Cəmiyyət

Nazir: "Süni intellekt və məlumat mərkəzlərinin inkişafı elektrik enerjisinə tələbatı sürətlə artırır"

01 Jun 2026, 17:21 1 baxış
Nazir: "Süni intellekt və məlumat mərkəzlərinin inkişafı elektrik enerjisinə tələbatı sürətlə artırır"
"Süni intellekt və məlumat mərkəzlərinin yüksək inkişafı səbəbindən elektrik enerjisinə tələbat sürətlə artır. Mövcud elektrik şəbəkələri isə bu artıma tam hazır deyil". Oxu.Az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən "Nazirlər arasında Dialoq: Mərkəzi Asiyada bərpa olunan enerji mənbələrinə əsaslanan enerji keçidi" adlı panel müzakirədə deyib: "Başqa sözlə, əsas məsələ yalnız nə qədər elektrik istehsal gücünün, o cümlədən bərpa olunan enerji güclərinin yaradılması deyil, həm də şəbəkələrin bu enerjini qəbul etməyə və inteqrasiyasını həyata keçirməyə nə dərəcədə hazır olmalarıdır. Bu baxımdan, enerji keçidinə yatırımların təşviqi və maliyyə resurslarına çıxışın təmin edilməsi qlobal səviyyədə vacib olduğu kimi, Mərkəzi Asiya regionu üçün də xüsusi əhəmiyyət daşıyır. Bu çərçivədə artıq real və strateji layihələr həyata keçirilir. Onların arasında ən mühümü Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi layihəsidir. Ölkələrimizin ortaq siyasi iradəsi və uzunmüddətli baxışı nəticəsində bu layihə üzrə strateji tərəfdaşlıq sazişi iki il əvvəl Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri tərəfindən imzalanıb. Xüsusilə vurğulamaq lazımdır ki, bərpa olunan enerji sahəsində əməkdaşlığın inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiyanı, Cənubi Qafqazı və Xəzər regionunu vahid geosiyasi məkana çevirmək vizyonunda mühüm yer tutur". O bildirib ki, bütün ölkələrin enerji sistemlərini bir-birinə bağlayacaq strateji əhəmiyyətli Transxəzər enerji dəhlizinin yaradılması bu siyasətin əsas prioritetləri ilə tam uzlaşır: "Eyni zamanda, bu layihə Avropa ilə Asiya və Çini Xəzər dənizi vasitəsilə birləşdirən Orta Dəhlizin yaşıl enerji körpüsü kimi inkişafı üçün geniş imkanlar formalaşdırır. Bu kontekstdə Azərbaycanın genişmiqyaslı bərpa olunan enerji layihələri ilə 2035-ci ilədək bərpaolunan enerji mənbələrinin quraşdırılmış enerji güclərindəki payının təxminən 43 faizə çatdırılması hədəflənir. Eyni zamanda, bu siyasət regional tərəfdaşlığın genişləndirilməsinə və strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə yönəlib".
Mənbə oxu.az

Oxşar Xəbərlər