Dünya
Almaniya xarici işlər naziri Putinə müraciət edib
Almaniya xarici işlər naziri Yohann Vadeful Rusiya Prezidenti Vladimir Putini Avropanın iştirakı ilə Ukraynada sülh danışıqlarına başlamağa çağırıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə Almaniyanın "N-tv" telekanalı məlumat verib. "İndi danışıqlar masasına oturmağın tam vaxtıdır. Düşünürəm, hamı görür, münaqişə elə bir mərhələdədir ki, buna təcili olaraq son qoyulmalıdır", - deyə Vadeful bildirib. Nazir Almaniya və Avropa İttifaqının (Aİ) danışıqlar prosesinə daxil edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Avropa qitəsi, Ukrayna üçün potensial təhlükəsizlik zəmanətləri və onun Avropaya inteqrasiyası təhlükə altındadır. Almaniya xarici işlər naziri hesab edir ki, bu məsələlər Aİ-nin iştirakı olmadan müzakirə edilə bilməz. "Buna görə də avropalılar bu danışıqlara cəlb edilməlidirlər. Biz istənilən vaxt bunun hansı formatda və nə vaxt baş verəcəyinə qərar verə bilərik", - deyə nazir qeyd edib.
Mənbə
oxu.az