Dünya
Münaqişələr və iqlim dəyişikliyi dəniz daşımalarında qiymətləri rekord həddə çatdırdı
Münaqişələr və iqlim dəyişiklikləri Panama kanalı, Reyn çayı, Qırmızı və Qara dənizlər də daxil olmaqla, əsas marşrutlar üzrə dəniz və çay daşımalarının qiymətinin kəskin şəkildə bahalaşmasına səbəb olub. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti analitiklərə istinadla məlumat yayıb. "Argus" qiymət agentliyinin məlumatına əsasən, münaqişələrin təsiri, xüsusən də Hörmüz boğazının faktiki olaraq bağlanması, eləcə də Avropa və Latın Amerikasındakı uzunmüddətli quraqlıqlar əsas marşrutlarda tariflərin rekord səviyyədə artması ilə nəticələnib. Bu siyahıya Panama kanalı, Reyn, Qırmızı və Qara dənizlər daxildir. Son iki marşrutda Aralıq dənizinə hərəkət edən tankerlər üçün fraxt dərəcələri (yüklərin və ya sərnişinlərin bir nöqtədən digərinə nəqliyyat vasitəsi ilə daşınması üçün daşıyıcıya ödənilən vahid qiymət və ya tarif məbləğidir) bu həftə son iyirmi ilin ən yüksək göstəricisinə çatıb. Ötən həftə Fars körfəzindən Asiyaya neft daşımaları üçün fraxt qiymətləri bir barel üçün 15.22 dollara yüksəlib ki, bu da "Argus"un qiymətləndirməyə başladığı 2005-ci ildən bəri ən yüksək göstəricidir. Asiya ölkələrindən ABŞ-nin Şərq sahili limanlarına konteyner daşımaları üzrə orta spot tarifləri isə ötən illə müqayisədə 234% artaraq standart 40 futluq (uzunluğu - 12.19 m, eni - 2.44 m, hündürlüyü - 2.59 m) konteyner üçün 10.2 min dolları ötüb. El-Ninyo təbiət hadisəsinin (Sakit okeanın ekvatorial hissəsində suyun temperaturunun normadan artıq yüksəlməsi) fəsadları Panama kanalında suyun səviyyəsinin aşağı düşməsinə gətirib çıxarıb. Nəşr yazır ki, bu səbəbdən və Hörmüz boğazındakı böhranın yaratdığı tələbat sıçrayışı nəticəsində avqust ayında kanaldan keçid üçün gündəlik hərrac slotlarının orta dəyəri rekord həddə - 1.1-2.5 milyon dollara qədər artıb. "Bu, şübhəsiz ki, dəniz daşımaları bazarında müşahidələr tarixində pandemiyanı da geridə qoyan ən genişmiqyaslı fasilədir", - deyə "Argus"un nümayəndəsi Con Ollet bildirib. "Xeneta" analitik şirkətinin əməkdaşı Piter Sandın sözlərinə görə, Yaxın Şərqdəki müharibə ilə bağlı fasilələr dərin kök salmış və yaxın gələcəkdə aradan qalxmayacaq struktur probleminə çevrilir. Mütəxəssis əlavə edib ki, yaranan xərclər bütün tədarük zəncirinə öz təsirini göstərəcək.
Mənbə
oxu.az