İdman

Dünya çempionatına 5 gün qaldı: QANA - "Qara ulduzlar" - VİDEO

06 Jun 2026, 09:00 2 baxış
Dünya çempionatına 5 gün qaldı: QANA - "Qara ulduzlar" - VİDEO
Qana millisi ("The Black Stars" - Qara ulduzlar) Afrika futbolunun ən köklü, zəngin tarixə malik və dünya çempionatlarında hər zaman xüsusi rəğbət qazanan əsas güclərindən biridir. "Qara ulduzlar" ardıcıl ikinci dəfə qlobal turnirə vəsiqə qazanıb və 2010-cu ildə Cənubi Afrikada 1/4 finala qədər irəlilədikləri ən yaxşı nəticələrini təkrarlamağı hədəfləyirlər. Bu, Qananın futbolun ən böyük səhnəsində beşinci iştirakı olacaq. DÇ-2014 və DÇ-2022-də qrup mərhələsini adlaya bilməyən milli komanda, keçmiş şöhrətini qaytarmaq və pley-off mərhələsinə yüksəlmək əzmindədir. Oxu.Az Qana futbolunun keçmişinə, bu gününə və 2026-cı il gözləntilərinə nəzər salır.
Otto Addo 2026-cı il martın 31-dəki gedişinə qədər "Qara ulduzlar"a rəhbərlik etmiş və aprelin 13-də onu təcrübəli taktik Karlos Keyroş əvəzləmişdi. 73 yaşlı portuqaliyalı mütəxəssis qlobal turnirlərə yaxşı bələddir. O, DÇ-2010-da Portuqaliyaya, DÇ-2014, DÇ-2018 və Dç-2022-də isə İran yığmasına rəhbərlik edib. O, həmçinin Cənubi Afrikanı DÇ-2002-yə çıxarsa da, final mərhələsindən əvvəl postunu tərk etmişdi. Qananın ilk dünya çempionatı Serbiyalı Ratomir Düykoviçin rəhbərliyi altında Qana millisi DÇ-2006-da ilk dəfə turnirə vəsiqə qazanmış, lakin Afrika Millətlər Kubokunun ilk mərhələsində mübarizəni dayandırdıqdan sonra turnirə zəif formada getmişdi. Orta yaşı 23 il 352 gün olan turnirin ən gənc komandası açılış matçında gələcək çempion İtaliyaya 0:2 hesabı ilə uduzaraq əsl sınaqdan keçmişdi. Lakin afrikalılar Çexiyanı 2:0, daha sonra isə ABŞ-ni 2:1 məğlub edərək 1/8 finala yüksəlməklə sadəcə say doldurmaq üçün orada olmadıqlarını sübut etmişdilər. Heyətində Ronaldo Nazario, Ronaldinyo, Kaka və Kafu kimi ulduzların olduğu qüdrətli Braziliya ilə qarşılaşan qanalılar 0:3 məğlub olaraq turnirlə başıuca vidalaşmışdılar.
Qananın sonuncu dünya çempionatı "Qara ulduzlar" DÇ-2022 turnirinə Portuqaliyaya 2:3 hesabı ilə uduzaraq başlamışdılar. Bu matçda Kriştianu Ronaldu beş dünya çempionatında qol vuran ilk oyunçu olmuşdu. Qana eyni hesabla Cənubi Koreyanı məğlub edərək toparlanmışdı. Məhəmməd Salisu və Qudusun qolları afrikalıları önə keçirmiş və Koreya Ço Qüsunqun 168 saniyəlik fasilə ilə vurduğu iki qolla hesabı bərabərləşdirsə də, Qudusun ikinci qolu son qrup oyununda Uruqvayla səbirsizliklə gözlənilən görüşə zəmin yaratmışdı. Orada isə Corcian de Arraskaeta iki dəfə fərqlənərək Uruqvaya qələbə qazandırmış və Qananı H qrupunun sonuncusu etmişdi.
Qananın ən yaxşı dünya çempionatı Cənubi Afrikada (2010) D qrupunda yer alan Qana Asamoa Qyanın qolu sayəsində Serbiyanı 1:0 məğlub etmişdi, Avstraliya ilə 1:1 bərabərə qalaraq 1/8 finala yüksəlmişdi. Almaniyaya minimal hesabla uduzmaları "Qara ulduzlar"ı Avstraliya ilə eyni xalda saxlasa da, top fərqinə görə mərhələ adlamışdılar. Pley-off mərhələsində Əlcəzair, Kamerun, Kot-d'İvuar, Nigeriya və ev sahibi Cənubi Afrikanın qrup mərhələsini keçə bilməməsindən sonra bütöv bir qitənin ümidlərini çiyinlərində daşımışdılar. 1/8 finalda ABŞ-ni məğlub etmək üçün əlavə vaxta ehtiyac duymuşdular və bu qələbə Kevin-Prins Boatenq və Qyanın vurduğu iki möhtəşəm qol sayəsində əldə edilmişdi.
Qana dünya çempionatının yarımfinalına yüksələn ilk Afrika komandası olmağın astanasında idi, lakin mübahisəli şəraitdə Uruqvay tərəfindən dayandırılmışdı. Hesab 1:1 ikən əlavə vaxtın sonunda Luis Suares Qananın dəqiq qolunun qarşısını almaq üçün qapı xəttində topa bilərəkdən əllə müdaxilə etmişdi. Daha sonra Qyan təyin olunan və xeyli yubanmış penaltini qapı tirinə vurmuşdu. Uruqvayın penaltilər seriyasında qalib gəlməsi onların məyusluğunu daha da artırmışdı. Qana DÇ-2026-ya vəsiqəni necə qazanıb? Qana Afrika seçmə mərhələsində üstün oyun nümayiş etdirərək, on matçdan səkkizini qazanmış və yalnız birində məğlub olaraq I qrupunun lideri olmuşdu. Madaqaskar onları sonadək təqib etsə də, Məhəmməd Qudusun Komor adalarına qarşı vurduğu qələbə qolu sayəsində seçmə mərhələnin son günündə qlobal turnirə biletlərini təmin etmişdilər. Bu uğurun əsas səbəblərindən biri ilkin mərhələdə yeddi qol vuran Cordan Ayünün məhsuldar oyunu olmuşdu.
Qana DÇ-2026-da L qrupunda İngiltərə, Xorvatiya və Panama millilərinə qarşı mübarizə aparacaq. L qrupu: 18 iyun, 03:00, Qana - Panama (Toronto stadionu); 24 iyun, 00:00, İngiltərə - Qana (Boston stadionu); 28 iyun, 01:00, Xorvatiya - Qana (Filadelfiya stadionu).
Qananın dünya çempionatlarındakı ən məhsuldar oyunçusu Qyan nəinki altı qolla Qananın dünya çempionatındakı ən yaxşı bombardiri rekordunu əlində saxlayır, o, həm də Kamerunun əfsanəsi Rocer Millanı bir qol qabaqlayaraq qlobal turnirlərin ən yaxşı afrikalı qolçusudur. 2006-cı ildə Çexiya üzərindəki 2:0 hesablı qələbədə 68-ci saniyədə hesabı açan Qyan Qananın dünya çempionatları tarixində ilk qolunu vurmuşdu. Daha sonra Cənubi Afrikada DÇ-2010-un qrup mərhələsində Serbiya və Avstraliyaya qol vuran hücumçu, əlavə vaxtda ABŞ-yə qarşı 1/8 final qələbəsini rəsmiləşdirmişdi. Dörd il sonra Braziliyada keçirilən üçüncü dünya çempionatında kapitan kimi iştirak edən Qyan Almaniya və Portuqaliyanın qapısına daha iki qol vurmuşdu.
Qananın dünya çempionatlarında ən çox oyun keçirən futbolçuları Dünya çempionatında Qananın ən yaxşı bombardiri olmaqla yanaşı, Qyan həm də "Qara ulduzlar"ın heyətində ən çox oyuna çıxan futbolçudur. Hücumçu üç turnir ərzində 11 matçda iştirak edib: 2006 və 2014-cü illərdə hərəsində üç, 2010-cu ildə isə beş dəfə meydana çıxıb. Siyahıda on oyunla növbəti yerdə 2024-cü ildən bəri milli komandaya çağırılmayan, lakin hələ də aktiv şəkildə futbol oynayan 35 yaşlı Andre Ayü gəlir.
Qananın unudulmaz dünya çempionatı anları Cənubi Afrikada Uruqvaya qarşı 1/4 final məğlubiyyəti dünya çempionatı tarixində indiyədək oynanılmış ən dramatik və mübahisəli oyunlardan biri kimi tarixə düşüb. Oyun 1:1 hesabı ilə 120-ci dəqiqəyə daxil olanda, Qana son dördlüyə yüksəlmək şansını hiss edirdi. Sağ cinahdan yerinə yetirilən cərimə zərbəsindən sonra Dominik Adiyia başı ilə topu qapıya yönəltmş və Suares instinktiv olaraq sıçrayaraq qapı xəttində hər iki əli ilə topu kənara itələmişdi. "Ayaks"ın 23 yaşlı hücumçusu bu hərəkətinə görə qırmızı vərəqə almış və Qyan təyin olunan penaltini qaçırdıqdan sonra Uruqvay penaltilər seriyasında 4:2 hesabı ilə mərhələ adlamışdı.
Qananın dünya çempionatındakı ən böyük qələbəsi Dünya çempionatındakı beş qələbəsindən Qana yalnız birini iki top fərqi ilə qazanıb. Bu, DÇ-2006 qrup mərhələsində həmin vaxt dünyanın ikinci komandası olan Çexiya üzərindəki 2:0 hesablı inamlı qələbə idi. Kölndə künc zərbəsindən sonra topun cərimə meydançasının xaricində Qyanın önünə düşməsi və onun Petr Çexi məyus edən möhtəşəm zərbəsi ilə onlar cəmi 68 saniyəyə önə keçmişdilər. İkinci hissənin ortalarında Metyü Amoanı cərimə meydançasında yerə yıxdığı üçün Tomas Uyfalusi meydandan qovulmuşdu. Hakim Qyanın dəqiq yerinə yetirdiyi penaltini yenidən vurdurmağa qərar verdiyi və onun ikinci cəhdinin dirəyə dəydiyi an çexlərə kiçik bir ümid vermişdi. Lakin Qana hücuma davam etmiş və fitə səkkiz dəqiqə qalmış Sulli Muntari gözəl qolla qələbəni təmin etmişdi.
Qana millisi Şimali Amerikaya böyük iddialarla gedir. Kudusun yoxluğunda Cordan Ayu və Antuan Semenyonun çiyinlərindəki yük ikiqat artacaq. "Qara ulduzlar" İngiltərə və Xorvatiyanın yer aldığı bu çətin qrupdan pley-offa vəsiqə qazanmağı bacaracaq?
Dünya çempionatına 5 gün qaldı: QANA - "Qara ulduzlar" - VİDEO Dünya çempionatına 5 gün qaldı: QANA - "Qara ulduzlar" - VİDEO Dünya çempionatına 5 gün qaldı: QANA - "Qara ulduzlar" - VİDEO Dünya çempionatına 5 gün qaldı: QANA - "Qara ulduzlar" - VİDEO Dünya çempionatına 5 gün qaldı: QANA - "Qara ulduzlar" - VİDEO Dünya çempionatına 5 gün qaldı: QANA - "Qara ulduzlar" - VİDEO Dünya çempionatına 5 gün qaldı: QANA - "Qara ulduzlar" - VİDEO Dünya çempionatına 5 gün qaldı: QANA - "Qara ulduzlar" - VİDEO Dünya çempionatına 5 gün qaldı: QANA - "Qara ulduzlar" - VİDEO Dünya çempionatına 5 gün qaldı: QANA - "Qara ulduzlar" - VİDEO Dünya çempionatına 5 gün qaldı: QANA - "Qara ulduzlar" - VİDEO Dünya çempionatına 5 gün qaldı: QANA - "Qara ulduzlar" - VİDEO Dünya çempionatına 5 gün qaldı: QANA - "Qara ulduzlar" - VİDEO Dünya çempionatına 5 gün qaldı: QANA - "Qara ulduzlar" - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər