Dünya
ABŞ və İran arasında kritik görüşün yeri bəlli oldu
Daha əvvəl anonsu verilən razılaşmaların imzalanması məqsədilə ABŞ və İran nümayəndələrinin görüşü İsveçrənin Bürgenştok bölgəsində keçiriləcək. Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyinə İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Pyer Alen Elçinqer məlumat verib. "Son bir neçə gün ərzində XİN ABŞ və İran arasında İsveçrə ərazisində qarşılıqlı anlaşma memorandumunun mümkün imzalanması ilə bağlı ABŞ, İran, Pakistan və Qətərlə sıx təmasdadır. Hazırda sənədin imzalanması iyunun 19-da, cümə günü Nidvalden kantonunun Bürgenştok bölgəsində planlaşdırılır", - deyə o, TASS-ın sorğusuna cavabında bildirib. Elçinqer qeyd edib ki, görüşün keçiriləcəyi məkan vasitəçilər olan Pakistan və Qətər, eləcə də ABŞ və İran tərəfindən təklif olunub. "İsveçrə bu danışıqlarda ev sahibi qismində çıxış edir və görüşün ölkə ərazisində keçirilməsi üçün zəruri diplomatik şəraiti təmin edir", - deyə o əlavə edib.
Mənbə
oxu.az