Digər
Naftalan turizminin inkişafında mühüm addım - "TABIA Group" və "FlyKhiva" arasında əməkdaşlıq memorandumu imzalanıb
Naftalanın beynəlxalq sağlamlıq turizmi potensialının təşviqinə yönəlmiş yeni əməkdaşlıq. Azərbaycanın qonaqpərvərlik, sağlamlıq turizmi və hotelçilik sektorunda fəaliyyət göstərən aparıcı şirkətlər qruplarından biri olan "TABIA Group" ilə Özbəkistanın turizm və aviasiya sahəsində tanınmış şirkəti "FlyKhiva" arasında strateji əməkdaşlığa dair memorandum imzalanıb. "Hilton Garden Inn Baku" hotelində keçirilən mərasimdə hər iki şirkətin rəhbər heyəti, Azərbaycan Turizm Bürosunun rəhbər və nümayəndə heyəti, eyni zamanda media təmsilçiləri iştirak ediblər. Memorandumun əsas məqsədi Naftalanın beynəlxalq bazarlarda tanıdılmasını gücləndirmək və Özbəkistandan Azərbaycana turist axınının artırılmasına dəstək verməkdir. Əməkdaşlıq çərçivəsində həyata keçirilən çarter proqramı Naftalan neftinin müalicə xidmətlərindən yararlanmaq istəyən qonaqların regiona birbaşa və rahat şəkildə səfər etməsinə imkan yaradır. Bu təşəbbüs qonaqların səyahət təcrübəsinin yaxşılaşdırılmasına və Naftalanın beynəlxalq turistlər üçün daha əlçatan istiqamətə çevrilməsinə xidmət edir. Tərəfdaşlığın ilk nəticələri artıq uğurla özünü göstərib. "FlyKhiva" tərəfindən Özbəkistandan Gəncə şəhərinə təşkil olunan ilk çarter reysi böyük maraqla qarşılanıb və uğurla həyata keçirilib. Artan maraq və yüksək tələbi nəzərə alaraq, tərəflər hazırda həftədə bir dəfə həyata keçirilən uçuşların gələcəkdə daha da artırılması imkanlarını nəzərdən keçirirlər. Bu təşəbbüsün Azərbaycan və Özbəkistan arasında turizm əlaqələrinin inkişafına, eyni zamanda regionun iqtisadi və mədəni əməkdaşlığının güclənməsinə töhfə verəcəyi gözlənilir. "Naftalan Azərbaycanın sağlamlıq turizmi sahəsində ən dəyərli istiqamətlərindən biridir. "FlyKhiva" ilə əməkdaşlığımız bu potensialın daha geniş auditoriyaya çatdırılmasına və ölkəmizə yeni turist axınının cəlb edilməsinə xidmət edəcək. İlk çarter proqramının uğuru bu istiqamətdə böyük imkanların mövcud olduğunu göstərir", - deyə "TABIA Group"un baş icraçı direktoru Uygar Koçaş bildirib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az