Dünya
Gənc nəsildə xərçəng hallarında ağlagəlməz artım - Elmi araşdırma
Ümumdünya Xərçəng Tədqiqatları Fondunun apardığı genişmiqyaslı araşdırma Böyük Britaniyada 50 yaşdan aşağı şəxslər arasında yeddi xərçəng növünə yoluxma hallarının kəskin artdığını üzə çıxarıb. Oxu.Az "Guardian" nəşrinə istinadən xəbər verir ki, mütəxəssislər Britaniya, ABŞ və Niderlanddakı vəziyyəti təhlil ediblər. 2001-ci ildən bəri gənc ingilislərdə prostat xərçənginə tutulma halı dörd dəfə çoxalaraq hər 100 min nəfərə 1-dən 3.6-ya çatıb. Bağırsaq xərçəngi 3.9-dan 8.4-ə yüksəlib, uşaqlıq yolu və böyrək xərçəngi isə ikiqat artıb. Döş xərçəngində nisbətən az artım qeydə alınıb - 42-dən 47.5-ə kimi. ABŞ-də 50 yaşdan aşağı insanlarda böyrək xərçəngi iki dəfə, Niderlandda isə bağırsaq, böyrək, qaraciyər və uşaqlıq yolu xərçəngi xəstəlikləri çoxalıb. Belfastda yerləşən Kuins Universitetinin professoru Mark Louler mövcud vəziyyəti "saatlı bomba" adlandırıb. Onun sözlərinə görə, minlərlə insanın ölümünə səbəb olan həyat tərzi amilləri fonunda bu ümumi tendensiya qorxuludur. Ekspertlər artımı piylənmə, qeyri-sağlam qidalanma, spirtli içki, siqaret çəkmə və ətraf mühitin çirklənməsi ilə əlaqələndirirlər. Onkoloji xəstəliklərin təxminən 40%-i bu cür dəyişdirilə bilən risk amillərindən qaynaqlanır. Bununla belə, xərçəngə yaşlılar arasında daha tez-tez rast gəlinir və diaqnozun qoyulma yaşı orta hesabla 60-dan yuxarıdır. Lakin gənclər arasında müşahidə edilən həyəcanverici dinamika elmi tədqiqatlarda bu məsələyə üstünlük verilməsini tələb edir.
Mənbə
oxu.az