İqtisadiyyat
Hacıqabulda günəş elektrik stansiyasının tikintisi məqsədilə torpaq sahəsi ayrılıb
Hacıqabulda dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən olunub. Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, qoyuluş gücü 160 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə Hacıqabul rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 321 hektar torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. Energetika Nazirliyi müəyyən edilmiş bərpaolunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri Prezidentin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bərpaolunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası"nın tələblərinə uyğun həyata keçirəcək. Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 321.0 hektar torpaq sahəsində günəş elektrik stansiyasının tikintisinə icazə "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınacaq. Hacıqabul Rayon İcra Hakimiyyəti tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində Nazirlər Kabinetinə məlumat verəcək. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.
Mənbə
oxu.az