Dünya
Yeni ticarət müharibəsi ANONSU: Tramp Makronu nə ilə hədələdi?
ABŞ Prezidenti Donald Tramp Fransanı yeni ticarət müharibəsinin başlanma riski barədə xəbərdar edib. Bildirib ki, rəsmi Paris ABŞ texnologiya nəhənglərinə tətbiq olunan rəqəmsal vergini ləğv etməyəcəyi təqdirdə Fransa istehsalı olan şərab və şampanlara 100 faizlik rüsum tətbiq edəcək. Bu barədə Oxu.Az "New York Post" (NYP) nəşrinə istinadən xəbər verir. "Mən ondan (Fransa Prezidenti Emmanuel Makrondan - red.) Amerika şirkətlərindən vergi tutmamağı xahiş etdim və əgər onlar bunu edərlərsə, Fransadan gələn bütün şampan və şərablara 100 faizlik rüsum tətbiq etməkdən başqa çarəm qalmayacaq", - deyə ABŞ lideri vurğulayıb. Tramp bu xəbərdarlığı birbaşa Makrona çatdırdığını və ondan texnologiya şirkətlərinə tətbiq edilən 3 faizlik verginin ləğvini tələb etdiyini bildirib. Nəşrin xatırlatmasına görə, sözügedən vergi Fransada 2019-cu ildən qüvvədədir və "Alphabet", "Amazon", eləcə də "Apple" kimi nəhəng şirkətlərin yerli gəlirlərinə tətbiq edilir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər