Azərbaycanda sürücüsüz avtomobillər olacaq
Azərbaycanda avtonom (sürücüsüz) nəqliyyat vasitələrinin istifadəsi yol qəzalarının azalmasına imkan verəcək.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, yol qəzaların 90 faizi insan faktoru ilə bağlıdır. Onun sözlərinə görə, avtonom nəqliyyat vasitələri, xüsusilə süni intellekt əsaslı tətbiqlər yol qəzalarının əhəmiyyətli dərəcədə azalmasına imkan verə bilər.
Nazir müavini bildirib ki, avtonom nəqliyyat vasitələrinin müsbət iqtisadi töhfələri də var: “İş rejimindən asılı olmadan istənilən vaxt bu avtomobillərdən istifadə etmək mümkündür. Həmçinin avtonom nəqliyyat vasitələri sürücü çatışmazlığının aradan qaldırılmasına imkan verir. Çində, ABŞ-da bu nəqliyyat vasitələrindən geniş istifadə edilir”.