. Belə dəqiq proqnozlar vermək düzgün deyil. Biz yalnız təxmini olaraq deyə bilərik ki, 500-dən yuxarı, 600-dən yuxarı və ya 300-dən yuxarı nəticə göstərənlər müəyyən ixtisaslar üzrə necə paylana bilərlər. Məsələn, bu il kənd təsərrüfatı ilə bağlı yeni proqramlar qəbul olundu. Bəlkə də bu il gənclər düşünəcəklər ki, gələcəkdə kənd təsərrüfatı ölkə iqtisadiyyatı üçün daha vacib sahələrdən biri olacaq. Ola bilər ki, bu sahəyə maraq artsın və dördüncü qrup üzrə yüksək nəticə göstərənlər kənd təsərrüfatı ixtisaslarını seçsinlər. Mən bunu indidən bilə bilmərəm, heç kim də bilə bilməz. Amma biz istərdik ki, belə dəyişikliklər olsun və abituriyentlər ixtisas seçərkən ilk növbədə öz maraqlarını, özlərini gələcəkdə hansı sahədə gördüklərini nəzərə alsınlar. Eyni zamanda, gələcəyi düşünərək əmək bazarında həmin ixtisas üzrə onlara ehtiyacın olub-olmayacağını da qiymətləndirsinlər. Ümumiyyətlə, biz bütün abituriyentlərə müraciət etmişik. Bizdə peşəyönümü və peşə seçiminin müəyyənləşdirilməsi üçün müxtəlif testlər və alətlər var. Hər ay elan edirik ki, bu testdən keçmək istəyənlər elektron imtahan binamıza gəlsinlər. Bu, imtahan deyil, testdir. Onlar testdən keçə və fərdi şəkildə peşə seçimi ilə bağlı məsləhətlər ala bilərlər. İdmançılara baxanda, onların fiziki göstəricilərinə əsasən məşqçi deyə bilir ki, sən basketbola, sən isə voleybola daha uyğunsan və bu sahədə daha yaxşı nəticə göstərə bilərsən. Çünki müəyyən xüsusiyyətlər zahirən görünür və bunları müəyyən etmək mümkündür. İnsanların daxili xüsusiyyətləri də belədir. Hər bir insanın öz psixoloji durumu, bacarıqları və meyilləri var. Bütün bunlar müəyyən bir profil formalaşdırır. Həmin profili müəyyənləşdirərək insana demək olar ki, sən insanlarla işlədiyin sahələrdə daha tez və uğurlu karyera qura bilərsən. Başqa bir insan isə məlumatlarla, sənədlərlə və analitik işlərlə daha səmərəli fəaliyyət göstərə bilər, çünki onun meyli həmin istiqamətdədir. Bunları əvvəlcədən müəyyənləşdirmək lazımdır. Biz də bu istiqamətdə köməklik göstəririk, bütün imkanlar yaradılıb. Sadəcə, təəssüf ki, müraciət edənlərin sayı çox deyil". Elektron imtahanlar Qarabağ Universitetində təşkil olunacaq Məleykə Abbaszadə işğaldan azad edilmiş ərazilərdə imtahanların təşkili ilə bağlı da danışıq. O qeyd edib ki, gələcəkdə elektron imtahanların Qarabağ Universitetində keçirilməsi planlaşdırılır. "Bizim Bərdədə regional mərkəzimiz var və hazırda Bərdədə fəaliyyət göstərən bölməmiz ətraf rayonları da əhatə edir. Qarabağda açılan hər bir yeni məktəbdə də buraxılış imtahanları təşkil olunur. Hətta cəmi üç məzun olsa belə həmin məktəbdə də buraxılış imtahanı keçiririk. İkinci mərhələnin imtahanlarını da Qarabağda təşkil edirik. Hazırda magistraturaya və dövlət qulluğuna qəbul ilə bağlı elektron imtahanlar üçün Qarabağ Universiteti ilə danışıqlar aparılır. Elektron imtahanların təşkili üçün Qarabağ Universitetinin maddi-texniki bazası kifayət qədər yaxşıdır və istəyirik ki, həmin imtahanları orada keçirək. Gələcəkdə, təbii ki, şagirdlərin və məzunların sayı artdıqca işğaldan azad edilmiş ərazilərdə regional imtahan mərkəzinin yaradılmasını nəzərdə tuturuq, amma bu, gələcəyin planıdır", - o, bildirib. Psixometrik testlərlə uşaqların hansı sahədə uğurlu ola biləcəyi ölçülür Məleykə Abbaszadə bildirib ki, DİM psixometrik alətlərlə şagirdin hansı peşə sahəsində uğurlu ola biləcəyini ölçə bilir və hər kəs bundan yararlana bilər: "Bu test vasitəsilə şagirdlərin həm bilik səviyyəsini yoxlaya bilirik, eyni zamanda psixoloji durumunu və bir şəxs kimi hansı sahədə daha intensiv və daha sürətli inkişaf edə biləcəyini də müəyyənləşdirə bilirik. Bunun üçün psixometrik alətlərimiz var və bu alətlər işləkdir. Bu istiqamətdə bir neçə layihəmiz də olub. Məsələn, Gənclər və İdman Nazirliyi ilə birlikdə psixometrik qiymətləndirmə aparmış, müvafiq statistikanı toplamışdıq. Ümumiyyətlə, dünyada da müxtəlif psixometrik testlər mövcuddur. Amma bizim istifadə etdiyimiz testlər ölkəmizin xüsusiyyətləri nəzərə alınmaqla hazırlanmış psixometrik testlərdir. Biz bu testləri öz əhalimiz, öz gənclərimiz əsasında formalaşdırmışıq və bununla bağlı geniş statistika toplamışıq. Bunun nəticəsində düzgün qiymətləndirmə meyarları əldə edə bilmişik. Çünki bu statistika həmin uşaqların sonrakı inkişaf dinamikasını da izləməyə imkan verir. 8-ci və 9-cu sinifdə oxuyan uşaqların valideynləri övladlarını gələcəkdə hansı istiqamətə yönləndirməli olduqlarını müəyyən etmək üçün bizə müraciət edə və çox ciddi, elmi əsaslara söykənən məsləhətlər ala bilərlər. Müraciət formasına gəlincə, hər ay bu testlərin kütləvi şəkildə keçirildiyini elan edirik. Testlər bizim elektron imtahanlar binasında təşkil olunur. Vətəndaşlar saytımız vasitəsilə qeydiyyatdan keçməklə həmin imtahanı verə bilərlər". Şəkidə elektron imtahan mərkəzi yaradılacaq Məleykə Abbaszadə elektronlaşdırılmış və elektronlaşdırılması gözlənilən imtahanlardan da danışıb. O qeyd edib ki, iştirakçı sayı 10 minə qədər olan bütün imtahanlar tədricən elektronlaşdırılacaq. "Bizim hazırda baza kimi yalnız bir elektron imtahan binamız var. Bildiyiniz kimi, orada təxminən 800-ə yaxın iş yeri, yəni imtahanların keçirilməsi üçün kompüterlə təmin olunmuş yer mövcuddur. Bu il ərzində artıq 70 minə yaxın şəxs elektron imtahanlarda iştirak edir. İştirakçı sayı 2 mindən aşağı olan müxtəlif növ imtahanların hamısı artıq elektronlaşdırılıb. Bu ildən rezidenturaya qəbulun ikinci mərhələ imtahanları da elektron formatda keçiriləcək. Dövlət qulluğuna qəbul imtahanları tam elektronlaşdırılıb. Həmçinin sifariş əsasında təşkil olunan bütün imtahanlar, o cümlədən müxtəlif peşə və mühasibatlıq imtahanları elektron formatda keçirilir. Hazırda ən kütləvi elektron imtahanlardan biri taksi sürücüləri və ümumiyyətlə, sürücülərin sertifikat əldə etməsi ilə bağlı təşkil olunan imtahanlardır. Bu imtahanları artıq Naxçıvanda, Gəncədə, Bərdədə və elektron imtahan keçirmək üçün müvafiq infrastrukturun - kompüterlərin və zalların olduğu digər regionlarda da keçiririk. Naxçıvanda elektron imtahanlar artıq daimi əsaslarla təşkil olunur. Hazırda Şəkidə də belə bir elektron mərkəzin yaradılmasını nəzərdə tuturuq. İştirakçı sayı 10 minə qədər olan imtahanların da mərhələli şəkildə elektron formatda keçirilməsini planlaşdırırıq. Bu proses mərhələli şəkildə həyata keçirilməlidir. Çünki birdən-birə yüz minlərlə iştirakçının qatıldığı imtahanların elektron formata keçirilməsi və hər hansı texniki problemin yaranması çox ciddi fəsadlara səbəb ola bilər. Ona görə də imtahanları addım-addım rəqəmsallaşdırırıq. Bu istiqamətdə ölkədə də müvafiq proqramlar və proseslər həyata keçirilir. Biz də təbii ki, beynəlxalq təcrübəyə əsaslanırıq. Rəqəmsallaşma ilə yanaşı, imtahanların məzmunu, proqramları və yoxlama-ölçmə materiallarının inkişafı istiqamətində də işlər davamlı şəkildə aparılır. Bu prosesdə biz daim elmi-pedaqoji ictimaiyyətə müraciət edirik. Həqiqətən də bu sahəyə töhfə vermək istəyənlərlə əməkdaşlığa hər zaman hazırıq və bu istiqamətdə təqdim olunan layihələri dəstəkləyirik. Eyni zamanda, yeni imtahan modelləri, yeni proseslər və süni intellektin müxtəlif mərhələlərdə tətbiqi də gündəmimizdədir. Bəzi məsələlərdə hələ hüquqi-normativ baza tam formalaşmadığı üçün müəyyən proseslərdə süni intellektdən rəsmi istifadədən danışmaq tezdir. Lakin elmi araşdırmalar və müxtəlif layihələr çərçivəsində süni intellektdən istifadə edirik". Məleykə Abbaszadə son günlər sürücülük imtahanlarının Dövlət İmtahan Mərkəzinə veriləcəyi və elektron formata keçiriləcəyi ilə bağlı cəmiyyətdə yayılan iddialara da münasibət bildirib. O qeyd edib ki, bu məsələ müzakirə mövzusu deyil. "Bilmirəm bu iddiaları kim yayır. Amma bu məsələ bizimlə müzakirə olunmayıb". Hərbi xidmətdən yayınmaq üçün doktorant olmaq istəyirlər? DİM sədri doktorantura və magistratura imtahanlarına da diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycanda magistraturaya qəbul imtahanları, müəyyən mənada, ən sadə qəbul imtahanlarından biridir. "Biz nəyi yoxlayırıq? İnformatika üzrə istifadəçi səviyyəsində bilikləri, xarici dil biliklərini və məntiqi təfəkkürü. Siz yaxşı bilirsiniz ki, müasir dünyada elmi fəaliyyətlə məşğul olmaq üçün iki əsas alət var - xarici dil və İT texnologiyaları. Bu iki alətlə işləməyi bacaran insanlar elmi fəaliyyətdə daha uğurlu ola bilirlər. Əgər kimsə deyirsə ki, mənim elmə marağım var, amma İT texnologiyalarını öyrənmək və xarici dil bilmək istəmirəm, bu, ciddi yanaşma sayıla bilməz. Üçüncü mərhələdə isə namizədin məntiqi təfəkkürü yoxlanılır. Bu da elmi araşdırmalar aparmaq istəyən şəxs üçün olduqca vacib xüsusiyyətdir. Magistraturaya qəbul imtahanlarında, bildiyiniz kimi, ən azı iki cəhd imkanı yaradılır. Namizədlər imtahanda iştirak edib hansısa çətinliklərinin olduğunu görə, həmin istiqamətdə işləyə və yenidən cəhd göstərə bilərlər. Doktoranturaya gəlincə, biz yalnız xarici dil imtahanını keçiririk. Qalan imtahanların bizə heç bir aidiyyəti yoxdur. Xarici dil də elmi fəaliyyətlə məşğul olmaq istəyən şəxs üçün bir alətdir və o, bu alətlə işləməyi bacarmalıdır. Elmi araşdırmalarla məşğul olmaq və doktoranturaya qəbul olunmaq istəyən şəxs xarici dili bilməlidir. Biz burada B2 səviyyəsində bilik tələb edirik və bu, kifayət qədər sadə bir imtahandır. Hətta namizəd bizim imtahanı verməyə də bilər, istənilən beynəlxalq xarici dil imtahanını verib sertifikatını təqdim edə bilər. Üstəlik, həmin beynəlxalq imtahanların əksəriyyəti bizim imtahandan daha çətindir. Biz burada heç bir əlavə maneə yaratmırıq. Amma başqa bir məsələ də var. Bu sahəyə gələnlərin hamısı doğrudanmı yalnız elmlə məşğul olmaq istəyən şəxslərdir?! Yoxsa magistratura və ya doktoranturaya qəbul olunmaqla bir neçə il hərbi xidməti təxirə salmaq istəyənlər də var?! Cəmiyyətimizdə belə hallar varmı?! Bilmirəm, bəlkə də yoxdur", - deyə o qeyd edib. Riyazi biliklər beynəlxalq standartla ölçüləcək Məleykə Abbaszadə Böyük Britaniyaya səfəri çərçivəsində beynəlxalq qiymətləndirmə təşkilatlarının nümayəndələri ilə görüşlərinin nəticələrindən və beynəlxalq qiymətləndirilmə standartlarının Azərbaycana gətirilməsi məsələsindən də danışıb. O qeyd edib ki, DİM-in qiymətləndirilmə ilə bağlı əldə etdiyi nəticələr beynəlxalq səviyyədə böyük maraq doğurur. "Bizə qarşı çıxış edənlər və irad bildirənlər, adətən, iki qrupa bölünürlər. Bəziləri deyir ki, niyə siz yeni yanaşmalar tətbiq edirsiniz? Əvvəl necə olubsa, elə də davam etsin. Digər qrup isə əksinə, bizə irad tutur ki, niyə dünyada tətbiq olunan yeni yanaşmaları və beynəlxalq standartları tətbiq etmirsiniz, niyə prosesləri beynəlxalq standartlara uyğun qurmursunuz? Təbii ki, bizim fəaliyyət sahəmizə aid olan bütün beynəlxalq standartlarla çoxdan tanışıq. Ümumiyyətlə, bu sahədə çalışan mütəxəssislərin beynəlxalq təşkilatları var və biz həmin təşkilatın 1999-cu ildən üzvüyük. Elə bu il də həmin təşkilat tərəfindən bizə müvafiq sertifikatlar və təbriklər təqdim olunub. Bu, bizim sahənin inkişafına və elmə verdiyimiz töhfələrin beynəlxalq səviyyədə də qiymətləndirildiyini göstərir. Biz bu sahədəki yenilikləri və dəyişiklikləri daim izləyirik. Amma onların tətbiqi də mərhələli şəkildə, uyğun zamanda həyata keçirilir. Hər yeniliyin öz tətbiq mərhələsi var. Məsələn, hazırda bizi maraqlandıran layihələrdən biri beynəlxalq uyğunluq məsələsidir. Biz artıq müəyyən imtahanlarımızın səviyyələrini beynəlxalq standartlarla uyğunlaşdırmışıq. Məsələn, doktoranturaya qəbul üzrə xarici dil imtahanı B2, magistraturaya qəbul üzrə xarici dil imtahanı isə B1 və ya B1+ səviyyəsinə uyğundur. Bu uyğunluqla bağlı "Cambridge Assessment"lə araşdırmalar aparılıb və müvafiq təsdiqlər də əldə olunub. İndi istəyirik ki, xüsusilə riyaziyyat üzrə də beynəlxalq imtahanlarla müqayisəli bir cədvəl hazırlansın. Məsələn, deyə bilək ki, bizim 9-cu sinif riyaziyyat proqramı hansı beynəlxalq imtahanın hansı səviyyəsinə uyğun gəlir. Bu nə üçün lazımdır? Ona görə ki, gənclər öz bilik səviyyələrini beynəlxalq meyarlarla müqayisə edə bilsinlər və bilsinlər ki, onların hazırlıq səviyyəsi beynəlxalq miqyasda hansı göstəriciyə uyğundur. Təbii ki, proqramlar müxtəlifdir və tam eyni deyil, amma müəyyən çərçivədə bu uyğunluğu müəyyənləşdirmək mümkündür. Biz bu araşdırmaları aparırıq və belə layihələri nəzərdə tuturuq. Əsasən riyaziyyat və dil sahələri üzrə bu istiqamətdə irəliləyirik. Eyni zamanda, süni intellektin tətbiqi ilə bağlı müəyyən məsələlər var. Hazırda bunun hüquqi bazası formalaşdırılır. Digər ölkələrdə bu işlər bir qədər əvvəl başladığı üçün onların təcrübəsini öyrənmək və qarşılaşdıqları problemləri əvvəlcədən görmək bizim üçün çox vacibdir. Başqalarının təcrübəsindən öyrənmək, eyni səhvləri təkrar etməmək baxımından daha faydalıdır. Ona görə də biz bu beynəlxalq proseslərdə daim iştirak edirik. Demək olar ki, bu sahə ilə məşğul olan beynəlxalq icmanın ayrılmaz hissəsiyik. Biz də öyrənirik, onlar da bizdən öyrənirlər. Məsələn, bizim yazı işlərinin onlayn yoxlanılması platforması beynəlxalq konfranslarda təqdim olunanda böyük maraqla qarşılanır. Çünki bu platformada indiyədək təxminən 45 milyon yazı işi yoxlanılıb. Yoxlama prosesində iştirak edən şəxslər müxtəlif rayonlarda yerləşirlər, işlər məsafədən yoxlanılır, təhlükəsizlik tam təmin olunur və hər hansı məlumat sızması baş vermir. Platforma çox mükəmməl işləyir və əldə etdiyimiz nəticələr beynəlxalq səviyyədə böyük maraq doğurur", - deyə o bildirib. Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Trend" Beynəlxalq İnformasiya Agentliyinə və Baku TV televiziya kanalına birgə müsahibə verib. Oxu.Az xəbər verir ki, müsahibə bu gün saat 20:45-də yayımlanacaq. Verilişdə qəbul imtahanları, abituriyentlərə təqdim olunan sualların çətinlik dərəcəsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Verilişin anonsunu təqdim edirik:
Mənbə oxu.az

Oxşar Xəbərlər