Dünya
Elmdə yeni mərhələ: İnsan DNT-sinə müdaxilə edildi
Kolumbiya Universitetinin (Nyu-York) alimləri insan embrionlarında ilk dəfə "base editing" adlı dəqiq gen redaktəsi texnologiyasından istifadə ediblər. Araşdırmanın nəticələri hələ elmi rəy mərhələsindən keçməyib və "bioRxiv" platformasında dərc olunub. Oxu.Az "Nauka" TV-yə istinadən xəbər verir ki, CRISPR texnologiyasından fərqli olaraq, bu üsul DNT-ni kəsmir, yalnız genetik kodun bir "hərfini" dəyişdirir və daha dəqiq hesab olunur. Təcrübə çərçivəsində üç gen üzərində dəyişiklik aparılıb: PCSK9 - "pis xolesterin"in səviyyəsinin tənzimlənməsi məqsədilə deaktiv edilib; HBG1 və HBG2 - fetal hemoglobinin istehsalını artırmaq və bəzi qan xəstəliklərini yüngülləşdirmək məqsədilə redaktə olunub. Alimlər bildiriblər ki, metodun tətbiqi zamanı bəzi embrion hüceyrələrində dəyişiklik tam baş verməyib ki, bu hal "mozaiklik" adlanır. Bundan əlavə, yüksək dozalar tətbiq edildikdə hüceyrələrin bölünməsi dayanıb. Bu isə texnologiyanın embrion üçün potensial risklər daşıdığını göstərir. Mütəxəssislərin sözlərinə görə, texnologiya hələ klinik istifadəyə hazır deyil. Eyni zamanda, bioetiklər xəbərdarlıq edirlər ki, gələcəkdə bu yanaşmadan insanların genetik xüsusiyyətlərini "təkmilləşdirmək" məqsədilə sui-istifadə edilə bilər. Hazırda alimlər hesab edirlər ki, genetik xəstəliklərin qarşısının alınması üçün daha təhlükəsiz üsullar - süni mayalanma və embrionların genetik skrininqi mövcuddur. Bu səbəbdən embrionların genetik redaktəsi hələlik əsasən nəzəri və riskli istiqamət kimi qiymətləndirilir.
Mənbə
oxu.az