Cəmiyyət

Məktəbəqədər təhsildə yeni model: Dövlət özəl bağçalara görə ÖDƏNİŞİ NECƏ ETMƏLİDİR?

23 Jun 2026, 19:00 2 baxış
Məktəbəqədər təhsildə yeni model: Dövlət özəl bağçalara görə ÖDƏNİŞİ NECƏ ETMƏLİDİR?
Prezident İlham Əliyev məktəbəqədər təhsildə yeni maliyyələşmə modelinin tətbiqi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, dövlət, valideyn və özəl sektorun birgə iştirakına əsaslanan yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək. Yeni modelin məktəbəqədər təhsil sisteminə hansı yenilikləri gətirəcəyi və onun praktik nəticələrinin nədən ibarət olacağı maraq doğuran məsələlərdəndir. ABŞ-də fəaliyyət göstərən təhsil eksperti Qoşqar Məhərrəmov mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıb.
Ekspert bildirib ki, söhbət beynəlxalq təcrübədə "PPP" (Public-Private Partnership) kimi tanınan dövlət-özəl əməkdaşlığı modelindən gedir: "Bu əməkdaşlıq modelinə Azərbaycanda valideynlərin də cəlb olunması çox müsbət addımdır. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycanda məktəbəqədər təhsilin əlçatanlığı ilə bağlı problemlər mövcuddur. Bir çox bölgələrdə uşaqlar məktəbəqədər təhsil müəssisələrinə gedə bilmirlər, çünki kifayət qədər bağça yoxdur. Bu problemin aradan qaldırılması üçün müxtəlif layihələr həyata keçirilib. Dövlət-valideyn-özəl əməkdaşlığı modelinin qurulması da həmin istiqamətdə mühüm addım hesab oluna bilər. Bu modeldə bağçaya gedən uşağın təhsil xərclərinin bir hissəsini valideyn, digər hissəsini isə dövlət qarşılayır. Özəl müəssisə xidmət göstərir, xidmətin ödənişi isə dövlət və valideyn tərəfindən birgə həyata keçirilir". Q.Məhərrəmovun sözlərinə görə, bu model dünyanın müxtəlif ölkələrində artıq sınaqdan çıxıb: "Məsələn, Türkiyədə özəl məktəblərdə bənzər mexanizmlər mövcuddur. Övladını özəl məktəbə göndərən valideynlərin ödədiyi təhsil haqqının müəyyən hissəsi dövlət tərəfindən qarşılanır. Dövlət hər bir şagird üçün vəsait ayırırsa, həmin vəsaitin özəl təhsil müəssisəsində təhsil alan uşağa yönəldilməsi də mümkündür. Bu yanaşma şagirdbaşına maliyyələşmə sisteminin məntiqinə uyğundur". Ekspert hesab edir ki, modelin uğuru onun tətbiq mexanizmlərindən asılı olacaq: "İnkişaf etməkdə olan ölkələrdə bu cür modellərin tətbiqi zamanı maliyyə şəffaflığı xüsusi əhəmiyyət daşıyır. Burada ciddi nəzarət və audit mexanizmləri qurulmalıdır. Bu, elə təşkil edilməlidir ki, müəssisələr mövcud olmayan uşaqları qeydiyyatda göstərərək dövlət vəsaiti əldə edə bilməsinlər. Bu risklərin qarşısını almaq üçün effektiv nəzarət sistemi vacibdir. Model kağız üzərində kifayət qədər uğurlu görünür. Bu, özəl bağçalar üçün də müsbət imkan yaradır. Çünki bir çox ailə yüksək ödənişlər səbəbindən özəl məktəbəqədər təhsil xidmətlərindən yararlana bilmir. Dövlət dəstəyi sayəsində həm uşaqlar bu xidmətlərə çıxış imkanı qazanırlar, həm özəl müəssisələr inkişaf edirlər, həm də dövlət vətəndaşlara daha keyfiyyətli təhsil imkanları təqdim etmiş olur". Q.Məhərrəmov fərmanı məktəbəqədər təhsil sahəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib: "Valideyn-dövlət-özəl əməkdaşlığı modelinin tətbiqi həm bağçalara çıxış imkanlarını genişləndirə, həm də özəl sektorun bu sahəyə marağını artıra bilər. Bununla yanaşı, modelin uğuru tətbiq qaydalarının necə hazırlanacağından asılı olacaq. Dövlət dəstəyinin hansı meyarlarla veriləcəyi, özəl bağçaların seçim kriteriyaları, xidmət keyfiyyətinə nəzarət və sosial həssas ailələrin maraqlarının qorunması kimi məsələlər xüsusi əhəmiyyət daşıyır. Əgər mexanizm şəffaf və nəticəyönümlü qurularsa, bu addım həm dövlət bağçalarındakı yükün azalmasına, həm də uşaqların təhsilə çıxış imkanlarının artmasına müsbət təsir göstərə bilər".
Məktəbəqədər təhsildə yeni model: Dövlət özəl bağçalara görə ÖDƏNİŞİ NECƏ ETMƏLİDİR? Məktəbəqədər təhsildə yeni model: Dövlət özəl bağçalara görə ÖDƏNİŞİ NECƏ ETMƏLİDİR?
Mənbə oxu.az

Oxşar Xəbərlər