Digər
Muarem Muarem: "Tvente"ni keçməyimiz o vaxt da çətin görünürdü"
"Qarabağ"ın sabiq futbolçusu Muarem Muaremin adı gələndə onun bu komandanın önəmli fiqurlarından biri olması, ən əsas da Niderlandın "Tvente" klubuna vurduğu tarixi qol yada düşür. Hansı ki, bu qoldan sonra "Qarabağ" ilk dəfə avrokuboklarda qrup mərhələsinə düşdü və hələlik indiyə qədər bu uğurlu yola davam edir. Oxu.Az xəbər verir ki, "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente"yə rəqib olduğu bir vaxtda hazırda Şimali Makedoniyanın "Skopye" klubunu çalışdıran Muarem Muarem Qol.az saytına müsahibə verib. - Muarem, "Skopye"də işləriniz necə gedir? - Bir neçə komanda ilə danışıq aparırdım. Sonda "Skopye" ilə razılaşdıq. Komandaya bir qədər gec gəlmişəm. Yəni komandanı formalaşdırmaq üçün vaxtım az olub. İyul ayının 25-dən "Skopye"dəyəm. Hazırda durum normaldır. Şərait o qədər yaxşı olmasa da, irəli getmək üçün çalışmalıyıq. Buna görə təklifi qəbul etmişəm. Hələlik zamana ehtiyacımız var. - Keçmiş komandanız "Qarabağ"ın bu mövsüm avrokuboklardakı çıxışı ilə bağlı nə deyə bilərsiniz? - "Qarabağ"dan ayrıldıqdan sonra o komandanı hər zaman izləyirəm. Heç bir avrokubok matçlarını buraxmamışam, hamısına baxıram. Yerli çempionatı da bəzən izləyirəm. Əsas önəmli olan odur ki, "Qarabağ"dakı sistem eyni olaraq qalır. Bəli, oyunçular dəyişəndən sonra komanda bir az problem yaşayır. Bu mövsüm də xeyli dəyişikliklər oldu. Yeni futbolçuların adaptasiya məsələsi var. Elə futbolçular var ki, onların yeni komandaya uyğunlaşması uzun çəkir. Bəziləri isə kollektivə, Bakıya, oradakı insanlara tez alışırlar. Yeni futbolçuların çox olmasına görə bu mövsüm komandada müəyyən problemlər görünür. Bu səbəbdən Avropa Liqasında uğursuzluq yaşadılar. Amma son olaraq Kiyev "Dinamo"su ilə oyunda komanda yaxşı çıxış etdi. Yeni transferlər özlərini tam göstərə bilmirlər. Dediyim kimi, onlara bir az vaxt lazımdır. Düzdür, bəzən yaxşı oyun göstərəndə də uduza bilirsən. Əsas olan baş məşqçi Qurban Qurbanovun istədiyi oyuna uyğunlaşmaqdır. Hər komandada belə hallar olur. Mən artıq bir neçə ildir, məşqçiyəm. İndi başa düşürəm ki, məşqçilərin işi çox çətin imiş. Yəni yeni oyunçuları öz sisteminə uyğunlaşdırmaq asan deyil. Bəzən futbolçu bir neçə mövqedə çıxış edir. Onun üçün ideal mövqeni müəyyənləşdirmək lazımdır. Məsələn, Aleksey Kaşuk, adətən, cinahda oynayır, amma mərkəz hücumçusu zədələndiyi üçün Qurban hoca Kaşuku öndə oynatdı. Futbolçu olanda ancaq özünü düşünürsən. Amma baş məşqçi 22 futbolçunun hamısını eyni düşüncəyə gətirməlidir. "Qarabağ"da da yeni oyunçular çox olduğu üçün komandada durum pis deməzdim, baş məşqçinin istədiyi kimi getmir. Amma səviyyəli futbolçuları olduğu üçün "Qarabağ" bəzən yaxşı oynamadan da qalib gələ bilir. Bunu "Dinamo" ilə oyunda göstərdilər. - Baş məşqçidən söz düşmüşkən, Avropa Liqasında mübarizəni başa vuran zaman Qurban Qurbanov da tənqid edildi. - Hocanın qurduğu bəlli bir sistem var. Mən "Qarabağ"a gedəndə də bu var idi, indi də davam etdirilir. Bu sistem işləyir. İllərdir komanda bu sistemlə irəli gedir. Müxtəlif klublardan futbolçular alınır və məhz "Qarabağ"ın, hocanın sistemi ilə uğur əldə edilir. Mən düşünürəm ki, "Qarabağ"da hazırda yanlış bir şey edilmir. Təbii ki, hocanın istəyi ilə gətirilən futbolçular ilk görüşlərdə səhvlər edəndə tənqidlər olur. Amma hocanın bununla bağlı səhv etmədiyini əminliklə deyə bilərəm. Zaman da bunu göstərəcək. Çox tez bir zamanda çətinlik arxada qalacaq və komanda istənilən səviyyəyə gələcək. Mən də istərdim ki, "Qarabağ"ın oyun sistemini qurum. Çünki orada öyrəndiyim çox şey var. - O sistemi tətbiq edə bilirsiniz? - Təbii ki, fikrimdə var. Amma bu, şəraitdən asılıdır. Bizim o qədər səviyyəli oyunçularımız, böyük büdcəmiz yoxdur. Amma mən də mümkün qədər komandanın o sistemə uyğun bir oyun oynamasına çalışıram. Daha yüksəksəviyyəli bir kluba gedəndə bu sistemin mütləq uğur gətirəcəyini düşünürəm. - "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində sizə çox yaxşı tanış olan "Tvente"yə rəqib oldu. 12 il əvvəlki matçı necə xatırlayırsınız? - Bəli, elə oyunlar var ki, unudulmur. Mən də hər zaman o görüşdəki fraqmentlərlə qarşılaşıram. Bəzən o günlər, komanda yoldaşlarım üçün darıxıram. Bəli, çox sevincli gün idi. Mənim qolumla "Tvente"ni keçdiyimiz və ilk dəfə qrup mərhələsinə düşməyimiz isə heç vaxt unudulmayacaq. Bəlkə də "Tvente" o vaxt indiki səviyyədə deyildi, amma Avropa klubu idi. Çox çətin bir oyun kimi yanaşırdıq. O düşüncə ilə də hazırlaşmışdıq. Nə yaxşı ki, mərhələni keçdik, nə yaxşı ki, mənim qolumla bunu etdik və qrupa düşdük. Çox ürəkdən istəyirəm ki, "Tvente" ilə budəfəki görüşlərdə eyni uğur təkrarlansın. - Bu dəfə "Qarabağ"ın "Tvente"ni keçmək şansını necə görürsünüz? Nəzərə alaq ki, Niderland klubu 3-cü təsnifat mərhələsində Slovakiyanın "DAK-1904" komandasına iki oyunda 9 qol vurub. - "Qarabağ"da bayaq sadaladığım amillərin olduğuna görə çətin oyun olacağını deyə bilərik. Amma o dövrdə də oyun bizə çətin görünürdü. Həm də "Qarabağ" artıq belə oyunlar üçün çox təcrübəlidir. Bundan qat-qat güclü rəqiblərlə oynayıb. Hocanın futbolçuları bu oyuna necə hazırlayacağını çox yaxşı bilirəm. Futbolçular da bu oyuna son şansları kimi yanaşırlar. Buna görə də nikbin olmaq lazımdır. Düzdür, "Tvente" indi daha güclüdür, amma "Qarabağ"ın da yaxşı futbolçuları var. Çətin olsa da, "Qarabağ"ın şansı az deyil. "Tvente" ilə müqayisə etsək, hazırda daha keyfiyyətli bir komandadır. Amma məncə, "Qarabağ"da da bu rəqibi keçmək üçün kifayət qədər səviyyəli futbolçular var. Bir problem olmayacağını, "Qarabağ"ın Konfrans Liqasının əsas mərhələsinə yüksələcəyini düşünürəm. - Komandaların hazırkı durumuna görə sanki azarkeşlərin "Qarabağ"a inamı bir qədər azalıb. Bu barədə nə düşünürsünüz? - Biz rəqib nə qədər güclü olur-olsun, çox yaxşı motivasiya ilə oyuna çıxırdıq. Azarkeşlər də bizim yanımızda olurdular. Biz həm də bu inamın sayəsində uğurlu çıxış edirdik. Azarkeşlərə sözüm odur ki, hər zaman olduğu kimi yenə də komandanın yanında olsunlar. Bilirəm ki, azarkeşlər hər zaman daha çoxunu istəyirlər. 1:0 qalib gələndə bəzən hesabın 4:0 olmasını istəyirlər. Bu da normaldır, istəkdən irəli gəlir. - "Qarabağ"ın mərhələni keçəcəyinə inandığınızı dediniz. Komanda nəyin sayəsində bunu bacara bilər? - "Qarabağ"dan fərqli olaraq, "Tvente"nin oyunlarını izləmirəm. "Qarabağ" topla çox yaxşı davranır ki, bu da ən əsas məsələlərdən biridir. Topu özündə saxlayırsansa, demək ki, üstünlüyün var. Fərdi yox, komanda oyununa üstünlük verməsi də "Qarabağ"ın güclü tərəflərindəndir. - "Sabah" ilk dəfə qatıldığı Çempionlar Liqasında inamla irəliləyir və qrup mərhələsinə düşmək üçün İsrailin "Hapoel" (Beer-Şeva) klubunu keçməlidir. Bundan xəbərdarsınız? - Bəli, "Sabah"ın da nəticələrini izləyirəm. Həm yerli çempionatda, həm də Çempionlar Liqasında çox yaxşı performans göstərdilər. Bəlkə də, "Sabah"ın bu qədər irəli gedəcəyinə çox az insan inanırdı. "Sabah" da çox gözəl transferlər edib və artıq bir müddətdir ki, eyni kollektivlə mübarizə aparırlar. Çempionlar Liqasında çox keyfiyyətli komandalara qarşı oynadılar. Amma onların qələbə qazandıqları oyunlarda çətinə düşmədiklərini gördük. Artıq Avropa Liqasının Liqa mərhələsini təmin ediblər. Amma Çempionlar Liqasında da bu uğuru əldə edə bilərlər. "Sabah"a da uğurlar arzu edirəm. - "Qarabağ" və Azərbaycanı necə xatırlayırsınız? Məşqçi kimi də burada çalışmaq istəyərdiniz? - Təbii ki, istərdim. Hələ ki, burada bir uğur qazanmaq lazımdır. Sonra qapılar açılarsa, məmnuniyyətlə Azərbaycana gələrdim və orada çalışardım. Yerli çempionata da bələdəm. Orada çox gözəl xatirələrim var. Yetərincə uğurlarımız oldu. Yalnız mənim "Qarabağ"a keçdiyim ilk ildə çempion olmadıq. Daha sonra hər il çempionluq sevinci yaşadıq. Ölkə kuboku və avrokuboklarda da uğurlar əldə etdik. Mənim üçün ən önəmli olanı isə insanları çox istiqanlı olmasıdır. Neçə illər orada ailəmlə birlikdə yaşadım. Bəzən ailəm tək qalırdı. Heç bir problem yaşamadıq. Yəni klubdan sonrakı həyat da çox unudulmaz idi. Bu da insanlara görədir. Bütün Azərbaycana, xüsusilə "Qarabağ" azarkeşlərinə böyük sevgim var. Hər birinə salamlarımı çatdırıram.
Mənbə
oxu.az