Cəmiyyət

İyunun ilk günlərində hava durumu necə olacaq?

01 Jun 2026, 18:13 2 baxış
İyunun ilk günlərində hava durumu necə olacaq?

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.


Rəsədxanadan Axar.az-a bildirilib ki, Günəş fəallığı zəif olub, çox az sayda alışma qeydə alınıb. Yerə təsir edə biləcək Tac Kütlə Atılmaları (TKA) və II tip radioemissiyalar müşahidə edilib. Günəş səthində 9 ləkə qrupunda 110 ləkə və tac dəlikləri müşahidə olunur. Mürəkkəb maqnit qütbləşməsinə malik ləkə qeydə alınmayıb. 2 MeV-dən böyük enerjili elektron seli orta və yüksək səviyyədə, 10 MeV-dən böyük enerjili proton seli isə S1 (23 pfu) səviyyəsinədək yüksəlib.


Günəş küləyinin maksimal sürəti 566 km/san olub. Geomaqnit sahəsi əsasən sakit və aktiv səviyyələr arasında dəyişib. İyunun 1–7 tarixləri üçün proqnoza əsasən, C sinif alışmanın başvermə ehtimalı 90 faiz, M (R1–R2) sinif alışmanın 25 faiz, X (R3) sinif alışmanın isə 5 faizdir.


Elektron selinin orta və yüksək səviyyədə, proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.


Mayın son günlərində baş vermiş TKA-nın təsiri ilə Günəş küləyinin yenidən normadan yüksək olacağı proqnozlaşdırılır.


Avroraların müşahidə ehtimalı yüksək geomaqnit enliklərdə 15–40 faiz, orta enliklərdə isə 1–30 faizdir.


Mənfi qütblü tac dəliyi axınları və TKA-ların təsiri ilə 2–3 iyun tarixlərində G1 (zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir.

Mənbə axar.az

Oxşar Xəbərlər