İdman
Minifutbol millimizin üzvü: "Serbiya ilə oyun ən çətin sınağımız oldu"
"Qrup mərhələsindən sonra güclü rəqiblərlə qarşılaşdıq". Oxu.Az xəbər verir ki, bu sözləri Slovakiyada təşkil olunan minifutbol üzrə Avropa çempionatının qalibi - Azərbaycan millisinin üzvü Vüsal İsayev Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib. V.İsayev sözlərinə belə davam edib: "Qrupdan çıxdıqdan sonra turnir cədvəlində dünya və Avropa çempionlarının yer aldığı çox güclü tərəfə düşmüşdük. Buna baxmayaraq, qarşımıza finala yüksəlmək məqsədi qoyulmuşdu. Biz yarışa son dünya çempionu kimi qatılırdıq və məsuliyyətimiz böyük idi. Federasiya tərəfindən hazırlıq üçün bütün şərait yaradılmışdı. Həm Bakıda, həm də Monteneqroda təlim-məşq toplanışları keçmişdik. Turnirə çox yaxşı hazırlaşmışdıq. Minimum hədəfimiz finala yüksəlmək idi. Şükürlər olsun ki, sonda çempionluq da qazanmaq nəsib oldu". Milli üzvü çempionat ərzində ən çətin oyunun Serbiya yığmasına qarşı keçirildiyini deyib: "Serbiya ilə qarşılaşma bizim üçün ən çətin oyun oldu. Rəqib fiziki cəhətdən çox güclü idi. Həmin komandanın oyunçuları uzun illərdir birlikdə çıxış edirlər və bizi də yaxşı təhlil etmişdilər. Bu səbəbdən öz oyun üslubumuzu tam şəkildə nümayiş etdirə bilmədik və meydanda çox əziyyət çəkdik. Lakin penaltilər seriyasında qələbə qazanaraq növbəti mərhələyə yüksəldik".
Mənbə
oxu.az