İdman
Rekord qırdı, amma uzun sürməyəcək: Mundialda maraqlı statistika
Cənubi Afrika Respublikası (CAR) yığmasının baş məşqçisi Uqo Broos futbol üzrə dünya çempionatları tarixində komandasını oyuna çıxaran ən yaşlı mütəxəssis olub. Oxu.Az bu barədə RBC-yə istinadən xəbər verir. Turnirin açılış qarşılaşmasında CAR yığması Mexikodakı "Asteka" stadionunda Meksika millisi ilə üz-üzə gəlib. 74 yaş 62 günlük olan Broos DÇ-2010-da Argentina ilə oyunda Yunanıstan yığmasına 71 yaş 317 günlüyündə rəhbərlik etmiş almaniyalı Otto Rehagelin rekordunu geridə qoyub. Lakin bu rekordun uzunömürlü olmayacağı gözlənilir. Belə ki, artıq iyunun 12-də Çexiya yığmasını Cənubi Koreyaya qarşı oyuna Broosdan yeddi ay böyük olan Miroslav Koubek çıxaracaq. İyunun 15-də isə Kürasao yığmasının 78 yaşlı baş məşqçisi Dik Advokat Almaniyaya qarşı oyunda komandasına rəhbərlik etməklə hər iki mütəxəssisi geridə qoyacaq. Qeyd edək ki, Uqo Broos 2022-ci ildə CAR yığmasının baş məşqçisi təyin olunub.
Mənbə
oxu.az