Cəmiyyət
Gəncədə iki avtomobil TOQQUŞDU: Yaralıların vəziyyəti açıqlandı
Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub. Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan iki nəfər (kişi) iyunun 12-də saat 09:10-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır". Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-a daxil olan məlumata görə, qəza bu gün saat 9 radələrində şəhərin 28 May küçəsində qeydə alınıb. Belə ki, Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Rəşad Mülqədər oğlu Qasımovun idarə etdiyi VAZ-2107 markalı, 20-CP-287 dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Samir Əkbər oğlu Yusibovun idarə etdiyi "Toyota" markalı, 99-FF-382 dövlət qeydiyyat nişanlı maşınla toqquşub. Hadisə nəticəsində "Toyota"nın sürücüsü Samir Yusibov və VAZ-2107 markalı avtomobilin sərnişini, Daşkəsən rayon sakini, 1970-ci il təvəllüdlü Çərkəz İslam oğlu Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az