Dünya
Norveç şahzadəsinin oğlu zorlamaya görə həbs edildi
Norveçin paytaxtı Osloda məhkəmə vəliəhd şahzadənin oğlu Marius Borq Höybini iki zorlama faktına görə günahkar bilərək, barəsində dörd illik həbs qərarı çıxarıb. Oxu.Az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb. Bildirilib ki, maksimum 16 illik cəza nəzərdə tutulan iş üzrə Höybi 40 maddə ilə ittiham olunurdu. Məhkəmə onu iki zorlama halı ilə yanaşı, keçmiş rəfiqəsinə qarşı məişət zəminində zorakılıq, hədə-qorxu və yol hərəkəti qaydalarının pozulması üzrə də təqsirkar sayıb. Lakin digər iki zorlama ittihamı üzrə ona bəraət verilib. Yeddi həftə davam edən səs-küylü məhkəmə prosesi Norveç cəmiyyətində böyük rezonans yaradıb. İşin baxılması zamanı təqsirləndirilən şəxsin narkomaniyadan əziyyət çəkdiyinə dair məlumatlar, Höybinin özünün lentə aldığı intim videolar və 800-dən çox elektron məktub kimi sübutlar araşdırılıb. Məhkəmə sənədlərinə əsasən, sübut olunmuş hadisələrdən biri vəliəhd ailəsinə məxsus iqamətgahın zirzəmisində qeydə alınıb. Qərar elan edilən zaman Höybi məhkəmə zalında fiziki olaraq iştirak etməyib və prosesə videobağlantı vasitəsilə qatılıb. Bu hökm Norveç kral ailəsində yaşanan mürəkkəb vəziyyət fonunda oxunub. Hələ iyun ayında vəliəhd şahzadə Mette-Maritin səhhətinin ağırlaşması səbəbindən ağciyər köçürülməsi üçün milli gözləmə siyahısına salındığı bildirilmişdi. O, nəfəsalmanı ciddi şəkildə çətinləşdirən xroniki xəstəlik - ağciyər fibrozu ilə mübarizə aparır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər