Dünya
ABŞ və İran arasında yeni iqtisadi mexanizm: 300 milyard dollarlıq sərmayə
ABŞ və İran arasındakı çərçivə sazişi daxilində İslam Respublikasının iqtisadiyyatına sərmayələrin təşviqi məqsədilə 300 milyard dollar həcmində özəl investisiya fondunun yaradılması nəzərdə tutulur. Oxu.Az xəbər verir ki, bu barədə danışıqlar prosesi ilə tanış olan mənbələrə istinadən "Reuters" və "Bloomberg" agentlikləri məlumat yayıblar. "Reuters"in məlumatına əsasən, bəyan edilən məbləğin yarısından çoxu artıq investorların öhdəlikləri ilə təmin edilib. Fond dövlət vəsaitləri və qrantlar cəlb olunmadan, tamamilə özəl kapital hesabına formalaşdırılacaq. Mənbə qeyd edib ki, fond tərəflər arasında yekun müqavilənin imzalanmasını dəstəkləyən iqtisadi bir mexanizm kimi dəyərləndirilir. Buraya ABŞ, Fars körfəzi ölkələri, Asiya, həmçinin Cənubi Amerika və Afrikadan olan şirkətlərin cəlb edilməsi planlaşdırılır. Sərmayələrin energetika sektoruna, nəqliyyata, sənayeyə və logistikaya yönəldilməsi ehtimal olunur. Agentlik vurğulayır ki, fond Vaşinqton və Tehran arasında son saziş imzalanana qədər yaradılmayacaq. Bu struktur tərəflərin nüvə proqramı, sanksiyalar və regional təhlükəsizlik məsələləri üzrə danışıqları davam etdirəcəyi 60 günlük çərçivə memorandumunun bir hissəsi olmalıdır. Mənbələrin məlumatına görə, müzakirə edilən fond strukturu sanksiyaların ləğvi və İranın xarici aktivlərinin dondurulmasının ləğv edilməsi üzrə danışıqlardan ayrı tutulur. Həmçinin bildirilir ki, əvvəllər Tehran münaqişənin zərərlərini hesablayaraq kompensasiya məsələsini müzakirə edib, lakin tərəflər birbaşa ödəniş modelindən imtina edərək alternativ kimi investisiya mexanizmini irəli sürüblər. "Bloomberg" qeyd edib ki, Vaşinqton və Tehran arasındakı anlaşma memorandumunun yekun variantına əsasən, ABŞ Prezidenti Donald Trampın İranın fonda, gələcəkdə isə öz dondurulmuş aktivlərinə çıxış əldə etmək hüququ ilə razılaşacağı gözlənilir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər