Siyasət

İlham Əliyev hava limanlarının idarə edilməsi qaydalarını təsdiqləyib

12 Jun 2026, 18:58 3 baxış
İlham Əliyev hava limanlarının idarə edilməsi qaydalarını təsdiqləyib
"Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası" təsdiq edilib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, bu Qayda Azərbaycan Respublikasında hava limanlarının (aeroportların) idarə edilməsi ilə bağlı əsas prinsipləri və tələbləri müəyyən edir. Bu Qaydanın müddəaları mülki hava limanlarına şamil edilir. Qaydaya əsasən, hava limanlarının idarə edilməsi aşağıdakı prinsiplər əsasında həyata keçirilir: təhlükəsizliyin təmin edilməsi, müştəri məmnunluğu, iqtisadi səmərəlilik və dayanıqlı inkişaf, xidmətlərin əlçatanlığı, ətraf mühitin mühafizəsi, rəqabət mühitinin təmin olunması, həmçinin özəl sektorun iştirakının təşviqi. Sənədə əsasən, mülki hava limanlarının idarə edilməsində tənzimləyici qurum səlahiyyətlərini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir. Agentlik sertifikatlaşdırma, müfəttiş yoxlamaları və beynəlxalq standartların tətbiqinə nəzarət edir. Hava limanı istismarçıları isə təhlükəsizlik tədbirlərinin görülməsi, yüksəkkeyfiyyətli xidmət göstərilməsi, infrastrukturun inkişafı və fövqəladə hallarda risklərin idarə edilməsi kimi vəzifələri icra edirlər. Yeni qaydalara görə, hava limanları mülkiyyət növünə uyğun olaraq (dövlət, bələdiyyə və ya xüsusi) idarə olunur. Dövlət mülkiyyətində olan aeroportlar müvafiq texnoloji sxemlər əsasında fəaliyyət göstərir və dövlət-özəl tərəfdaşlığı çərçivəsində özəl tərəfdaşlara idarəetməyə verilə bilər. İnfrastrukturun maliyyələşdirilməsi isə dövlət büdcəsi, istismarçının daxili vəsaitləri, kredit, qrantlar və digər qanuni mənbələr hesabına təmin edilir. Sənəddə beynəlxalq və yerli hava limanlarının meyarları, həmçinin bu məntəqələrdə həyata keçirilən aviasiya və qeyri-aviasiya fəaliyyəti dəqiq müəyyənləşdirilib. Aviasiya fəaliyyətinə kommersiya daşımaları, yerüstü xidmət, aeronaviqasiya və təhlükəsizlik yoxlamaları daxildir. Qeyri-aviasiya fəaliyyəti çərçivəsində isə ticarət (rüsumsuz mağazalar daxil olmaqla), ictimai iaşə, avtomobil dayanacaqları, icarə xidmətləri, otel və konfrans zallarının idarə edilməsi kimi əlavə gəlir gətirən sahələrin inkişaf etdirilməsi nəzərdə tutulub. Nazirlər Kabinetinə Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər