Dünya
Çin təhsilində ağlagəlməz dəyişiklik: Süni intellekt 12 mindən çox proqramın bağlanmasına yol açdı
Çin ali məktəbləri son illərin ən irimiqyaslı təhsil islahatlarından birini həyata keçirir. Oxu.Az "South China Morning Post" nəşrinə istinadən xəbər verir ki, universitetlər akademik proqramların siyahısına yenidən baxaraq, süni intellektlə bağlı ixtisaslara kütləvi şəkildə üstünlük verirlər. Çin Təhsil Nazirliyinin açıqladığı rəqəmlərə əsasən, 2021-2025-ci illərdə ölkədə 12.2 minə yaxın bakalavr proqramı ləğv edilib və ya fəaliyyəti müvəqqəti dayandırılıb. Eyni dövrdə ali təhsil müəssisələri tərəfindən 10.2 min civarında yeni istiqamət yaradılıb. Ümumilikdə bu yeniliklər Çin ali məktəblərindəki tədris proqramlarının 30 faizindən çoxunu əhatə edib. Ən böyük ixtisarlar humanitar elmlər, incəsənət, xarici dillər və menecment sahələrində qeydə alınıb. Avtomatlaşdırma texnologiyalarının və süni intellektin tətbiqinin genişlənməsi fonunda bu ixtisaslar artıq kadr çoxluğu yaşanan və tələbatın azaldığı sahələr kimi qiymətləndirilir. Əmək bazarındakı mövcud vəziyyət də islahatları sürətləndirən əlavə amilə çevrilib. Çin hökumətinin məlumatına görə, gənclər arasında işsizlik səviyyəsinin 16 faizi keçməsi təhsil sisteminə düşən təzyiqi daha da artırır. Ləğv olunmuş proqramların yerini strateji texnoloji sahələrə yönəlmiş yeni ixtisaslar tutur. Məsələn, bəzi universitetlər artıq süni intellektin robototexnika, sənaye və mühəndislik sistemlərinə inteqrasiyasını nəzərdə tutan "təcəssüm olunmuş intellekt" adlı proqramların tədrisinə başlayıb.
Mənbə
oxu.az