Dünya

Paşinyan üçün gerisayım başladı

05 Jun 2026, 17:00 4 baxış
Paşinyan üçün gerisayım başladı
Kubra Məhərrəmova yazır... Bir neçə günə Ermənistanda növbəti seçki keçiriləcək və bu, sadəcə hakimiyyətdə kimin olacağının müəyyən etməyəcək, həm də bu seçki Ermənistanın gələcək müqəddəratının həll edəcək. Hazırda Paşinyan komandası ilə kəllə-kəlləyə gələn Rusiyayönümlü və ya Rusiyadan birbaşa maddi-siyasi dəstək alan siyasətçilərdir. Ümumi olaraq onlara revanşist deyək. Revanşistlər əsasən "Qarabağ klanı", Daşnaksütyun partiyasının ideyasını daşıyanlar, habelə bəzi radikal dini qüvvələrdir. Bu siyasi mövqeyi özündə birləşdirən və seçkilərə məhz bu tezislərlə gedənlər öz elektoratına vəd verirlər ki, onlar hakimiyyətə gəldiyi halda yenidən Azərbaycana qarşı müharibəyə başlayacaq və itirilən əraziləri geri qaytaracaqlar. Ərazilərin itirilməsində isə birbaşa Paşinyanı günahkar görürlər. Hərçənd ki, bütün Ermənistan və erməni xalqı 30 il Azərbaycanın ərazisini işğal altında saxladı və Paşinyan da "Qarabağ Ermənistandır, nöqtə" ifadəsini dəfələrlə deyən, Cıdır düzündə yallı gedən adamdır. Bu məqamları unutmadan keçirik revanşistlərə dəstək olanlara. Bəs revanşistlərin elektoratı kimlərdir? Bunlar əsasən keçmiş elita və onların çevrəsi olaraq ilk növbədə maddi marağı yüksək olanlar, Robert Koçaryan, Serjik Sarqsyan dönəmində siyasi və iqtisadi imtiyazlar əldə etmiş, hazırda isə bu statusu itirənlərdir. Təbii ki, yenidən əvvəlki pullara əl atmaq üçün bu ideyanı dəstəkləyirlər. İkincisi və daha qorxulu toplum: ideoloji və radikal millətçilər. "Böyük Ermənistan xülyasını" dəstəkləyən, sülh prosesinə qarşı çıxan ideoloji təbəqə. Üçüncüsü isə İkinci Qarabağ müharibəsində yaxınlarını itirmiş, qisas almaq məqsədilə yaşayanlar. Bura Qarabağdan öz xoşu ilə gedən erməniləri də əlavə edə bilərik. Bu qədər narazı kütləni isə əldə saxlamaq çox asandır. Ermənistan KİV-ində seçkiqabağı debatlarda, şou və podkastlarda ən çox istifadə olunan söz Azərbaycandır! Bu kütləyə gündə 59 dəfə deyilir ki, "sizin bütün bədbəxtliyiniz günahı Azərbaycandır!" Təkcə bu videoda 104 dəfə Azərbaycan deyilir.
Revanşist siyasətçilər və onlara yaxın media resursları auditoriyaya davamlı şəkildə eyni mesajı ötürürlər. "Azərbaycan, Azərbaycan! Düşmən ölkədir, müharibəyə davam!" Lakin bunu təkcə öz adamlarının dili ilə Rusiya demir. Bu fikirlə Avropa liderləri də razıdır. Onlar da iddia edirlər ki, Qarabağ Azərbaycan ərazisi deyil və Ermənistanın nəzarətinə qayıtmalıdır. Bu ideyanı açıq və ya gizli dəstəkləyən qüvvələrdən biri elə İsveçrədir. Elə bu yaxınlarda Qarabağ separatçılarının isveçrəli deputatlarla görüşü baş tutub. Səfər çərçivəsində separatçıların keçmiş "spikeri" Aşot Danielyan Berndə İsveçrə parlamentində keçirilən xüsusi tədbirə qatılıb. Görüşdə erməni diasporunun, lobbi qruplarının və "Christian Solidarity International" (CSI) təşkilatının nümayəndələri də iştirak ediblər. Görüş zamanı separatçı qalıqları və onları dəstəkləyən isveçrəli deputatlar Qarabağ ermənilərinin "beynəlxalq təminat altında kollektiv şəkildə geri qayıtması" ideyasını ortaya atıblar. Eyni zamanda, Azərbaycanda həbsdə saxlanılan separatçı cinayətkarların azad edilməsi və Qarabağdakı mədəni irsin qorunması kimi standart anti-Azərbaycan tezislər müzakirə edilib. Görəsən 4 800 kilometr uzaqlıqda olan İsveçrənin Azərbaycanla ədavəti nədir? Hansı toyuğuna kış deyilib görən? Revanşistlərə dəstək olan Avropa Parlamenti də bu marafondan geri qalmır. Avropa Parlamenti qətnamələrində tələb edir ki, Qarabağı tərk etmiş erməniəsilli sakinlər beynəlxalq təminat altında Qarabağa qayıtmalıdır. Əvvəla onları Qarabağdan heç kim qovmayıb, özləri rədd olub gediblər. Yaxşı ki, bunu sübut edən minlərlə sübutlar var. İkincisi də, 30 il bizim insanımız çöllərdə, vaqonlarda, səhralarda yaşamaq uğrunda mübarizə aparanda niyə bu avropalıların vicdanı tərpənmirdi? Mən hələ qətlə yetirilən minlərlə günahsız insanlar barədə danışmıram. Baş verənləri ümumiləşdirib baxsaq, bir həqiqəti görərik. Azərbaycan dövləti ərazisini və suverenliyini bərpa etdiyi və haqlı olduğu halda yenə də həm Rusiyadan, həm də demokratik dəyərlərlə öyünən Avropa İttifaqı tərəfindən təzyiqə məruz qalır. Beləliklə, bu nəticə çıxara bilərik ki, Qarabağ kartını hər iki tərəf aktiv şəkildə oynayır. Deməli ki, Azərbaycan Ermənistan Konstitusiyasında dəyişiklik tələbində çox da haqlı imiş. Bir daha əmin olduq ki, hamı Azərbaycanın büdrəməsini gözləyir ki, yenə də Ermənistana dəstək verib Qarabağa və ya digər ərazilərimizə hücum etsinlər. İndi Paşinyan 2020-ci ildə dediklərini demir, erməniləri sülh yolu ilə getməyə çağırır. Mənə görə dəmir yumruq möcüzələr yaradır. Təəssüflər olsun ki, dilindən, dinindən, irqindən, mədəniyyətindən asılı olmayaraq hər kəs güc dilini başa düşür. Ona görə də Ermənistanda seçkilərin nə ilə sonlanmasından asılı olmayaq Azərbaycanın bir əli elə tətikdə olmalıdır. Ermənistanın Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır. Yoxsa, hər dəfə əllərinə fürsət düşdükcə bununla bizi təhdid edəcəklər.
Mənbə oxu.az

Oxşar Xəbərlər