Dünya
KİV: İran ABŞ Hərbi Hava Qüvvələrinin Qətərdəki mərkəzini sıradan çıxarıb
İranın raket zərbələri nəticəsində Qətərin paytaxtı Doha yaxınlığında yerləşən Əl-Udeyd aviabazası ərazisindəki ABŞ Hərbi Hava Qüvvələrinin əməliyyat mərkəzi tamamilə sıradan çıxıb. Oxu.Az xəbər verir ki, bu barədə "Air and Space Forces Magazine" məlumat yayıb. Nəşr adları açıqlanmayan yüksəkvəzifəli ABŞ rəsmisinə və digər məlumatlı mənbələrə istinadən yazır ki, komanda məntəqəsi "ciddi zərər çəkib". Belə ki, obyekt İranın çoxsaylı raketlərinin birbaşa zərbələrinə məruz qalıb. Məlumata görə, hadisə ABŞ və İsrailin İranla müharibəsinin ilk həftələrində baş verib. Nəşr iddia edir ki, komanda mərkəzi artıq istifadəyə yararsız vəziyyətə düşüb. Həmçinin qeyd olunur ki, zərbələr zamanı obyekt ABŞ Silahlı Qüvvələri tərəfindən istifadə edilmirdi və şəxsi heyət arasında itki olmayıb. Əl-Udeyd bazasındakı mərkəz ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərq və Cənub-Qərbi Asiya üzrə komandanlığına tabedir. Bu komanda məntəqəsi əvvəllər Əfqanıstan, İraq, Suriya və Yəmən əməliyyatlarında fəal istifadə olunub. Qeyd olunub ki, mərkəzin İrana yaxın yerləşməsi onun bərpa edilməsinin məqsədəuyğun olub-olmaması ilə bağlı suallar yaradıb. İndiyədək İranın bu ABŞ komanda məntəqəsini faktiki olaraq məhv etməsinə dair məlumat verilməmişdi.
Mənbə
oxu.az
Oxşar Xəbərlər