Cəmiyyət

Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır?

03 Oct 2026, 18:28 3 baxış
Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır?
Azərbaycanda unlu qənnadı məmulatlarının idxalı 18.2 faiz artıb. Ekspertlər artımın yalnız tələbin yüksəlməsi ilə bağlı olmadığını bildirirlər. Unlu qənnadı məmulatlarının idxalı artır. 2026-cı ilin yanvar-iyul aylarında ölkəyə 138.3 milyon dollar dəyərində unlu qənnadı məmulatları gətirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18.2 faiz çoxdur. 2025-ci ilin ilk yeddi ayında isə bu məhsulların idxalına 116.9 milyon dollar xərclənmişdi. İdxalın artması bazarda xarici şirniyyata tələbin yüksəldiyini göstərir. Bəs Azərbaycanda istehlakçıların xarici şirniyyatlara marağı niyə artır? Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir: Həm bahalaşma, həm də daxili tələb Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, şirniyyat idxalının 18.2 faiz artmasını yalnız əhalinin xarici məhsullara marağının yüksəlməsi ilə izah etmək düzgün olmaz. Burada iki əsas amil - qiymət effekti və daxili tələbin artması paralel şəkildə təsir göstərir: "Dünya bazarında son illərdə kakao, şəkər və digər qənnadı xammalının qiymətlərində ciddi dalğalanmalar baş verib. Xüsusilə kakaonun bahalaşması şokolad və digər kakao tərkibli məhsulların idxal dəyərinin artmasına təsir edib. Bu səbəbdən idxalın dəyərinin 18.2 faiz yüksəlməsi heç də məhsul həcminin eyni nisbətdə artdığı anlamına gəlmir. Artımın müəyyən hissəsi daha çox şirniyyat alınmasından deyil, eyni məhsula daha yüksək qiymət ödənilməsindən qaynaqlana bilər. Digər tərəfdən, daxili tələbin də gücləndiyini göstərən əlamətlər var. İstehlak qiymətlərinin artmasına baxmayaraq, pərakəndə ticarət dövriyyəsinin yüksəlməsi və əhalinin nominal gəlirlərinin artması istehlak imkanlarının genişləndiyini göstərir. Şirniyyat gündəlik tələbat məhsulu olmaqla yanaşı, gəlirlər artdıqca istehlakçının daha keyfiyyətli, tanınmış və nisbətən bahalı məhsullara keçə bildiyi kateqoriyadır".
Bazarda struktur dəyişikliyi A.Nəsirli bildirdi ki, xarici şirniyyatlara marağın artmasının digər səbəbi bazarın strukturunun dəyişməsidir: "Supermarket şəbəkələrinin genişlənməsi, iri distribütorların daha çox xarici marka gətirməsi və müxtəlif qiymət seqmentlərinin formalaşması əvvəllər az tapılan məhsulları istehlakçı üçün daha əlçatan edib. Sosial media və rəqəmsal reklam da bu prosesi sürətləndirir. Xüsusilə gənclər arasında məhsulun yalnız dadı deyil, brendi, qablaşdırması, mənşə ölkəsi və sosial şəbəkələrdə populyarlığı da seçimə təsir edən amilə çevrilib. Beləliklə, şirniyyat bazarında artıq yalnız qiymət və məhsulun miqdarı deyil, brend, keyfiyyət, təqdimat və istehlakçı təcrübəsi də rəqabətin mühüm elementləridir". "Yerli istehsal idxalı əvəz etmək imkanına malikdir" İqtisadçının fikrincə, Azərbaycanda yerli qənnadı sənayesinin potensialını da kiçiltmək olmaz. Ölkədə peçenye, vafli, keks, çörək-bulka və müxtəlif şəkərli qənnadı məhsulları istehsal edən müəssisələr fəaliyyət göstərir: "Bu məhsulların bir hissəsində yerli istehsal idxalı əvəz etmək imkanına malikdir. Xüsusilə kütləvi istehlak seqmentində bu potensial kifayət qədər böyükdür. Problem daha çox bazarın yüksək gəlirli və premium hissəsində özünü göstərir. Yüksək keyfiyyətli şokolad, xüsusi konditer məhsulları, hədiyyəlik çeşidlər və tanınmış beynəlxalq brendlərlə rəqabət aparan məhsulların istehsalında yerli şirkətlərin imkanları hələ məhduddur. Bunun əsas səbəblərindən biri xammaldan asılılıqdır. Qənnadı sənayesində istifadə olunan kakaonun, müəyyən növ yağların, xüsusi un və əlavələrin, eləcə də keyfiyyətli qablaşdırma materiallarının mühüm hissəsi xaricdən alınır. Nəticədə yerli istehsalçı xarici məhsulla rəqabət apararkən özü də dünya bazarındakı qiymət dəyişikliklərindən təsirlənir".
A.Nəsirli vurğuladı ki, digər mühüm məsələ istehsal miqyasının kiçik olmasıdır: "Böyük beynəlxalq şirkətlər milyonlarla məhsul istehsal etdikləri üçün xammal alışından tutmuş logistika və qablaşdırmayadək miqyas üstünlüyü əldə edirlər. Azərbaycandakı kiçik və orta istehsalçıların isə belə imkanları məhduddur. Bununla yanaşı, marketinq xərcləri və brend tanınması da yerli istehsalçıların rəqabət imkanlarını məhdudlaşdırır. İstehlakçı üçün tanınmış xarici marka çox vaxt keyfiyyət göstəricisi kimi qəbul edilir. Bu yanaşma hər zaman obyektiv olmasa da, bazarda xarici məhsullara real kommersiya üstünlüyü yaradır". "Azərbaycanın yerli xammal üstünlüyü var" İqtisadçı Asif İbrahimlinin sözlərinə görə, idxalın bu qədər yüksək olması yerli qənnadı sənayesinin rəqabət qabiliyyətinin yetərli olmadığını göstərir: "Azərbaycanda illərdir yerli istehsalın inkişafı üçün güzəştli kreditlər, investisiya təşviqləri tətbiq olunur. Buna baxmayaraq, qida məhsullarının idxalında artım müşahidə edilir. Bu, dövlət dəstəyinin yalnız maliyyələşdirmə ilə məhdudlaşmasının kifayət etmədiyini göstərir. İstehsalçıya avadanlıq almaq üçün vəsait verməklə yanaşı, onun məhsulunun maya dəyəri, sertifikatlaşdırılması, qablaşdırılması, satış şəbəkələrinə çıxışı və ixrac imkanları da nəzərə alınmalıdır. Qənnadı sənayesində Azərbaycanın yerli xammal üstünlüyü var. Fındıq, qoz, meyvə, quru meyvə və bal kimi məhsullar istehsalda istifadə oluna bilər. Lakin xammalın emalı və brendləşdirilməsi xaricdə aparıldıqda əsas əlavə dəyər də həmin ölkələrdə yaranır".
Kiçik istehsal, zəif reklam A.İbrahimlinin fikrincə, yerli istehsalçıların əsas problemlərindən biri də istehsal miqyasının kiçik olmasıdır: "Digər problem satış və distribusiya imkanlarıdır. Xarici brendlər böyük distribütorlar və pərakəndə şəbəkələri ilə işləyir, reklam və marketinqə daha çox vəsait ayırırlar. Yerli istehsalçının məhsulu keyfiyyətli olsa belə, marketlərdə rəf, reklam və satış kanallarına çıxış imkanları məhdud olduqda onun bazar payını artırması çətinləşir".
İqtisadçı bildirdi ki, dövlət siyasətində əsas diqqət yerli istehsalçının rəqabət qabiliyyətinə yönəlməlidir. Yerli xammalın hazır məhsula çevrilməsi də ayrıca prioritet olmalıdır. Yerli şirkətlər Gürcüstan, Mərkəzi Asiya və Yaxın Şərq bazarlarına çıxış əldə edə bilsələr, istehsal həcmini artırmaq və məhsulun maya dəyərini aşağı salmaq imkanları genişlənər.
Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır? Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır? Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır? Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır? Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır? Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır? Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır? Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır?
Mənbə oxu.az

Oxşar Xəbərlər