Dünya
Böyük Britaniyada 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələr qadağan edilir
Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsində 16 yaşından kiçik uşaqlar üçün sosial şəbəkələrin istifadəsinə tam qadağa qoyulacağını açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. "Mən uşaqlarımızın təhlükəsizliyi və xoşbəxtliyi məsələlərində güzəştə getməyə hazır deyiləm, buna görə də bu qadağa baş tutmalıdır və tətbiq ediləcək", - deyə Starmer vurğulayıb. Baş nazirin sözlərinə görə, sosial platformalar uşaqları bədbəxt edir, qısnamanı asanlaşdırır və asılılıq yaratmaq üçün hazırlanıb. O həmçinin bildirib ki, hökumət müvafiq qanunu 2026-cı ilin Milad bayramına qədər qəbul etməyi planlaşdırır, qadağanın özü isə 2027-ci ilin yazında qüvvəyə minəcək. Qadağa "Snapchat", "TikTok", "YouTube", "X", "Instagram" və "Facebook" platformalarına şamil olunacaq. Bununla belə, hökumətin bəyanatına əsasən, "WhatsApp" və "Signal" mesencerləri bu siyahıya daxil deyil. Qadağadan əlavə, hökumət "canlı yayımlar kimi zərərli funksiyaları" bloklamaq niyyətindədir. Həmçinin 18 yaşından kiçik istifadəçilər üçün gecə komendant saatlarının tətbiqi və "sonsuz sürüşdürmə" üzrə məhdudiyyətlərin qoyulması imkanları da nəzərdən keçirilir. Baş nazir həmçinin yad şəxslərin uşaqlarla maneəsiz şəkildə əlaqə qurmasına imkan verən oyun servisləri və platformalarına qarşı da əlavə tədbirlərin görüləcəyini elan edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər