Dünya
Dünyada hər il təxminən bir trilyon dollarlıq ərzaq tullantıya çevrilir - BMT-dən hesabat
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada hər il itirilən və ya tullantıya çevrilən ərzağın dəyəri təxminən bir trilyon dollara çatır. Oxu.Az mk.ru-ya istinadən xəbər verir ki, söhbət qlobal ərzaq istehsalının böyük hissəsinə bərabər həcmdən gedir. Hesabatda qeyd olunur ki, dünyada istehsal olunan ərzağın təxminən üçdəbiri ya itirilir, ya da tullantıya çevrilir. Bu həcmdə qida ilə bir il ərzində təxminən 1.26-1.3 milyard insanı təmin etmək mümkün olardı. FAO-nun məlumatına görə, ərzağın təxminən 14%-i istehsal və logistika mərhələsində itirilir ki, bu da təxminən 400 milyard dollara bərabərdir. Daha 17%-i isə istehlak mərhələsində qida tullantısına çevrilir. Ümumilikdə iqtisadi zərərin həcmi hər il 936 milyard dollar qiymətləndirilir. Hesabatda heyvandarlıq məhsulları istehsalının dinamikasına da yer verilib. Son onilliklərdə dünyada ət istehsalı demək olar ki, iki dəfə artıb. Xüsusilə quş əti istehsalı 1961-ci ildən bəri təxminən altı dəfə yüksəlib. Donuz əti və yumurta istehsalında da ciddi artım qeydə alınıb, süd istehsalı isə daha mülayim templə böyüyüb. Regional bölgüyə görə, istehsal həcminə görə lider Asiyadır. Onu Avropa izləyir. Adambaşına düşən istehsal göstəricisində isə Şimali Amerika birinci yerdədir. Saxaradan cənubdakı Afrika ölkələrində göstəricilər ümumilikdə sabit qalıb, yalnız bəzi dövlətlərdə süd və quş əti istehsalında artım müşahidə olunub.
Mənbə
oxu.az