Dünya
Rusiya bazarındakı məhdudiyyətlər Ermənistanın ÜDM-nə zərbə vurur
Rusiyanın Ermənistan istehsalı olan bəzi məhsulların idxalına tətbiq etdiyi məhdudiyyətlər ölkənin ticarətdən əldə etdiyi gəlirlərin ümumilikdə ÜDM-nin 1.5-2%-ni təşkil edən hissəsinə təsir göstərir. Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistan Mərkəzi Bankının Pul-Kredit Siyasəti Departamentinin rəhbəri Vazgen Poqosyan qurumun iclasından sonra keçirilən mətbuat konfransında deyib. "Hazırda ixracı ilə bağlı problemlər yaranan məhsullardan əldə olunan gəlirlər təxminən ÜDM-nin 1.5-2%-ni təşkil edir. Rusiyaya ümumi ixracımızın həcmi isə ÜDM-nin təxminən 6%-nə bərabərdir", - deyə o bildirib. Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan isə qeyd edib ki, ölkə alternativ bazarlara yönələ bilməsə, bu vəziyyət 0.6% həcmində deflyasiyaya səbəb ola bilər. Qeyd edək ki, Rusiya tərəfi daha əvvəl aşkar edilmiş pozuntular səbəbindən Ermənistan istehsalı olan bir sıra məhsulların - mineral suyun, alkoqollu içkilərin, tərəvəz və meyvələrin ölkəyə idxalına məhdudiyyət tətbiq edib.
Mənbə
oxu.az