Digər
Avropada yaşayan azərbaycanlı mühəndislərin III Forumu keçiriləcək
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə 6 iyun 2026-cı il tarixində Almaniya Federativ Respublikasının Hamburq şəhərində Avropada yaşayan azərbaycanlı mühəndislərin III Forumu keçiriləcək. "Şəhərsalma və Memarlıq İli" çərçivəsində keçiriləcək Forumda "Ağıllı Şəhər Texnologiyaları və Prosesləri" ("Smart City Technology and Processes") mövzusunda müzakirələrin aparılması planlaşdırılır. Forumun rəsmi media tərəfdaşı Azərbaycanın ilk elmi-maarifləndirici radiosu "Planet FM"dir (88.7 FM). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2026-cı il ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan edilib. Bu il həmçinin, ölkəmizdə BMT-nin ən böyük tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) keçirildi. Avropada yaşayan azərbaycanlı mühəndislərin III Forumunun əsas mövzusunun "Ağıllı şəhərlər: onların planlaşdırılması, qurulması, inkişaf etdirilməsi və bu sahədə çalışacaq peşəkar mütəxəssislərin hazırlanması" olması da təsadüfən seçilməyib. Ağıllı şəhərlərin qurulması və davamlı şəkildə idarə olunması yalnız texnoloji infrastrukturun yaradılması ilə məhdudlaşmır, bu proses, eyni zamanda, həmin sistemləri layihələndirən, tətbiq edən, idarə edən və təkmilləşdirən ixtisaslı insan resurslarının hazırlanmasını tələb edir. Tədbirdə Avropada fəaliyyət göstərən azərbaycanlı mühəndis və mütəxəssislərlə yanaşı, Almaniyanın nüfuzlu universitet və tədqiqat mərkəzlərinin təmsilçiləri də iştirak edəcəklər.
Mənbə
oxu.az