Cəmiyyət

Uşaqlar üçün virtual təhlükə - Valideynlər nələr etməlidir?

01 Jun 2026, 21:31 1 baxış
Uşaqlar üçün virtual təhlükə - Valideynlər nələr etməlidir?

Rəqəmsal dünyanın uşaqlara müasir dövrdə həm müsbət, həm də mənfi təsirləri ola bilər. Uşaqlar günlərinin böyük hissəsini telefon, planşetlərdə, sosial şəbəkələrdə və video oyunlarda keçirirlər. Bu, zamanla uşaqlarda bir sıra psixoloji problemlər yarada bilir.


Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Ruhiyyə Rüstəmova rəqəmsal dünyanın uşaqlara təsiri barədə danışarkən deyib.


Onun sözlərinə görə, uşaq ekran qarşısında normadan artıq oturduğu zaman ünsiyyət problemləri yaranır:


“Uşaqlarda oyun oynadığı zaman aqressiya arta bilər. Sosial şəbəkələrdə təhlükəli oyunlar oynadığı və təhlükəli insanlarla ünsiyyətə keçdiyi zaman uşaqda özünəqəsd meyli yarana bilər. Ailədən uzaqlaşma, valideynlə ünsiyyətin kəsilməsi təhsildə motivasiyanı zəiflədir.


Uşaqlar saytlar və sosial şəbəkələr üzərində digər insanlarla özlərini müqayisə edərək də yanlış addımlar ata bilərlər. Öz həyat tərzlərindən narazılıq hissləri yarana, özgüvənləri azala, özünüqiymətləndirmə və ailəyə qarşı olan sevgiləri zəifləyə bilər”.


Psixoloq belə halların qarşısının alınması üçün valideynlərin nə etməli olduğu barədə xəbərdarlıq edib:


“Uşaqların telefon və planşetdən istifadəsi məhdudlaşdırılmalıdır. Eyni zamanda, uşağın sosial şəbəkələr üzərində hansı qruplarda olduqları izlənilməlidir. Uşaqları daha çox açıq hava oyunlarına, idmana, kitab oxumağa və yaxud birlikdə yaradıcı işlərlə məşğul olmağa meyilləndirməli, özləri də uşaqlarla birlikdə zaman keçirməlidirlər.


Əlbəttə ki, müasir dövrdə texnologiyanın elmin inkişafında böyük rolu var. Düzgün şəkildə və uşağa ziyan vurmadığı müddətdə bunlardan istifadə etmək lazımdır”.

Mənbə axar.az

Oxşar Xəbərlər