Onlar ABŞ-dan viza ala bilmədi
ABŞ İran milli komandasının bütün futbolçularına viza versə də, komandanın bəzi müşayiətçi üzvləri və məsul şəxsləri viza ala bilməyib.
Axar.az APA-ya istinadla xəbər verir ki, komanda meneceri Mehdi Məhəmmədnəbi, İran Futbol Federasiyasının baş katibi Hidayət Məmbini, İran milli komandasının icraçı direktoru Mehdi Xərati və daha 6 nəfər ABŞ vizasını ala bilməyən şəxslər sırasındadır.
Bu gün həmçinin bəzi xəbər mənbələri İran Futbol Federasiyasının prezidenti Mehdi Tacın viza müraciətinin rədd edildiyini yazıb.
Həmin şəxslərin İran milli futbol komandası ilə birlikdə Meksikaya getməsi planlaşdırılır və viza alınması üçün səylər davam edir.
Qeyd edək ki, İran milli futbol komandası bu gün Antalyadan Meksikanın Tixuana şəhərinə yola düşərək, 2026-cı il dünya çempionatında iştirak üçün Meksikada təlim-məşq toplanışı keçirməlidir.
İran milli komandası 2026-cı il dünya çempionatının G qrupunda Yeni Zelandiya, Belçika və Misirlə mübarizə aparacaq. Komanda qrup mərhələsində oyunlarını ABŞ-ın Los-Anceles və Sietl şəhərlərində keçirəcək.