Digər
Azərbaycanda sosial şəbəkələr üçün yeni qeydiyyat qaydaları MÜƏYYƏNLƏŞİR
Azərbaycan ərazisindəki istifadəçilərə xidmətlər təklif edən provayder fiziki şəxs olduqda vergi uçotuna, hüquqi şəxs olduqda isə (xarici hüquqi şəxsin isə filial və ya nümayəndəliyi yaradılaraq) "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmalıdır. Oxu.Az xəbər verir ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanun təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, provayder dövlət qurumlarının onunla asan və operativ əlaqə saxlamasına imkan verən əlaqə mərkəzi yaratmalı, bu barədə ictimai məlumatlandırmanı həyata keçirməli və əlaqə mərkəzinə rəsmi dövlət dili ilə müraciət imkanını təmin etməlidir. Xarici hüquqi şəxs olan provayderin Azərbaycan Respublikasının ərazisində yaratdığı filial və ya nümayəndəlik Azərbaycan Respublikasının ərazisində provayderin adından sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Xarici hüquqi şəxs olan provayder Azərbaycan Respublikasının ərazisində yaratdığı filial və ya nümayəndəliyə onu dövlət orqanları (qurumları) ilə, fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil etmək, hüquqlarını və qanuni mənafelərini qorumaq səlahiyyəti, eyni zamanda fəaliyyəti üçün zəruri resurslar verir. Provayder müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunun 13-4-cü maddəsində qeyd edilən tələblərin təmin edilməsi ilə bağlı göndərdiyi sorğuları beş iş günü ərzində cavablandırmalı, sorğu edilən məlumatları tam və dürüst formada təqdim etməlidir. Bu Qanunun 13-5.1-ci maddəsində göstərilmiş tələbi bu Qanunun 13-4.1-ci maddəsində qeyd edilən siyahıya daxil edildikdən (siyahı qanuni qüvvəyə mindikdən) sonra altı ay ərzində yerinə yetirməyən provayderə münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir: - provayderə yazılı xəbərdarlıq edilir; - xəbərdarlıqdan sonra 30 gün ərzində bu Qanunun 13-5.1-ci maddəsində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə provayderə 100 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilir; - nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsindən sonra 30 gün ərzində bu Qanunun 13-5.1-ci maddəsində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə provayderə 300 000 manat məbləğində əlavə maliyyə sanksiyası tətbiq edilir; - nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsindən sonra 30 gün ərzində bu Qanunun 13-5.1-ci maddəsində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dövlət orqanları (qurumları), habelə Azərbaycan Respublikasında vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxslər tərəfindən müvafiq platformada reklam yerləşdirməsinin qadağan edilməsi ilə bağlı qərar qəbul edilir; - bu Qanunun 13-5.6.4-cü maddəsi ilə qadağanın tətbiq edildiyi tarixdən sonra 90 gün ərzində bu Qanunun 13-5.1-ci maddəsində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 20 faiz azaldılması üçün məhkəməyə müraciət təmin edilir; - göstərilən müraciət əsasında qəbul edilən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra 60 gün ərzində bu Qanunun 13-5.1-ci maddəsində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 50 faiz azaldılması təmin edilir; - göstərilən tədbirin tətbiqindən sonra 60 gün ərzində bu Qanunun 13-5.1-ci maddəsində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 90 faiz azaldılması təmin edilir. Maliyyə sanksiyaları dörddəbir məbləğində tətbiq olunur (maliyyə sanksiyaları ödənildiyi halda dörddəüç hissəsi geri qaytarılır) və göstərilən məhdudiyyətlər 24 saat ərzində aradan qaldırılır. Müraciətə məhkəmə beş gün müddətində baxır və qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır. Qeyd edilən güzəşt provayderlərə həmin sanksiyalar tətbiq olunduqdan sonra altı ay ərzində icra edildikdə şamil olunur. Qanun dərc edildiyi gündən on iki ay sonra qüvvəyə minəcək.
Mənbə
oxu.az