Dünya
FIFA sosial şəbəkələrdə təhqirlərlə mübarizə üçün süni intellektdən istifadəni genişləndirəcək
FIFA komandalara və futbolçulara qarşı yönələn təhqirlərin sayını azaltmaq məqsədilə sosial şəbəkələrdə süni intellektdən istifadəsini genişləndirəcək. Oxu.Az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. Dünya çempionatı ərəfəsində təşkilat bütün milli federasiyalara "Respondology" adlı süni intellekt əsaslı moderasiya xidmətini sosial şəbəkələrdə pulsuz tətbiq etməyi təklif edib. Texnologiya 30 min açar söz üzrə şərhləri skan edir və irqçi, homofob, qadınlara qarşı nifrət xarakterli və digər aqressiv şərhləri iki saniyədən də az müddətdə gizlədir. Bununla yanaşı, təhqiredici şərhin müəllifi öz paylaşımını görməyə davam edir, lakin onun digər istifadəçilərdən gizlədildiyini və təhlükəsizlik xidmətinə ötürüldüyünü bilmir. Qayda pozan şəxslərə stadionlara daxil olmaq qadağan edilə bilər. Xidmət əksər platformalarda tətbiq olunsa da, "X" sosial şəbəkəsində işləmir. Texnologiyanın yaradıcıları bildirirlər ki, sistem dünyanın bütün dillərində təhqirləri tanıya bilir. Buraya hətta Morze əlifbası və Klinqon dili kimi süni dillər də daxildir. Bundan əlavə, sistem mədəni istinadları və dil nüanslarını da başa düşür.
Mənbə
oxu.az