İdman
"Barselona" "Real Madrid"in prezidentini hədələdi
"Barselona" bəyanat yayaraq, "Real Madrid"in prezidenti Florentino Peresin Kataloniya klubunun ünvanına daha əvvəl səsləndirdiyi fikirlərdən geri çəkilməyəcəyi təqdirdə ona qarşı böhtan iddiası qaldıracağını açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Barselona" klubunun rəsmi saytında məlumat dərc olunub. Bildirilib ki, Florentino Peresin mayın 12-də keçirdiyi mətbuat konfransında və mediaya verdiyi müsahibələrdə səsləndirdiyi bəyanatlarla bağlı ona qarşı böhtan ittihamı ilə məhkəmə iddiası qaldırılmazdan əvvəl icbari barışıq vəsatəti təqdim edilib. "Bu müraciətin məqsədi Peresin klubun imicinə və nüfuzuna xələl gətirən, böhtan və təhqir xarakterli bəzi bəyanatlarını təkzib etməsi və onların həqiqətə uyğun olmadığını etiraf etməsidir. Əgər bu tələb lazımi qaydada nəzərdən keçirilməzsə, "Barselona" müvafiq cinayət işinin başlanılması üçün şikayət ərizəsi təqdim edəcək", - deyə Kataloniya klubunun açıqlamasında qeyd olunub. Xatırladaq ki, Florentino Peres "Barselona" ilə Hakimlərin Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Neqreyra arasında əməkdaşlığın korrupsiya xarakterli məqamlarını gündəmə gətirmişdi. O, həmçinin bu işlə bağlı müvafiq sənədlərin UEFA-ya təqdim olunduğunu bildirmişdi.
Mənbə
oxu.az