Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxladı
Moody’s beynəlxalq reytinq agentliyi ABB-nin reytinqlərinə yenidən baxıb və Bankın uzunmüddətli depozit reytinqini Ba1 səviyyəsində təsdiqləyib. Bankın reytinq proqnozu isə “Sabit” qiymətləndirilib.
Bankın Əsas kredit qiymətləndirməsi reytinqi (BCA) ba2, Uzunmüddətli xarici və yerli valyutada qarşı tərəf risk reytinqi (CRRs) Baa3, Qarşı tərəf risk qiymətləndirməsi reytinqi (CR Assessment) Baa3 səviyyəsində təsdiqlənib.
Agentlik ekspertlərinin rəyinə görə, bu yüksək reytinqlər Azərbaycanın ən böyük dövlət bankının güclü bazar mövqeyinə, rəqabət qabiliyyətinə, dayanıqlı gəlirliliyinə əsaslanır.
Bankın kapital adekvatlığı, likvidliyi yüksəkdir, aktivlərinin əhəmiyyətli hissəsi keyfiyyətli maliyyə alətlərinə investisiya edilib. ABB ölkənin bank sektorunda aparıcı mövqeyini qoruyur və maliyyə göstəriciləri reytinq səviyyəsini dəstəkləyir.
Moody’s ABB-nin Özbəkistanda fəaliyyət göstərən özəl bank - Davr Bankın nəzarət-səhm paketini almaq niyyətini də diqqətə çatdırıb. Davr Bankda iştirak payının ABB-nin aktivlərinin təxminən 12%-ə bərabər olacağını qeyd edib.
Xatırladaq ki, ötən ilin iyulundan bəri Ba1 səviyyəsində saxlanmış reytinq Moody’s-in ABB-yə verdiyi ən yüksək reytinqdir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin Bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.