İqtisadiyyat
Maliyyə naziri: "Neft qiymətləri cari il üçün 65 dollar götürülüb"
"Neft qiymətləri cari il üçün 65 dollar götürülüb". Oxu.Az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib. Nazirin sözlərinə görə, bu, konservativ yanaşma hesab edilir: "Düşünürük ki, neftin qiyməti daha artıq ola bilər və əlbəttə ki, həmin vəsaitləri istifadə etməyə də çalışa bilərik, amma eyni zamanda konservativ yanaşma ilə real büdcə ehtiyaclarına uyğun şəkildə rəqəmləri müəyyən edib, əlavə gəlirlərin neft fonduna toplanması üçün tədbirlər də görə bilərik. Əlbəttə, Azərbaycan dayanıqlı, sağlam və konservativ yanaşma ilə neft qiymətləri proqnozlaşmasını həyata keçirir. Qeyri-neft sektoru üzrə proqnozlaşmamız isə tədiyə növündən asılı olaraq müxtəlif qaydalar çərçivəsində, müxtəlif makroiqtisadi modellər çərçivəsində həyata keçirilir". Nazir Azərbaycanın dayanıqlı, sağlam və konservativ yanaşma ilə neft qiymətləri proqnozlaşmasını həyata keçirdiyini və ölkənin bu il birmənalı olaraq bunun bəhrəsini görəcəyini qeyd edib. Onun sözlərinə görə, gəlir proqnozlarımıza baxdıqda, icra göstəricimiz 102,2%-dir: "Yəni dövlət büdcəsinin gəliri 2,2% artıqlaması ilə icra olunub. Qeyri-neft-qaz sektoru üzrə isə 101,6%-dir. Neft-qaz daxil olmalarının proqnozlaşması bizim müəyyən edəcəyimiz neft qiymətindən asılıdır. Neft qiyməti və ona bağlı olaraq qaz, təbii qaz satışının qiyməti - bu, dünya bazarlarında olan bir əmtəədir, kifayət qədər volatilli əmtəədir və keçən il elə bu məkanda bizim müzakirələrimiz zamanı cari ilin proqnozunu bir çox hörmətli deputat həmkarlarımız təklif eləyirdi ki, 65 çoxdur, 60 təyin edək, amma indi bugünkü rəqəmləri də görürsünüz. Eynilə də keçən il üçün müəyyən edilmiş rəqəm 70 dollar idi və icra göstəricisi də 71 dollar olub. Yəni bu, sırf Azərbaycanın nəzərə aldığı və ya həyata keçirdiyi siyasətin xüsusiyyəti ilə bağlıdır".
Mənbə
oxu.az