Dünya

Almaniyada Mertsə etimad çökür: Narazılıq rekord həddə çatdı

06 Jun 2026, 21:36 1 baxış
Almaniyada Mertsə etimad çökür: Narazılıq rekord həddə çatdı
Almaniya kansleri Fridrix Mertsin fəaliyyətindən narazı olanların sayı rekord həddə çatıb. Oxu.Az xəbər verir ki, bu barədə INSA sosioloji institutunun "Bild" qəzetinin sifarişi ilə keçirdiyi sorğunun nəticələrində bildirilib. Sorğunun nəticələrinə görə, respondentlərin cəmi 15 faizi Fridrix Mertsin fəaliyyətini müsbət qiymətləndirib. Bu göstərici kansler üçün indiyədək qeydə alınmış ən aşağı səviyyədir. Aprelin sonu ilə müqayisədə dəstək səviyyəsi daha 4 faiz bəndi azalıb. Eyni zamanda, sorğuda iştirak edənlərin 77 faizi Mertsin fəaliyyətindən narazı olduğunu bildirib. Bu göstərici əvvəlki sorğu ilə müqayisədə 6 faiz bəndi artıb. Respondentlərin 8 faizi isə suala cavab verməkdə çətinlik çəkib. Mertsin rəhbərlik etdiyi hökumətin fəaliyyəti də vətəndaşlar tərəfindən aşağı qiymətləndirilib. Belə ki, respondentlərin yalnız 16 faizi hökumətin işindən razı olduğunu bildirib. Sorğu iştirakçılarının 78 faizi isə hökumətin fəaliyyətini mənfi qiymətləndirib. Araşdırmada 1 005 nəfər iştirak edib. Sorğu iyunun 4-5-də keçirilib. Tədqiqatın nəticələri göstərib ki, kanslerə və onun kabinetinə qarşı narazılıq hakim koalisiyanın tərəfdarları arasında da artır. Söhbət Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı (CDU/CSU) və Almaniya Sosial Demokrat Partiyasının (SPD) seçicilərindən gedir. "Öz seçicilərini belə inandıra bilməyən hökumət uğursuzluğa məhkumdur. Narazılığın miqyası yeni federal hökumətin fəaliyyətinin ikinci ilində adətən müşahidə olunan səviyyəni xeyli üstələyir", - deyə INSA-nın rəhbəri Herman Binkert bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər