Dünya
Ermənistanda kütləvi həbslər: Sabiq nazirlər və İrəvanın keçmiş meri saxlanıldılar
Ermənistanın keçmiş nəqliyyat və rabitə naziri, İrəvanın meri olmuş Qaqik Beqlaryan saxlanılıb. Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Antikorrupsiya Komitəsi məlumat yayıb. Saxlanmanın səbəbi hələlik rəsmən açıqlanmasa da, daha əvvəl keçmiş nazirə qarşı 27 daşınmaz əmlakın mənimsənilməsi və dövlətə 5.7 milyon dollar ziyan vurulması ittihamı ilə cinayət işi qaldırıldığı elan olunmuşdu. Ona həmçinin çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı çoxsaylı epizodlar üzrə ittihamlar irəli sürülmüşdü. Bundan əlavə, Ermənistanın keçmiş təhsil naziri Armen Aşotyan, Bryusov adına İrəvan Universitetinin sabiq rektoru Qayane Qasparyan da saxlanılıb. Eləcə də keçmiş maliyyə naziri Qaqik Xaçatryanın, sabiq müdafiə naziri Vigen Sarkisyanın (adıçəkilən universitetin Direktorlar Şurasının sədri), universitetin üç prorektorunun həbsi barədə qərar qəbul edilib. Ermənistan Baş Prokurorluğu keçmiş təhsil nazirinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Maliyyə Nazirliyinin keçmiş rəhbəri və oğlu, Direktorlar Şurasının rəhbəri, rektor və universitetin üç prorektoru, eləcə də onlarla əlaqəli bir şəxslə korrupsiya sxemi qurduqları barədə rəsmi məlumat yayıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər