Dünya
İsrail telekanalı məxfi sənədi dərc etdi: ABŞ-İran razılaşmasının əsas bəndləri açıqlandı
İsrailin "N12" telekanalı ABŞ ilə İran arasında hazırlanan qarşılıqlı anlaşma memorandumu layihəsinin 12 bənddən ibarət əsas versiyasını dərc edib. Oxu.Az telekanala istinadən xəbər verir ki, sənəddə İran neftinin danışıqlar dövründə ABŞ sanksiyalarından müvəqqəti azad edilməsi, həmçinin memorandum qüvvəyə mindikdən sonra İranın dondurulmuş aktivlərinə çıxışın təmin olunması kimi müddəalar yer alıb. Layihənin əsas bəndləri aşağıdakılardır: - İran ABŞ və onun müttəfiqlərinə, o cümlədən Livan istiqamətində hərbi əməliyyatları dayandırır; - İran nüvə silahı hazırlamamaq və əldə etməmək öhdəliyini bir daha təsdiqləyir; - Tərəflər zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması məsələsini həll etməyi öhdələrinə götürürlər; - İran danışıqlar müddətində nüvə proqramı üzrə mövcud vəziyyəti (status-kvonu) qoruyub saxlayır; - ABŞ yeni sanksiyalar tətbiq etməmək, bölgədə hərbi qüvvələrini artırmamaq və dəniz blokadasını dayandırmaq öhdəliyi götürür; - İran 60 gün ərzində Hörmüz boğazından kommersiya gəmilərinin təhlükəsiz keçidini təmin etməlidir; - ABŞ memorandum qüvvəyə mindikdən sonra İranın dondurulmuş aktivlərini əlçatan edəcək; - Yekun razılaşma əldə olunacağı təqdirdə ABŞ 30 gün ərzində qoşunlarını bölgədən çıxaracaq və İrana qarşı bütün sanksiyaları ləğv edəcək; - İranın bərpası üçün 300 milyard dollarlıq fondun yaradılması nəzərdə tutulur; - ABŞ danışıqlar müddətində İran neftinin satışına müvəqqəti sanksiya istisnaları tətbiq edəcək. Bununla yanaşı, "Al Arabiya" telekanalı iyunun 19-da imzalana biləcəyi iddia olunan 14 bəndlik memorandum layihəsini də yayımlayıb. Həmin layihədə əlavə olaraq aşağıdakı müddəalar yer alır: - Livan da daxil olmaqla bütün cəbhələrdə dərhal və daimi atəşkəs elan olunur, tərəflər güc tətbiq etməmək və güclə hədələməmək öhdəliyi götürürlər; - Suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət göstərilməsi, daxili işlərə qarışmamaq prinsipi təsdiqlənir; - Uzadılması mümkün olmaqla 60 gün ərzində yekun razılaşma üzrə danışıqlar aparılır; - ABŞ dəniz blokadasını dərhal ləğv edir, 30 gün ərzində gəmiçiliyi müharibədən əvvəlki səviyyəyə qaytarır və yekun razılaşmadan sonra qoşunlarını İran ətrafından çıxarır; - İran 30 gün ərzində Hörmüz boğazından ticarət gəmilərinin təhlükəsiz keçidini, o cümlədən marşrutların minalardan təmizlənməsini təmin edir; - ABŞ regional tərəfdaşları ilə birlikdə maliyyələşdirmə həcmi azı 300 milyard dollar olan İranın bərpası və inkişafı planını hazırlayır; - ABŞ razılaşdırılmış qrafik əsasında bütün birtərəfli sanksiyaları, eləcə də BMT Təhlükəsizlik Şurası və BAEA ilə bağlı məhdudiyyətləri ləğv edir; - İran nüvə silahından imtina etdiyini bir daha təsdiqləyir, zənginləşdirilmiş uran və digər nüvə məsələlərinin taleyi isə yekun razılaşmada müəyyənləşdiriləcək; - Yekun razılaşmaya qədər status-kvo qorunur: İran nüvə proqramını genişləndirmir, ABŞ isə yeni sanksiyalar tətbiq etmir və bölgədə hərbi mövcudluğunu artırmır; - ABŞ Maliyyə Nazirliyi İran neftinin, neft-kimya məhsullarının və əlaqəli xidmətlərin ixracına dərhal icazə verir; - İranın dondurulmuş aktivləri danışıqların gedişinə uyğun olaraq mərhələli şəkildə blokdan çıxarılır və İran Mərkəzi Bankının sərəncamına verilir; - Yekun razılaşmanın icrasına nəzarət mexanizmi yaradılır; - Memorandum imzalanıb müəyyən maddələrin icrası təsdiqləndikdən sonra tərəflər qalan bəndlər üzrə danışıqlara başlayırlar; - Yekun razılaşma BMT Təhlükəsizlik Şurasının məcburi qətnaməsi ilə təsdiqlənir.
Mənbə
oxu.az