İdman
Ayxan Abbasov: "Malta ilə oyunda 90 dəqiqə yüksək tempdə mübarizə izlədik"
"Azərbaycan millisinin Avstriya toplanışı çərçivəsində Malta ilə yoldaşlıq görüşü yüksək tempdə keçib". Oxu.Az xəbər verir ki, bunu komandanın baş məşqçisi Ayxan Abbasov qarşılaşmadan sonra mətbuat konfransında deyib: Mütəxəssis 0:2 hesabı ilə uduzduqları matçda çoxlu qol epizodu yaratdıqlarını vurğulayıb. "Üzücü məğlubiyyət oldu. Amma 90 dəqiqə yüksək tempdə mübarizə izlədik. Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu. Buna baxmayaraq, çoxlu qol epizodları yaratdıq. Lakin imkanları dəyərləndirmək və bu tempi saxlamaq lazımdır. Yoldaşlıq görüşlərində risk edəcəyimizi demişdim. Çünki bu, Millətlər Liqası ərəfəsində son toplanışımızdır və futbolçuların hamısını izləmək istəyirik. Qol epizodlarına görə sevinsəm də, istifadə etmədiyimiz üçün üzülürük. İnanıram ki, San-Marino ilə matçda bu epizodları dəyərləndirə biləcəyik". Qeyd edək ki, millimiz növbəti yoldaşlıq oyununu iyunun 9-da Macarıstanda San-Marino yığmasına qarşı keçirəcək.
Mənbə
oxu.az