Məkkə sazişi: Afina üçün bu planlar ləğv ola bilər...
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın birgə müdafiə haqqında imzaladığı "Məkkə sazişi" Yunanıstanda təşvişə səbəb olub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Yunanıstanın “Kathimerini” qəzetində gedən məqalədə sözügedən sazişin Afina üçün Yaxın Şərqdə təhlükəsizlik arxitekturasının fundamental prinsiplərinin dəyişdiyini göstərdiyi vurğulanıb.
Nəşr yazır ki, Afinanın əsas narahatlığı Türkiyənin mövqeyini gücləndirəcəyi və Misirin də razılaşmaya qoşula biləcəyi ilə bağlıdır.
Qeyd olunub ki, bu razılaşma birdən-birə ortaya çıxmayıb:
“Bu, Ankaranın bölgədə atdığı diplomatik addımların nəticəsidir. Bununla da Türkiyə müdafiə sənayesində Səudiyyə Ərəbistanı ilə birgə istehsala başlaya bilər”.
Məqalədə bildirilib ki, müqavilənin Yunanıstan üçün mənfi cəhətlərindən biri Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) ilə bağlı planların ləğvi ola bilər.